525.Az

AZAL-ın təşkil etdiyi müsabiqənin nəticələri açıqlandı


 

AZAL-ın təşkil etdiyi müsabiqənin nəticələri açıqlandı<b style="color:red"></b>

İyulun 29-da Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və "Azərbaycan Hava Yolları" QSC-nin "Azərbaycan aviasiyası: keçmişi, bugünü və gələcəyi" mövzusunda elan etdikləri fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.

Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, "Azərbaycan Hava Yolları" QSC-nin I vitse-prezidenti Sabir İlyasov, "AZAL" sərnişindaşıma şirkətinin direktoru Eldar Hacıyev, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər.

"AZAL" sərnişindaşıma şirkətinin direktoru Eldar Hacıyev tədbiri açaraq media nümayəndələrini Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb. Zəngin tarixi ənənələri olan Azərbaycan mülki aviasiyasının son 20 ildə dinamik inkişaf yolu keçdiyini vurğulayan Eldar Hacıyev ölkə rəhbərliyinin yüksək diqqət və qayğısı nəticəsində  hava nəqliyyatı sisteminin əsaslı şəkildə təkmilləşdirildiyini, sərnişindaşımada ən son model hava gəmilərindən istifadə edildiyini, vətəndaşlara keyfiyyətli və müasir xidmətlərin göstərildiyini diqqətə çatdırıb.

"AZAL" sərnişindaşıma şirkətinin direktoru regionlarda və paytaxtda müasir infrastruktura malik hava limanlarının fəaliyyət göstərdiyini, onların mütərəqqi iş üslübünun əcnəbi qonaqlarda da məmnunluq hissi doğurduğunu bildirib. Eldar Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasında səsləndirdiyi iradların aradan qaldırılması istiqamətində "AZAL" rəhbərliyi tərəfindən ciddi tədbirlərin həyata keçirildiyini qeyd edib.

Eldar Hacıyev "AZAL"ın kütləvi informasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrdə maraqlı olduğunu bildirərək bu baxımdan Fondla birgə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin əhəmiyyətini önə çəkib. O, müsabiqənin nəticələri barədə ətraflı məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.

Fondun icraçı direktoru Vüqar Səfərli Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyinin bir aydan çox müddətdə regionlarda və paytaxtda təntənəli şəkildə qeyd olunduğunu xatırladaraq, bunu ölkə rəhbərliyinin mediaya yüksək diqqət və qayğısı kimi dəyərləndirib. Vüqar Səfərli Fondun fəaliyyət göstərdiyi müddətdə mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, jurnalistlərin peşəkarlığının yüksəldilməsi, onların əməyinin stimullaşdırılması, habelə maarifləndirilməsi məqsədilə keçirdiyi çoxşaxəli layihələrdən söz açıb.

İcraçı direktor bildirib ki, Fondun iyunun 19-dan iyulun 15-dək "Azərbaycan Hava Yolları" QSC ilə birgə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində məqsəd Azərbaycan mülki aviasiyasının tarixi inkişaf mərhələlərinə, hazırkı nailiyyətlərinə və inkişaf perspektivlərinə nəzər salmaq, jurnalistlərin peşəkarlıq səviyyəsini yüksəltmək, yaradıcı əməyini stimullaşdırmaq, habelə ölkə ictimaiyyətini bu sahədə həyata keçirilən mütərəqqi islahatlarla yaxından tanış etməkdir.

Vüqar Səfərli müsabiqəyə 31 kütləvi informasiya vasitəsindən 50 yazının təqdim edildiyini, yazıların 3 ekspert tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb. Fondun icraçı direktoru müsabiqənun yekunlarına görə 6 nəfər jurnalistin əsas, 10 nəfər jurnalistin həvəsləndirici mükafata layiq görüldüyünü, ümumilikdə 16 nəfər jurnalistin mükafatlandırıldığını bildirib.

Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib.

 





30.07.2015    çap et  çap et