525.Az
“İdman” – idman salnaməmiz, idman jurnalistikası məktəbidir
Əflatun AMAŞOV
Azərbaycan Mətbuat Şurasının sədri
Ötən ilin söhbətidir. Mayın 31-də 33 idman şərhçisini Mətbuat Şurasına dəvət etmişdik. “Dəyirmi masa”mız Azərbaycan futbolunun 100 illik yubileyinə həsr olunsa da, sıradan bir tədbir deyildi. Eyni zamanda nəsillərin görüşü idi. Zalda ömür-gününün ən azı 40 ilini idman jurnalistikasına bağlamış məşhur imza sahibləri gənc həmkarları ilə üzbəüz əyləşmişdilər. Maraqlı vəziyyət yaranmışdı. İkincilər birinciləri dinləməyə daha çox üstünlük verirdi. Bu, təkcə yaş və staj fərqinə ehtiramdan qaynaqlanmırdı. Gənclər idman jurnalistikamızın canlı salnamələrindən həmişə, hər yerdə öyrənmə və faydalanma imkanını bu dəfə də əldən vermək istəmirdilər. Onlar sanki sözü bir yerə qoyublarmış kimi hər dəfə ahıl həmkarlarının dinlənilməsinin vacibliyini dilə gətirirdilər. İştirakçıların kimliyinə, çıxışlarına diqqətlə nəzər salarkən mənə elə gəldi ki, sanki “İdman” qəzeti yazarlarının görüşündəyəm.
Əksəriyyəti keçilən yolun təhlilini verərkən, orijinal epizodları xatırlayarkən, xüsusi diqqəti çəkən yazılarından danışarkən “İdman” qəzetinin adını, nə vaxtsa həmin nəşrin əməkdaşı olduğunu böyük fərəh hissilə vurğulayırdı. Məşhur media təmsilçilərinin bizi ən azı 30-40 ilin dərinliklərinə çəkib aparan xatirələrindən məntiqi qənaətə gəlirdim ki, bəli, vaxtilə “İdman”ı yaradanlar qəzeti ictimaiyyətə nəinki sevdirməyi bacarmışdılar, ona eyni zamanda idman jurnalistikamızın bayraqdarı, məktəbi imicini də qazandıra bilmişdilər.
Yaxşı yadımdadır ki, ötən əsrin 60-cı illərində boya-başa çatdığım Gürcüstanın Faxralı kəndinə də qəzetin sayları müntəzəm gəlirdi. Materiallarının hər biri sonuncu nöqtəsinədək oxunurdu. Maraq ilk növbədə ondan irəli gəlirdi ki, Azərbaycan futbolunun bayraqdarı “Neftçi” şöhrət zirvəsinə doğru istiqamət götürmüşdü. Komandada, ümumiyyətlə Azərbaycan idmanında nələr baş verir, hansı uğurlara imza atılır – bütün bunlar barədə “İdman”dan dolğun məlumatlar alırdıq. Onda azərbaycanlı idmançıların digər növlərdə, xüsusilə sərbəst və klassik güləşdə, voleybolda, qılıncoynatmada... əldə etdikləri qələbələr barədə oxumaq hamımızda iftixar hissi oyadırdı. Sonradan Bakıda və respublikamızın digər bölgələrində 120 min tiraja malik mətbu nəşrin necə sevildiyinin, hər sayının sürətlə satıldığının, diqqətlə mütaliə edildiyinin şahidi oldum.
Qəzetçilikdə ictimai nüfuzu formalaşdırmağın başlıca şərti istedadlı, məsuliyyətli jurnalistləri bir yerə cəmləşdirməkdən keçir. Lakin bu insanların da bəxti o zaman gətirir ki, qabiliyyətlərinin nümayişi üçün münbit şəraitə düşsünlər. “İdman”, redaksiya əməkdaşları bu mənada daim qibtə ünvanı kimi barmaqla göstəriliblər.
Mən bunu qəzetin 1950-1987-ci illərdə redaktoru olmuş, təkrarsız təşkilatçılığı, səmimiyyəti, qayğıkeşliyi və tələbkarlığı ilə idman jurnalistlərimizin bütöv bir nəslinin yetişməsində xidmətlər göstərmiş Mirpaşa Miriyevə həsr olunmuş “Bizim təmkinli əzizimiz” kitabının Mətbuat Şurasındakı təqdimat mərasimində bir daha yəqin etdim. Övladı Ulduz xanım təşəbbüs göstərib atası ilə bağlı xatirələri bir nəşrdə cəmləşdirmişdi. Dostları, tanışları M.Miriyevdən bəhs edərkən “İdman” qəzetinin adı hər dəfə qoşa çəkilirdi. Tədbirdəki çıxışlarda birmənalı surətdə vurğulanmış fikrə mən də şərikəm ki, “İdman” idman jurnalistlərimizə Mirpaşa müəllimin və həmkarlarının əmanət qoyub getdikləri çox qiymətli irsdir. Onun saylarından boylanan idman salnaməmizin yaradıcıları sırasında Aqşin Kazımzadə kimi haqq dünyasında olanlar, bu gün də istedad və təcrübələrini Kütləvi İnformasiya Vasitələrində səxavətlə bölüşən Oqtay Bayramov, Məzahir Süleymanzadə və başqaları vardır.
On illərin ənənəsinin müasir gəncliyin timsalında yaşadılması “İdman”ın 100-ə doğru qətiyyətli addımlarının zəmanətçisidir. Yeni yubileylərinizi görək ,əziz dostlar.
21.12.2012 çap et