525.Az

"Azərbaycanın yeganə yolu daha da güclənmək və inkişaf etməkdir"


 

ELÇİN MİRZƏBƏYLİ: "HƏMSƏDRLƏR İKİBAŞLI BƏYANATLAR VERMƏKLƏ MƏŞĞUL OLURLAR"

"Azərbaycanın yeganə yolu daha da güclənmək və inkişaf etməkdir"<b style="color:red"></b>

"ATƏT-in Minsk Qrupunun missiyası Azərbaycan torpaqlarının BMT qətnamələrinə uyğun olaraq qeyd-şərtsiz işğaldan azad olunması istiqamətində fəaliyyət göstərməkdir. Onlar isə nə edirlər? Vasitəçilik missiyasını yerinə yetirirlər". Bu sözləri "Xalq cəbhəsi" qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində aparılan danışıqlara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, vasitəçilik missiyası o zaman həyata keçirilir ki, ortada mübahisəli ərazilər üstündə münaqişə olsun: "Yəni, beynəlxalq hüquqda təsbit olunmayan bir hal baş verəndə -  iki qonşu bir-biri ilə mübahisəli ərazi üstündə qarşı-qarşıya gələndə. Ancaq birmənalı olaraq Azərbaycan əraziləri mübahisəli ərazi deyil. Bu ərazilərlə biz dövlət müstəqiliyimizi elan etdikdən sonra müxtəlif beynəlxalq təşkilatlara üzv olmuşuq. Beynəlxalq hüquqda da hazırda Ermənistanın işğalında olan torpaqlar Azərbaycanın ərazi bütövlüyünün ayrılmaz tərkib hissəsi hesab olunur. Lakin həll prosesində məsələyə yanaşmanın tamam fərqli olduğunu görürük. Burada təkcə münaqişədən söhbət getmir. Münaqişənin nəticəsində ortada işğal, etnik təmizləmə faktoru var. Bu baxımdan da onlar diqqəti işğal faktına yox, digər istiqamətlərə məqsədyönlü şəkildə yönəltməyə çalışırlar. Ona görə də, Azərbaycanın son dövrlərdə apardığı siyasət məhz bu qeyri-konstruktivliyin qarşısını almağa yönəlib. Hətta bu sahədə kifayət qədər uğurlar da qazanılıb. Avropa İnsan Hüquqları Məhkəməsinin Çıraqov və digərləriylə bağlı qəbul etdiyi qətnamə də açıq şəkildə ifadə olunur ki, Azərbaycan  torpaqları Ermənistan qoşunları tərəfindən işğal olunub, çıraqovların timsalında həmin bölgələrdə yaşayan azərbaycanlıların mülkiyyət, doğma torpağında yaşama hüquqi pozulub. Birmənalı olaraq bu hadisələrin səbəbkarı Ermənistandır. Beynəlxalq hüquqda Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi qərarlar president kimi qəbul olunur və digər Avropa qurumları da bu qərarları əsas kimi götürməlidir. Necə ki, Azəbaycanda Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarlar president kimi qəbul olunur və şərhə ehtiyac duyulmur".

Politoloq qeyd edib ki, bu gün dünyada təhlükəsizliyinin təmin olunmasına əsas cavabdeh qurum Beynəlxalq Millətlər Təşkilatının Təhlükəsizlik Şurasıdır: "Bu qurumun beş daimi, on müddətli üzvü var. Daimi üzvlərin hər birinin qəbul olunan qərarlara ayrı-ayrılıqda veto qoymaq hüququ var. Deməli bu beş daimi üzvün maraqları uzlaşmalıdır. Əgər Fransa, ABŞ və Böyük Britaniya ortaq bir məsələdə razılığa gəliblərsə, Çin və ya Rusiya veto hüququndan istifadə edirsə, o zaman qərar qəbul olunmur və Suriya, İraqda olduğu kimi münaqişələr davam edir. Yəni, beynəlxalq hüquq o qədər ayaqlar altına atılıb, çeynənib ki, onun tətbiqi istiqamətində  hər hansı bir formada addımların atılması mümkün deyil. Xatırlatmaq lazımdır ki, İraqın Küveyti işğal etməsi nəticəsində qısa müddətdə müharibə baş verdi və beynəlxalq hüquq Küveytlə bağlı tətbiq olundu. Lakin Azərbaycan torpaqları onillərdir ki, işğal altındadır. Ortada işğalçıya qarşı qəbul olunan saksiyaların tətbiqi məsələsi olsa da, bunun əyani şəkildə nəticəsini görmürük. Bu sanksiyalar diplomatik vasitələrdən başlayaraq, iqtisadi və hərbi sanksiyalara qədər davam edir. Bunların heç biri bugünə qədər tətbiq olunmayıb. Çünki ortada regional güc olan Rusiyanın maraqları var. Münaqişələr vasitəsilə dövlətləri təsir altında saxlamaq daha asandır. Əgər bir dövlətin öz nüfuzunu müəyyən arealda qoruyub saxlaması, təsir dairəsinin artırması üçün istifadə etdiyi iqtisadi və digər mexanizmlər kifayət qədər nəticə vermirsə, o zaman həmin dövlət münaqişələr vasitəsilə bunları həyata keçirməyə çalışır. Yəni, problemlər kifayət qədər çoxdur. Rusiya ilə Avropa İttifaqı, ABŞ arasında bu məsələdə hər hansı bir uzlaşma yoxdur. Eyni zamanda, heç kim zəmanət verə bilməz ki, Fransa və yaxud da ABŞ Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini - Azərbaycan torpaqlarının işğaldan azad olunmasını istəyir. Ədalətli həll prosesi ilə bağlı indiyədək onların mövqeləri ortada yoxdur. Bununla bağlı hər hansı bir prinsipial açıqlama verilməyib. Düzdür, Azərbaycan ərazi bötüvlüyü, suveren hüquqları beynəlxalq səviyyədə tanınır, ancaq əyani şəkildə, konkret əməllə bunun nəticəsini görmürük".

