525.Az

"ABŞ Dağlıq Qarabağ məsələsində mövqeyini dəyişib"


 

MÜBARİZ ƏHMƏDOĞLU: "SARKİSYANLA AMERİKA RƏSMİLƏRİ ARASINDA ÇOX CİDDİ ALVER GEDİB"

"ABŞ Dağlıq Qarabağ məsələsində mövqeyini dəyişib"<b style="color:red"></b>

Ermənistan geosiyasi proseslər zəminində bəzən girovları qaytarmağa razılıq versə də, son anda bundan imtina edir. Sonuncu dəfə bu məsələdə Ermənistanın kompramisə gəlməyə razılıq verməsi barədə mətbuatda yayılan fikirlər işğalçı ölkənin müdafiə nazirinin müavini David Tonoyanın adı ilə bağlıdır. Lakin sonradan Sarkisyan rejimi bu haqda yayılan xəbərləri təkzib edib. Bu onu göstərir ki, Dağlıq Qarabağ probleminin nizamlanması prosesində olduğu kimi, bu münaqişə nəticəsində meydana çıxan müxtəlif məsələlərin həllində, o cümlədən, girovların qaytarılması prosesində də Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkmək fikrində deyil.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, artıq ikinci dəfədir ki, Ermənistan Dilqəm Əsgərovla Şahbaz Quliyevi Azərbaycana qaytarmağa hazır olduğunu bildirib: "İlk dəfə qondarma erməni soyqırımının yüzilliyi ərəfəsində gedən proseslər elə vəziyyət yaradıb ki, Ermənistan kəlbəcərli girovlarla bağlı konstruktiv mövqeyə gəlməyə məcbur olub". Buna səbəb "erməni soyqırımı"nın yüzilliyi ərəfəsində Dağlıq Qarabağ probleminin daha da aktuallaşması olub. Təxminən aprelin əvvəllərində Ermənistan girovların geri qaytarılması barədə qərar qəbul edib. Lakin aprelin 12-də Roma Papası Fransisk erməniləri müdafiə edərək işğalçı rejimin ayağının yer tutmasına səbəb olub. Bundan sonra Ermənistan prezidenti Serj Sarkisyan kəlbəcərli girovları Azərbaycana qaytarmaqdan imtina edib".

M.Əhmədoğlu qeyd edib ki, hazırkı dövrdə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin aktivləşməsi, Ermənistana təzyiq etməsi cinayətkar rejimin mövqeyinin yenidən yumşalmasına gətirib çıxarıb: "İrəvanda səfərdə olarkən amerikalı həmsədr bildirib ki, işğal olunan ərazilər Azərbaycana qaytarılmalıdır, Dağlıq Qarabağın statusunu orada yaşayan ermənilər deyil, ümumi əhali müəyyən etməlidir. Bu o deməkdir ki, Dağlıq Qarabağ azərbaycanlıları ilə erməniləri statusun müəyyənləşdirilməsində birgə iştirak etməlidirlər. Bütün bunların hamısı Ermənistan üçün təzyiq idi. Əlbəttə ki, Kreml də bu hadisələri kənardan izləyə bilməzdi. Bunun nəticəsidir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovu Moskvaya dəvət edərək onunla Dağlıq Qarabağ problemi ilə bağlı müzakirələr aparıb. Bu görüşun keçirilməsinin əsas səbəblərindən biri də İranla ABŞ-ın razılığa gəlməsidir. Kreml hesab edir ki, İranla Birləşmiş Ştatların dostlaşması regionda gərginliyi artıra bilər. Ona görə də, Moskva Dağlıq Qarabağ münaqişəsini həll etmək fikrinə düşüb. Ermənistan tərəfi də müqayisə apararaq görüb ki, Rusiyanın bu məsələdə irəli sürdüyü şərtlər daha ağırdır".

Politoloq hesab edir ki, Kreml Ermənistanı işğal etdiyi ətraf yeddi rayonu boşaltmağa, ABŞ-ı isə xırda addımlarla getməyə çağırıb: "Ona görə də Sarksiyan Birləşmiş Ştatların təklif etdiyi variantı seçib. Ermənistan tərəfi amerikalı diplomat Ceyms Uorlikə münaqişə nəticəsində itkin düşmüş şəxslərin siyahısının hazırlanmasına və Dilqəm Əsgərovla Şahbaz Quliyevin qaytarılmasına dair vəd verib. Lakin sonradan Sarkisyanla Amerika rəsmiləri arasında çox ciddi alver prosesi gedib. ABŞ İranla razılığa gəldiyinə görə Sarkisyan Vaşinqtona söz verib ki, Livan, Suriya və İrandakı erməniləri onlara alət kimi istifadə etməyə verəcəklər. Bu da ABŞ-a Yaxın Şərqdəki prosesləri istədiyi kimi idarə etmək üçün əlavə üstünlüklər yaradır. Nəticə etibarıyla ABŞ Ermənistan rəhbərinin təklifini qəbul edib. Cəmi iki-üç gün ərzində bu məsələlər həll olunub. Məhz buna görə də amerikalı həmsədr öncə planlaşdırdığı kimi İrəvandan Bakıya deyil, Vyanaya səfər edib. Nəticədə, ABŞ Dağlıq Qarabağ məsələsində mövqeyini dəyişib, Ermənistan isə kəlbəcərli girovları qaytarmaqdan əl çəkib. Ona görə də, hesab edirəm ki, girovların qaytarılması prosesi mart ayına qədər uzanacaq".

Ceyhun ABASOV

 





30.07.2015    çap et  çap et