525.Az

Tramvay Bakıya qayıdır


 

Tramvay Bakıya qayıdır<b style="color:red"></b>

Bakı şəhərinin Azadlıq prospektində analoqu olmayan möhtəşəm layihə gerçəkləşdiriləcək.

Modern.az saytının məlumatına görə, Binəqədi rayonu ərazisində prospekt boyunca əlillər üçün səki, avtobus, velosiped, tramvayın hərəkəti üçün ayrı-ayrı yollar yaradılacaq. Artıq layihənin gerçəkləşdirilməsinə başlanılıb.

Binəqədi rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Tamilla Hacıyeva bu layihə barədə Modern.az-a danışıb. Onun sözlərinə görə, prospekt boyunca avtobuslar üçün ayrılan xüsusi zolaq cəhrayı rəngli olacaq. Tamilla Hacıyeva onu da bildirib ki, bu layihə Azadlıq prospektinin Binəqədi rayonu ərazisini əhatə edəcək:

“Həyata keçiriləcək layihənin analoqu yoxdur. Həmin yolda xüsusi xətlər ayrılacaq. Məsələn, gözdən əlillər üçün yol ayrılacaq ki, onlar maşın yoluna çıxanda artıq bunu hiss edəcəklər”.

Layihənin mərhələli şəkildə həyata keçiriləcəyini deyən şöbə müdirinin sözlərinə görə, birinci mərhələdə Azadlıq prospektindəki binaların üzlənməsi nəzərdə tutulur:

“Layihə mərhələ-mərhələ həyata keçiriləcək. Çünki həmin istiqamətdə mövcud su, kanalizasiya xətləri yenilənməlidir. Bu mərhələ üçün mövcud strukturlara məktublar ünvanlanıb. Bəzi strukturlar işlərə başlayıb. Həmin ərazidə əhalini narahat etməmək üçün layihənin mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılıb”.

Layihənin bir neçə şirkət tərəfindən həyata keçiriləcəyini deyən Tamilla Hacıyeva şirkətlərin tender nəticəsində seçiləcəyini bildirib. Onun sözlərinə görə, memarların cəlb edilməsi üçün dövlət qəzetlərində elanlar verilib.

 





21.12.2012    çap et  çap et