Beynəlxalq hüququn əsas prinsiplərinin münaqişələrin həll prosesində xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdıran E.Mirzəbəyli xatırladıb ki, Helsinki Yekun Aktının iki əsas prinsipi var: "Dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı; təhlükəsizliyin təmin olunması və münaqişələrin sülh yolu ilə həlli; xalqların öz müqəddəratını təyinetmə hüququ. Sonuncu məsələ - xalqların öz müqəddəratını təyinetmə hüququ bu gün spekulyasiya kimi istifadə olunur. Ancaq dünyanın ayrı-ayrı ölkələrinə gələndə bu tətbiq olunmur. Misal olaraq, İspaniyada katalonları,  İtaliyada bəzi millətləri, Fransada bir neçə muxtariyyatı, Belçikada flamanları göstərmək olar. Burada isə əsas olaraq dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipi götürülür. Xalqların öz müqəddəratını təyinetmə prinsipi qanunvericilikdə hüquqi ardıcıllığa uyğun olaraq o zaman həyata keçirilir ki, bu konkret bir dövlətlərin sərhədləri çərçivəsində olsun. Yəni, muxtariyyatın konkret modelləri var. Biz Dağlıq Qarabağda yaşayan ermənilərə təklif edirik ki, bu torpaqlara muxtariyyat modeli verilsin və onlar Azərbaycan əraziləri çərçivəsində, dövlətin suveren hüquqlarına uyğun olaraq öz müqəddəratlarını təyin etsinlər. Erməni xalqının müqəddəratına gəldikdə isə dövlət başçısı İlham Əliyev dəfərlərlə vurğulayıb ki, onlar öz müqəddəratlarını artıq bir dəfə Azərbaycan torpaqları üzərində həll edib, Ermənistan dövləti yaradıblar. 20-ci əsrin əvvəllərində beynəlxalq güclərin təzyiqi altında İrəvan torpaqları ermənilərə verilib və orada qondarma bir dövlətin əsası qoyulub. Ona görə də, tənzimləmə mexanizmi o zaman mövcud olar ki, işğalçıya qarşı nəzərdə tutulan sanksiyalar Ermənistana tətbiq olunsun. Bütün bunlar baş vermədiyi halda şübhəsiz ki, Azərbaycan öz hərbi potensialını inkişaf etdirərək torpaqlarını işğaldan azad etmək üçün güc vasitələrindən istifadə edəcək. Bunun üçün də heç şübhəsiz ki, beynəlxalq vəziyyətin uyğun olmasını gözləmək lazımdır".

