525.Az

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Qarabağın yeri və rolu


 

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Qarabağın yeri və rolu<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda) 

Kəlbəcər dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə, Tərtər çayı vadisində, Kiçik Qafqaz dağlarında yerləşir. Rayon zəngin flora və faunaya malik təbiət muzeyidir. Kəlbəcər inzibati rayon kimi 8 avqust 1930-cu ildə yaradılıb. Ərazisi 1936 kvadrat kilometr, əhalisi 61 min nəfərə yaxındır. Rayona bir şəhər, bir şəhər tipli qəsəbə (İstisu) və 128 kənd daxildir. Dəlidağ, Keyti, Murovdağ, Kəpəz, Şərgi Göyçəgölü, Göyçənin Mıxtökən, Qarabağ yaylasının bir hissəsi Kəlbəcərin təbii sərhədləri tərkibindədir. Ən yüksək zirvəsi olan Camışdağın (Murov dağının zirvəsi) hündürlüyü 3724 metrdir. Rayon faydalı qazıntılarla, o cümlədən, qızıl, civə və qiymətli tikinti materialları (tuf, perlit, obsidan, travertin, və s.) ilə zəngindir. Kəlbəcərin 280 min hektar ərazisini meşələr təşkil edir.

Kəlbəcər rayonu ərazisində, Tərtər çayının sol sahilində yerləşən, xalq arasında "Xotavəng" və ya "Xudavəng", yəni "Tanrı məbədi" adlandırılan monastır kompleksi Qafqaz Albaniyası dağıldıqdan sonra (IX əsrdə) Qarabağın dağlıq hissəsində yaranmış Xaçın Alban knyazlığının dini mərkəzi olub. Kompleksdə alban yepiskopunun iqamətgahı olub və dini maarif mərkəzi fəaliyyət göstərib. Arxeoloji tədqiqatların nəticələri göstərir ki, monastrın əsası VI-VII əsrlərdə qoyulub. Mehranilər sülaləsindən olan Xaçın knyazı Həsən Cəlalın oğlu Vaxtanq kompleksin ərazisində geniş tikinti işləri aparıb, Arzu xatun isə 1214-cü ildə əri Vaxtanqın və iki oğlunun xatirəsinə kompleksdə kilsə tikdirib. Kilsənin şərq fasadında daş üzərində knyaz Vaxtanqın, cənub fasadında isə Arzu xatunun iki oğlunun təsvirləri həkk olunub. Alban knyazı tərəfindən inşa edilmiş baş kilsə memarlıq xüsusiyyətlərinə görə erməni və gürcü xalqlarının kilsələrindən fərqlənir. Vəngli kəndində Xaçın çayının sol sahilində dağın üstündə ucaldılmış məşhur Qandzasar (Gəncəsər) monastrı Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. Monastrın divarında daş üzərindəki epiqrafik yazıda bildirilir: "Yüksək və böyük Arsax ölkəsinin hökmdarı, geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu Həsən Cəlal Dövlə və anası Xorişə Xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir". Rayon ərazisində V, VI, VII, VIII əsrlərə aid alban məbədləri, alban kilsələri,  məscidlər, qalalar mövcuddur.

Ağdam da Qarabağın tarixi- memarlıq cəhətdən zəngin rayonlarındandır. XX əsrin 50-ci illərindən sonra aparılan tədqiqat işləri buranın qədim insanların yaşayış məskənlərindən olduğunu sübut edib. Üçoğlantəpə adlanan ərazidə aparılan tədqiqatlar nəticəsində qədim insanların bu ərazidə Eneolit dövründə (e. ə. IV-VI minillik) məskunlaşmağa başladığı müəyyən edilib.  Rayon ərazisinin 88%-i 1993-cü il iyul ayının 23-də ermənilər tərəfindən işğal edilib. Rayonun ərazisində qədim tarixə malik çoxlu memarlıq və incəsənət abidələri vardır. Buradakı tarixi memarlıq abidələri müxtəlif tarixi dövrləri əks etdirən nadir nümunələrdir. Rayonun onlarla tarixi yaşayış məskəni Eneolit dövründən günümüzə kimi gəlib çatıb. Xaçındərbənd kəndində 1314-cü ildə inşa edilmiş Qutlu Musa oğlu türbəsi, Kəngərli kəndində XIV əsrə aid türbə, Ağdam şəhərində XIX əsrdə memar Kərbəlayi Səfixan Qarabaği (1817-1910) tərəfindən inşa olunmuş məscid, Boyəhmədli kəndində dua edən insan şəklində daş heykəl, Çəmənli kəndində məşhur övliyalardan olan Seyid Lazım Ağanın məqbərəsi rayonun tarixi-dini abidələrinin zənginliyindən xəbər verən milli-mənəvi sərvətlərimizdəndir.

Tərtər rayonu Qarabağ düzündə, Tərtər çayının sahilində yerləşir. Rayonun ərazisi Ağdam, Ağdərə, Goranboy, Yevlax və Bərdə rayonları ilə həmsərhəddir.

