525.Az

Gənclərin vətənin müdafiəsinə hazırlığı yüksək səviyyədə aparılır


 

Gənclərin vətənin müdafiəsinə hazırlığı yüksək səviyyədə aparılır<b style="color:red"></b>

Silahlı Qüvvələr və cəmiyyət arasında münasibətlərin tənzimlənməsində dövlət və ictimai qurumların fəaliyyəti mühüm yer tutur. İctimai qurumları təmsil edən QHT və müxtəlif  təşkilatlar, həmçinin mətbuat orqanları ordunun təbliğatı, müxtəlif informasiyaların çatdırılması kimi funksiyaları həyata keçirirlər.

Dövlətin bir neçə qurumu isə birbaşa olaraq bu münasibətlərin tənzimləyicisi rolunda çıxış edir. Gənclərin hərbi xidmətə çağırışını və hərbi hissələrə göndərilməsini təşkil edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu baxımdan uğurlu və məqsədyönlü fəaliyyəti ilə fərqlənir. Xidmət funksiyasına uyğun olaraq gənclərin hərbi xidmətə çağırışının təşkili ilə yanaşı Silahlı  Qüvvələrimiz üçün bir neçə ixtisas üzrə mütəxəssislərin hazırlığını da həyata keçirir. Artıq SHXÇDX-nin təşkil etdiyi kurslarda ordu üçün snayper, aşpaz, sürücü, desant və.s ixtisaslar üzrə hazırlıqlı çağırışçılar yetişdirilib və bu davam etməkdədir. Xidmətin həyata keçirdiyi işlərdən biri də ordu-cəmiyyət əlaqələrində körpü rolunu oynamaqdır. Bu mənada mütəmadi keçirilən tədbirlər, il ərzində davamlı olaraq gənclərin hərbi xidmətə yola salınma və hərbi xidmətdən tərxis olunan gənclərin qarşılanma mərasimlərinin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Ötən ilin oktyabrında Qaradağ rayonunda əsası qoyulan qarşılanma tədbirləri digər rayonları da əhatə etdi və cəmiyyətdə böyük maraqla qarşılandı. Gənclərimiz daha aydın formada gördülər ki, hərbi strukturlar onlarla yalnız xidmət dövründə deyil, həm də xidməti başa vurduqdan sonra da maraqlanır. Bu görüşlərdə millət vəkillərinin, icra hakimiyyəti başçılarının SHXÇDX-nin yüksək vəzifəli əməkdaşları, ictimaiyyət nümayəndələri də iştirak edirdilər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirilən "Vətənin Müdafiəsinə Hazıram" rəsm müsabiqəsi, eyni adla Xaçmaz, Salyan, Masallı, Şəki rayonlarında kütləvi tədbirlər gənclər arasında Silahlı Qüvvələrlə bağlı informasiyaların daha geniş yayılmasına, gənclərin hərbi xidmətə marağının daha da artmasına səbəb oldu. Ümumiyyətlə bu formatda tədbirlərin keçirilməsi cəmiyyətdə müəyyən informasiya çatışmazlığının qarşısının alınmasın, hərbi xidmətlə bağlı gəncləri maraqlandıran suallara cavab verilməsinə müsbət təsir göstərir. Həmçinin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində, vətən anlayışının onlar üçün daha geniş və əhatəli izahının verilməsində bu cür tədbirlərin böyük əhəmiyyəti vardır. Hərbi xidmətə hazırlaşan gənclər üçün hərbi xidmətin əhəmiyyətinin anladılması, hərbi xidmətin mənəvi borc olduğunun izah olunması üçün belə məzmunlu tədbirlərə daim ehtiyac duyulur.

Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş gənclərlə bağlı dövlət proqramlarında gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi ilə əlaqədar xüsusi bəndlər var ki, bu da müvafiq dövlət orqanları tərəfindən həyata keçirilir. Həyata keçirilən bu tədbirlər gənclərin hərbi xidmətə daha çox istəklə getmələrinə səbəb olur. Artıq hər dəfə hərbi xidmətə yola salma mərasimlərində gənclərimizin hərbi xidmətə getdikləri üçün necə sevindiklərini görürük. Unutmamaq lazımdır ki, Azərbaycan xarici işğala məruz qalmış bir ölkədir və bu işğal faktını aradan qaldırmaq üçün mövcud güclü ordu daim inkişaf etdirilməli, çağırışçıların fiziki və peşə hazırlığı ilə yanaşı mənəvi-psixoloji hazırlığı da gündəmdə saxlanılmalıdır.

Məhz belə tədbirlər, görüşlər çağırışçı gənclərimizin mənəvi-psixoloji hazırlığının gücləndirilməsində mühüm faktor kimi çıxış edir. SHXÇDX-nin belə tədbirlərindən biri də iyulun 8-də baş tutdu. Nisbətən fərqli formatda təşkil olunan bu yolasalma mərasimində ərazisi Ermənistan tərəfindən işğal olunmuş Cəbrayıl, Laçın, Şuşa və Zəngilan rayonlarından olan gənclər, SHXÇDX-nin əməkdaşları icra hakimiyyəti və digər dövlət orqanlarının nümayəndələri iştirak edirdilər. Qeyd edim ki, işğal altında olan rayonlarımızın bir neçəsindən olan gənclərin hərbi xidmətə belə birgə yola salınması ilk dəfə keçirilirdi və gənclərin yola salınma mərasimi digər rayonlarda da təşkil edildi. Torpaqları düşmən işğalı altında olan rayonların gənclərinin hərbi xidmətə yola salınmasının bu cür həyata keçirilməsi iştirakçılarda, onların valideynlərində, ictimaiyyət nümayəndələrində dövlətin öz ordusuna xüsusi diqqət və qayğı göstərdiyini bir daha nümayiş etdirdi. Həmçinin hərbi sahəyə aid belə tədbirlərin kütləviliyi və maraqlı keçirilməsi çağırışçıların və digər gənclərin vətənpərvərlik hisslərinin möhkəmləndirilməsinə müsbət təsir edir. 

Qeyd edim ki, Ali Baş Komandanın sərəncamına uyğun olaraq çağırışçıların hərbi xidmətə göndərilməsi prosesi davam edir və SHXÇDX hazırkı çağırış prosesində də bu işi müvəffəqiyyətlə həyata keçirir. Xidmətin fəaliyyətinə nəzər salsaq kifayət qədər peşəkarlıqla həyata keçirilən işlərin şahidi olarıq. Xüsusilə də ötən il və cari ildə həyata keçirilən toplanışlarda minlərlə hərbi mükəlləfiyyətli vətəndaşın təlimlərə cəlb edilməsi işinin yüksək dəqiqliklə həyata keçirildiyini görərik. Respublikanın demək olar ki bütün rayonlarını əhatə edən bu proseslər zamanı SHXÇDX hərbi mükəlləfiyyətlilərin məlumatlandırılmasını, onların təyin olunduqları hərbi hissə və poliqonlara göndərilməsini bacarıqla həyata keçirdi.  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti cəmiyyətlə ordu arasında bir növ körpü funksiyası daşıyır və bu vəzifəsini peşəkarlıqla həyata keçirir.

 

 





29.07.2015    çap et  çap et