Politoloq hesab edir ki, Ermənistanın işğalçılıq siyasətiylə bağlı Azərbaycanın gördüyü işlər son dövrlərdə kifayət qədər effekt verir: "Yəni, birmənalı şəkildə artıq erməni təbliğatı Qərbdə işləmir. Xocalı soyqırımın tanınmasıyla bağlı Latın Amerikası ölkələrinin, İslam Təşkilatı Konsfransının, ABŞ-ın müxtəlif ştatlarının qəbul etdiyi qərarlar bizim hüquqi müstəvidə atdığımız addımların nəticəsidir. Dama-dama göl olar. Biz çox böyük qüvvə ilə üz-üzəyik. Bir tərəfdə yalnız özünə, gücünə güvənən Azərbaycan, digər tərəfdə isə dünyanın ən böyük hərbi güclərindən birinin müdafiə etdiyi və digərlərinin himayə etdiyi Ermənistan. Hər kəs bilir ki, Azərbaycan Ermənistanla üz-üzə qalsa qısa müddətli müharibə ilə nəinki Qarabağı, hətta Ermənistanın özünü də ala bilərik. Lakin indiki şəraitdə Gürcüstan təcrübəsini nəzərə alaraq hesab edirəm ki, bu gün Azərbaycanın yürütdüyü siyasət ən doğru siyasətdir və zamanında görülən işlər nəticəsində yaxın gələcəkdə uğurlar qazanacağıq".

E.Mirzəbəyli bildirib ki, bizim üçün separatçı tərəf yoxdur, münaqişəsinin bir səbəbkarı var, o da Ermənistandır: "Separatçılar tərəf deyil. Çünki qondarma rejim Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması nəticəsində yaranıb. Əgər işğal baş verməsəydi, qondarma qurum da olmazdı. Ona görə də, bizim danışıqlar apardığımız tərəf Ermənistandır. Bu baxımdan girovların qaytarılması məsələsində vasitəçilər öz missiyalarını yerinə yetirməyə çalışırlar. Ancaq insanlarımızın girov götürülməsi, təmas xəttində atəşkəsin pozulması, gərginliyin artması, mülki vətəndaşlarımıza qarşı atılan addımlar işğalın nəticələridir. Ona görə də işğala son qoyulmayana qədər bu proses davam edəcək. Biz Ermənistandan hansı humanizm gözləyə bilərik ki, Serj Sarkisyan hakimiyyəti Azərbaycan Xocalı soyqırımının törədilməsində bilavasitə iştirak edib? Əgər işğal faktı olmasaydı, azərbaycanlılar öz doğmalarının qəbirlərini ziyarət etmək üçün sərbəst şəkildə Kəlbəcərə, Şuşaya və işğal altında olan digər rayonlarımıza gedə, orada yaşaya biləcəkdilər.

Politoloq  Ermənistanın girov götürdüyü iki azərbaycanlının taleyi ilə bağlı danışarkən qeyd edib ki, əgər həmsədrlər Ermənistan tərəfi ilə apardıqları danışıqlarda konkret nəticə əldə edə bilərlərsə, o zaman girovların dəyişdirilməsiylə bağlı ortaq razılaşmaya uyğun olaraq addımlar atıla bilər: "Bu elə bir məsələdir ki, buna siyasi şərh vermək mümkün deyil. Çünki bu həm siyasi, həm hərbi məsələdir, həm də nonsensdir. Yəni, azərbaycanlılar öz torpağında girov götürülüb. Bu da işğalın nəticəsidir".

E.Mirzəbəyli əlavə edib ki, həmsədrlər ikibaşlı bəyanatlar verməklə məşğul olurlar: "Bu sahədə ən unikal nümunələr keçmiş amerikalı həmsədr Metyu Brayzaya məxsusdur. Bu diplomat İrəvanda bir cür, Bakıda isə başqa cür danışırdı. Əslində bütün bunlar həmsədrlərin baş verən hadisəyə nə qədər qeyri-ciddi yanaşdıqlarını göstərir. Ortada beynəlxalq hüquqi normalar, qəbul olunan qətnamələr, aktlar var. Dünyada mövcud olan xaos, baş verən problemlərin ən əsas səbəbi böyük güclərin üzərinə düşən məsuliyyəti anlamamasıdır. Yəni, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq malik olduqları böyük gücü dünyada ədalətin təmin olunmasına sərf etməlidirlər. Lakin biz bunun əksini görürük. Eyni zamanda, nəzərə almaq lazımdır ki, dünyada ən böyük problemlərdən biri enerji resurslarının tükənməsidir. Ona görə də böyük dövlətlər enerji resursları üzərində nəzarəti ələ keçirmək üçün böyük müharibələr başladırlar. Bu gün maraqlar beynəlxalq hüquqdan qat-qat irəliyə keçib. Zor siyasəti vasitəsilə güclü zəifi əzməklə məşğuldur. Dünya yaranandan bu belə olub. Ona görə də Azərbaycanın yeganə yolu daha da güclənmək və inkişaf etməkdir".

Ceyhun ABASOV

 





29.07.2015    çap et  çap et