525.Az

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Qarabağın yeri və rolu


 

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Qarabağın yeri və rolu<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda) 

1991-ci ildə yaradılmış Xocalı rayonunun sahəsi 0,97 min kvadrat kilometrdir, rayona 1 şəhər, 2 qəsəbə, 50 kənd daxildir. Ağdam şəhərinin 18, Xankəndi şəhərinin 14 kilometrliyində, Qarabağ silsiləsində yerləşir.  Rayon ərazisi 1991-1992-ci illərdə erməni silahlı qüvvələri tərəfindən işğal edilib. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri Xocalını darmadağın edib, 7 min əhalisi olan şəhərdə genosid törədib, soyqırımı zamanı 613 nəfər, o cümlədən, 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150-sinin taleyi bu gün də məlum deyil. 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub.

Xocalı tarixən insanların yaşayış məskəni olub. Rayon ən qədim dini, memarlıq və mədəniyyət abidələri ilə zəngin idi. Xocalının yaxınlığında bizim e. ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyəti abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid olunan dəfn abidələri - daş qutular, kurqanlar və daş kitabələr tapılıb. Rayon ərazisində arxeoloji abidələr - dairəvi qəbir (1356-1357-ci illər) və mavzoley (XIV əsr) də var. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc və sümükdən hazırlanmış bəzək əşyaları, eləcə də, gildən bişirilmiş saxsı ev əşyaları və s. tapılıb.

Xocavənd rayonu Ağdam-Füzuli avtomobil yolu kənarında, dağətəyi düzənlikdədir. Relyefi əsasən dağlıq olan Xocavənd rayonu dəniz səviyyəsindən təqribən 500 metrdən 2725 metrə (Böyük Kirs dağı) qədər hündürlükdə yerləşir.  1930-cu ildə yaradılan Xocavənd rayonunun ərazisi alçaq dağlıq və düzənlikdən ibarətdir. Rayonun ümumi sahəsi 145647 hektardır. Əhalisi 84000 nəfərdən çoxdur. Rayon 2 şəhər tipli qəsəbə və 38 kənddən ibarətdir. Xocavənd və Qırmızıbazar qəsəbələri, Qaradağlı, Ömrallar, Muğanlı, Kuropatkin, Tuğ, Haxullu, Salaketin, Günəşli, Xətai və başqaları rayonun iri yaşayış məntəqələrindəndir.

Azərbaycanı qədim yaşayış məskəni kimi dünyada tanıdan abidələrdən biri, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən, uzunluğu 190 metr, əhəng daşları oksfordkimeric dövrünə aid olan Azıx mağarası Xocavəndin Füzuli rayonuna yaxın, Azıx kəndinin 1 kilometr cənubi-şərqində yerləşir. Həmin rayonun Mets-Tağlar kəndindən cənubda, dəniz səviyyəsindən 850 m hündürlükdə yerləşən, uzunluğu 22 metr, əhəng daşları oksfordkimeric dövrünə aid olan Tağlar mağarası tarixi abidə kimi xüsusi əhəmiyyətə malikdir. Xocavənd 2 oktyabr 1992-ci il erməni silahlı birləşmələri tərəfindən işğal olunub. İşğal olunmuş Xocavənd rayonunda onlarla milli tarixi-dini abidəmiz düşmən tərəfindən mənəvi genosidə məruz qalıb. 

                 

lll

Qarabağ təkcə səfalı təbiəti və qiymətli tarixi-memarlıq abidələri ilə deyil, həm də görkəmli şəxsiyyətləri, tanınmış simaları ilə də məşhurdur.

Qarabağın lap qədim tarixinə nəzər salsaq, görkəmli şəxsiyyətləri sırasında alban tarixçisi Moisey Kalankatlının adına rast gələrik.  VII əsrin sonu - VIII əsrin əvvəlində yaşamış tarixçi Moisey Kalankatlı və ya Musa Daşqurançı-mənşəcə Qafqaz albanlarından-daha dəqiqi uti tayfasındandır. "Alban ölkəsinin tarixi" əsərinin müəllifi olan  Kalankatlı bu əsəri böyük alban hökmdarı Cavanşirin sifarişi ilə qələmə alıb. Moisey Kalankatlı qeyd edir ki, o, Albaniyanın Uti vilayətində yerləşən Kalankat kəndində anadan olub. Alban tayfalarından biri olan utilərin adı da Uti vilayətinin adından götürülüb. Həmin tayfa Qanıx (Alazan) çayından başlamış cənuba doğru  uzanan ərazilərdə, o cümlədən, Yuxarı Qarabağda, Tərtər çayı sahillərində yaşayırdı. Mənbələrdə utilərin Kürün hər iki sahilində və hətta Xəzər dənizi sahilində yaşamaları göstərilir. VII əsrdə böyük kəndlərdən sayılan Kalankat kəndi Bərdə şəhərindən cənub- qərbdə, Tərtər çayı sahilində yerləşirdi.