Tərtər rayonunda 24 tarix və mədəniyyət abidəsi var. Onlardan biri dünya əhəmiyyətli tunj və ilk dəmir dövrünə aid Borsunlu kurqanlarıdır. İndiyədək aparılan araşdırmalar və arxeoloji qazıntılar Tərtərin qədim yaşayış məskəni olduğunu göstərməkdədir. 1981-ci ildə Tərtərin Borsunlu kəndinin ərazisində arxeoloji qazıntı aparılarkən və eramızdan əvvəl III minilliyin əvvəllərinə aid böyük kurqan aşkar edilib. İlk tunc dövrünə aid olan bu abidələrdən biri 15 kvadratmetr sahədə gil daşdan kvadrat şəklində hörülmüş üçmərtəbəli qəbirdir. Üst mərtəbədə bir insan skeleti, ikinci mərtəbədə səkkiz, üçüncüdə isə on insan skeleti aşkar olunub. Həmin yerdən tapılan və Çor kurqan adlanan kurqandan tayfa başçısına aid qəbir aşkar edilib. Qəbrin uzunluğu 32 metr, eni 8 metr, dərinliyi 4 metr olub. Qəbrin üstündə 200-dən çox indi nadir tapılan arqan ağacı döşənib. Tabutun mıxları əsasən qızıl və tuncla mismarlanmışdır ki, indiyə qədər qızıl mismar vurulmuş tabuta demək olar ki, rast gəlinməyib. Tabuta tayfa başçısının döyüş silahları, nizə və ox ucları, döyüş təbərzini, mərmər toppuzla yanaşı, saxsı qablar, tunc və qızılla işlənmiş bəzək əşyaları, qızıl düymələr, başlığı fil sümüyündən qızıl toqqa, şüşə və əqiqdən muncuqlar tapılıb.

Qəbrin bir tərəfində qul və kənizlər dəfn edilib, başqa bir hissəsində isə atlar basdırılıb. Arxeoloji materiallar göstərir ki, Borsunlu ərazisində yaşamış insanlar üzümçülük və maldarlıqla məşğul olublar.

Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulub. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunub və Qaryagin adlandırılıb. Rayon mərkəzi Qaryagin qəsəbəsi olmaqla, Qozluçay, Köndələnçay, Araz boyu və Füzuli-Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə edib. 1959-cu ildə böyük şairimiz Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə rayonun adı dəyişdirilərək, Füzuli rayonu adlandırılıb.

Rayonun ərazisi 1386 kvadrat kilometr, əhalisi isə 105 min nəfərdir. Tərkibinə bir şəhər və 78 kənd daxildir. Avqust ayının 23-ü 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri daxil olmaqla, 58 kənd işğal olunub. Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrə aid olduğu söylənilən Cəlil türbəsini aid etmək olar. Qarğabazar kəndində, Şah Abbas karvansarasından yuxarı, qayanın üstündə Qiyas əd-Din məscidi yerləşir. Yerli əhali onu Şah Abbas məscidi də adlandırıb.

Ağdərə rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1705 kvadrat kilometr, əhalisi 44,4 min nəfər olub. Rayonda iki şəhər tipli qəsəbə, 57 kənd var.  Rayon ərazisi 17 iyun 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal olunub. Albaniyada xristianlığın yayılmasında böyük xidmətləri olmuş apostol Yeliseyin xatirəsinə ölkədə əsrlər boyu bir çox məbədlər tikilib. Bunlardan bizim günədək gəlib çatanlardan biri də, Dağlıq Qarabağın Ağdərə rayonundakı Müqəddəs Yelisey monastr kompleksidir. Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, uca bir dağın zirvəsində tikilmiş və qala divarları ilə əhatə olunmuş monastr kompleksinin əsası V əsrdə qoyulub. Xaçın knyazlığı dövründə burada geniş inşaat işləri aparılıb, böyük baş kilsə binası, altı kiçik kilsə, bir neçə yaşayış və təsərrüfat binaları tikilib.

Yaxşı yonulmuş daşdan tikilmiş baş kilsənin ikimailli daş damının üstündə dörd sütunlu ratonda ucalır. XIII-XIV əsrlərə aid edilən bu alban kilsəsi geniş ibadət zalından və silindrik tağbəndlərlə tamamlanan sütunları olan kvadrat formalı otaqdan ibarətdir. Monastr kompleksində dəfələrlə yenidənqurma və inşaat işləri aparılıb. Ağdərədə islam istiqamətli bir sıra abidələr də mövcud olub. Bunların arasında ən çox yayılan pirlərdir. "Ulduz təpə" adlanan pir bölgədə tanınmış pirlərdən olmaqla rayon mərkəzindən 10 kilometr aralıda yerləşirdi.

(Ardı var)

S.ABDULLAYEVA

 





29.07.2015    çap et  çap et