525.Az

Kamal Abdullayev Nabranda yay məktəbinin iştirakçıları ilə görüşdü - Fotoreportaj


 

Kamal Abdullayev Nabranda yay məktəbinin iştirakçıları ilə görüşdü - <b style="color:red">Fotoreportaj</b>

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə keçirilən "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır və paylaş" adlı beynəlxalq yay məktəbi iyulun 28-də Nabran Təhsil İstirahət Mərkəzində  Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevin iştirakçılarla görüşü ilə yekunlaşıb.

BSU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayevanın moderatorluğu ilə keçən ədəbi görüşdə əməkdar incəsənət xadimi, yazıçı Natiq Rəsulzadə də iştirak edib.

R. Qeybullayevanın ümumi təqdimatından sonra N.Rəsulzadə yay məktəbinin iştirakçılarına Azərbaycan ədəbiyyatı haqqında ümumi məlumat verib.

Dövlət muşaviri K.Abdullayev yay məktəbinin iştirakçılarını salamlayıb. Akademik bildirib ki, görüşə məhz Natiq Rəsulzadənin çağırılması təsadüfi deyil: " Onlarla kitabın müəllifi Natiq Rəsulzadə Azərbaycan prozasını Avropada və dünyada çox yaxşı təmsil edir. Rəhilə xanım tənqid və ədəbiyyatşünaslıq sahəsində böyük uğurlar qazanaraq təkcə ölkəmizdə deyil, Amerika, Avropa və Yaponiyada da tanınıb, oranın məşhur universitetlərində mühazirələr oxuyub. Hesab edirəm ki, bu ədəbiyyatçılarla tanışlıq sizə Azərbaycanın müasir prozası və poeziyası ilə tanış olmağa imkan yaradacaq".

K.Abdullayev deyib ki, Azərbaycan ədəbiyyatı "Kitabi -Dədə Qorqud"dan başlayıb: "Azərbaycan ədəbiyyatçıları  "Kitabi-Dədə Qorqud"un şinelindən çıxıb. Bu, zaman tanımayan əsərdir. Bu dastanın bəzi məqamları antik yunan mifoloji motivləri ilə eynilik təşkil edərək, bizi qədim mifologiya dövrünə aparır. Alman alimi Haynrix Fridrix fon Dits də qeyd edib ki, "Kitabi-Dədə Qorqud"da bəzi motivlər qədim yunan mifləri ilə paraleldir. Bu dastanın Avropada nəşrinin və tanınmasının 200 illiyi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev xüsusi Sərəncam imzalayıb. Diqqətinizi bu faktlara yönəltməklə bildirmək istəyirəm ki, Azərbaycanın Renessans ədəbiyyatının nümayəndələri Nizami, Nəsimi, Füzuli bu əsərdən mənəvi şəkildə yararlanıblar. Sonda bir misalla fikrimi yekunlaşdırmaq istəyirəm:  XII əsrdə Azərbaycanın qədim şəhəri Gəncədə yaşayıb-yaradan və hələ o zamandan bütün dünyada məşhur olan Nizami Gəncəviyə yazdığı əsərə görə  hökmdar hədiyyə olaraq Afaq adlı kəniz göndərib. Nizami həmin qadına aşiq olub və onunla evlənib. Bu qadın tamam başqa mədəniyyətin daşıyıcısı, başqa xalqın nümayəndəsi idi. Bu, əsl multikulturalizm hadisəsidir".

BSU-nun rektoru, professor Asif Hacıyev çıxışında Azərbaycanda kitab nəşrinin müasir durumu ilə bağlı tələbələrə məlumat verib. Sonda yay məktəbi iştirakçılarının sualları cavablandırılıb, hər bir ölkənin nümayəndəsi öz dilində şeirlər söyləyib.

Beynəlxalq yay məktəbinin Nabran hissəsinin bağlanışı iştirakçıların arasında keçirilən "Yallı" rəqs müsabiqəsi ilə başa çatıb, bütün tələbələr müxtəlif davranış nominasiyaları üzrə seçilərək mükafatlandırılıblar. 

Sevinc MÜRVƏTQIZI

 





29.07.2015    çap et  çap et