525.Az

Millət vəkillərindən “Qiyamət günü” təbriki


 

Millət vəkillərindən “Qiyamət günü” təbriki<b style="color:red"></b> Bu gün Milli Məclisin növbəti iclası keçirilir.
 
Lent.az-ın verdiyi məlumata görə, spiker Oqtay Əsədov gündəlikdəki məsələlərin müzakirəsinə keçməzdən öncə bildirib ki, İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə gündəlikdəki Vergi Məcəlləsində, “Xüsusi iqtisadi zonalar haqqında", "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" ,"Sərhəd qoşunları haqqında" , "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" qanunlardakı dəyişikliklərin müzakirəsinin gündəlikdən çıxarılmasını təklif edir.
 
Bu dörd məsələ gündəlikdən çıxarılıb. Cari məsələlər üçün ayrılmış vaxtda çıxış edən millət vəkili Qüdrət Həsənquliyev həmkarlarını Yeni il bayramı və “Qiyamət günü”ndən sağ çıxmaları münasibəti ilə təbrik edib. O, Avropa Şurasında təzyiqlərin qarşısının alınması üçün Nigar Yaqublu və digər siyasi məhbus kimi təqdim edilən şəxslərin əfv olunmasını istəyib.
 
Millət vəkili Fazil Qəzənfəroğlu Türkiyə ilə viza məsələsinin aradan qaldırılmasını təklif edib. İmkanlı şəxslərin müalicə üçün inkişaf etmiş ölkələrə, imkansız şəxslərin İrana getdiyini bildirən millət vəkili Azərbaycanda səhiyyənin vəziyyətinin acınacaqlı olduğunu da söyləyib.
 
Spiker Oqtay Əsədov isə Azərbaycanda səhiyyənin durumunun acınacaqlı olması barədə fikrə etiraz edib: “Azərbaycanda səhiyyənin bərbad olması barədə fikir yaratmaq düzgün deyil. Biz özümüz səhiyyəmizi gözdən salırıq. Bu məsələdə korrekt olmaq lazımdır”.
 
Millət vəkili Qənirə Paşayeva əfv məsələsini dəstəkləyib, Gürcüstandakı soydaşlarımızın Azərbaycana gəlib-getməsi məsələsinin asanlaşdırılmasını təklif edib.
 
YAP icraçı katibinin müavini Siyavuş Novruzov Azərbaycanda siyasi məhbus olmadığını, siyasi partiya mənsubu, jurnalist olmasından asılı olmayaraq konkret cinayət törətmiş şəxslərin həbs edildiyini bildirib: Partiyaların rəhbərləri üzvlərinin icazəsiz aksiyalara çıxmasına yol verməməli, başqalarının avtomobilində yol hərəkət qaydasını pozmamağa çağırmalıdır. Hələ məhkəmə hökmünün mürəkkəbi qurumamış fikirlər səsləndirilir. O şəxs haqqında ən aşağı cəza verilib. Bir YAP-çı belə hadisə törətsəydi, səs-küyü Avropa Şurası Parlament Assambleyasına gedib çıxacaqdı”.
 
Siyavuş Novruzov qeyd edib ki, qanun qarşısında hamı bərabərdir.
 
Millət vəkili Zahid Oruc da bu gün Allahın rizası ilə bu gün sağ-salamat olduğumuzu dilə gətirib: “İnşallah, bir hadisə baş verməyəcək, Azərbaycanda hər hansı enerji problemi ilə üzləşməyəcəyik. Allaha şükür ki, Azərbaycan bu gündən sağ-salamat qurtardı. Azərbaycanda yəqin ki, bundan sonra dünyanın belə biznes layihəsinə inanmayacaqlar”.
 





21.12.2012    çap et  çap et