Moisey Kalankatlı qüdrətli alban hökmdarı Cavanşirin müasiri idi. Məhz bu dövr Albaniyanın siyasi və mədəni dirçəlişi dövrü sayılırdı. Hərbi istedadı, müdrik və çevik siyasəti ilə Albaniyanı öz əzəli hüdudlarında - cənubda Araz çayından, şimalda Dərbəndədək olan ərazidə birləşdirən və bərpa edən, müstəqil daxili və xarici siyasət yeridən, alban kilsəsinin müstəqilliyini qoruyub saxlayan Cavanşir, şübhəsiz, xüsusi yazılı abidədə öz dövrünün inikasını görmək arzusu ilə Moisey Kalankatlıya "Alban tarixi" kitabını sifariş verir.

Qarabağda məşhur tarixi simalardan biri də müqəddəs övliyalardan hesab olunan Cəbrayıl atadır. Cəbrayıl ata VIII əsrdə yaşamış Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olub və Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl ataya və onun övladlarına məxsus olub. Bu müqəddəs şəxs hələ öz sağlığında böyük hörmət sahibi olub, vəfat edərkən öz mülkünün axar-baxarlı bir yerində - Alpaşa dağının üstündə dəfn edilib. Cəbrayıl kəndinin şimalında "Cəbrayıl ata" adı ilə məşhur olan bu məqbərənin uzunluğu 4,5 metr, eni 2,4 metr, hündürlüyü 1,8 metrdir ki, oradakı məzar və qədim yaşayış yerlərinin izləri indiyə qədər qalır. Cəbrayıl atanın Mirzəcan, Yarəhməd, Şahvələd, Bünyad, Qurban, Xubyar, Hasan və b. adlı oğlanları olduğu mənbələrdə göstərilir. Sonralar onun adından Cəbrayıllı tayfası formalaşmışdır. Orta əsrlərdən bəhs edən mənbələrdə məşhur Şahsevən, Cavanşir, Əfşar və b. tayfalarla yanaşı, Cəbrayıllı tayfasının da adı çəkilir. Rus imperiyası işğaldan sonra vergi yığmaq məqsədilə siyahı tərtib edərkən (1823-cü il) Cəbrayıllı tayfasında 17 tirə, 443 ev, 2200 nəfərdən ibarət əhalini qeydə alıb.

XII əsrdə yaşamış Qarabağın tarixi simalarından Xaçınlı Vaxtanq Həsən Monax və Mamaxatunun oğludur. O, Arzuxatun Arsruni ilə evli olub. Atasından bütün Xaçın ərazisinə hakimlik hüququnu miras alıb. 1184-cü ildə Vaxtanqın sarayında Mxitar Qoş məşhur "Qanunnamə"sini tamamlayıb. Onun dövründə böyük miqyaslı quruculuq işləri görülüb. Belələrindən biri də Xudavəng monastrındakı bərpa işləri idi.

XII əsrin sonu-XIII əsrin əvvəllərində yaşamış Xaçın knyazı I Həsənin də adı bu bölgənin tarixi şəxsiyyətləri sırasında yer alır. (Hakimiyyəti əsasən mərkəzi Zar kəndi olan Yuxarı Xaçın ərazisini əhatə edib. I Həsənin tarixi mənbələrdə son xatırlanması 1204-cü ilə aiddir. I Həsənin ölümündən sonra bir müddət xanımı Dəfnə xatun dövləti idarə edib. Bu dövrdən etibarən alban hökmdar sülaləsi Arranşahik sülaləsinin Yuxarı Xaçında hakimiyyətdə olan qolu onun adı ilə Dəfnə adlandırılıb.

Görkəmli siyasi və dövlət xadimi, özünü Alban hökmdarı adlandıran Həsən Cəlal isə məşhur Mehranilər nəslinə mənsub olub Xaçın knyazlığının hökmdarı idi. XIII yüzillikdə mövcud olmuş bu knyazlıq indiki Qarabağın əksər hissəsini əhatə edirdi. Həsən Cəlalın hakimiyyət illəri alban renessansı hesab olunur. Bu dövrə ölkənin iqtisadi, mədəni və siyasi dirçəlişi təsadüf edir. Apardığı inşaat işlərindən xüsusilə qeyd oluna biləni bütün Qafqaz xristian memarlığının şah əsərlərindən sayılan Gəncəsər monastrıdır.

(Ardı var)

S.ABDULLAYEVA

 





30.07.2015    çap et  çap et