525.Az

Ermənistan böhrandan diqqəti yayındırmaq üçün təxribatlara əl atır


 

Ermənistan böhrandan diqqəti yayındırmaq üçün təxribatlara əl atır<b style="color:red"></b>

"Təcavüzkar Ermənistan silahli qüvvələrinin cəbhədə atəşkəs rejmini pozmasının, təxribatlar törətməsinin bir sıra səbəbləri var. Bu hərəkətlər hər şeydən əvvəl Ermənistanın daxilində baş verən ümumi böhrandan diqqəti yayındırmaq, əhalini "xarici düşmənlə" qorxutmaqdan qaynaqlanır".

Bu barədə açıqlamasında millət vəkili Musa Qasımlı ermənilərin cəbhə xəttində törətdiyi son təxribatlara münasibət bildirərkən deyib. M.Qasımlı bildirib ki, Ermənistan rəhbərliyi xalqa normal həyat şəraiti yarada bilmədiyindən onu hərbi əməliyyatların yenidən başlanacağı təhlükəsi ilə qorxudur: "Cəbhədə yaranmış vəziyyət bir daha göstərir ki, Ermənistanda rəhbərlər zorakı yolla hakimiyyətə gəliblər və süngü üzərində oturub hələ ki idarə edirlər".

M.Qasımlı bildirib ki, Ermənistanın təxribatları Azərbaycan üçün heç bir təhlükə törədə bilməz: "Çünki bu gün Azərbaycan Ordusu Ermənistandan qat-qat güclüdür və bütövlükdə Ermənistanla Azərbaycanı müqayisə etmək olmaz. Ermənistan Azərbaycan torpaqlarını havadarlarının birbaşa yardımı ilə işğal edib və onların köməyilə işğal altında saxlayır. Amma Ermənistanın bu təcavüz və işğal siyasəti erməni xalqına bədbəxtlikdən başqa bir şey gətirməyib". Millət vəkili ATƏT-in Minsk qrupunun regiona son səfərlərinə də toxunub və qeyd edib ki, ermənilərin bu səfərdən sonra təxribata əl atması ilk dəfə deyil. O hesab edir ki, səfərin hər hansı nəticəsi barədə də danışmaq mümkün deyil. Çünki hələ dəyişən heç nə yoxdur.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu  isə düşünür ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aktivlik nümayiş etdirirdilər. Sadəcə olaraq onlar yarıyolda öz mövqelərini dəyişdilər. Mərkəz sədrinin sözlərinə görə, əslində ABŞ tərəfi münaqişənin həlli ilə bağlı aktiv fəaliyyətə başlasa da, sonradan müəyyən qədər pauza götürdü: "ABŞ tərəfindən başlanan proses Ermənistanın ziyanına, Azərbaycanın xeyrinə idi. Lakin sonra Ermənistan prezidenti Serj Sarkisyan erməniləri alət edərək ABŞ-ın əlinə verdi. İndi də Amerika buna görə müəyyən qədər pauza götürdü. Yəni, danışıqlar prosesində özünün yaratdığı aktivliyi bir növ neytrallaşdırdı. Düşünmürəm ki, sentyabrda BMT Baş Assambleyasında Ermənistan-Azərbaycan prezidentləri arasında görüş olsun. Görüş olsa belə, hansısa sənədlərin imzalanmasına şübhəm var".

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə hesab edir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin öz mövqelərini Ermənistanın mövqelərinə uyğunlaşdırmalarının həmişə şahidi olmuşuq. QAT sədrinin sözlərinə görə, əgər rəsmi İrəvan deyirsə ki, Ermənistan-Azərbaycan prezidentləri görüşsün, vacibdir, lazımdır, həmsədrlər də görüşün vacibliyini vurğulayırlar, ardınca isə hansısa ciddi addımlarının şahidi olmuruq. Onlar Ermənistan tərəfi görüşdən yayınan kimi işğalçı ölkəni ittiham etməmək üçün burada da sözdən, mövqedən qaçırlar və heç bir münasibət bildirmirlər. Bir sözlə, həmsədrlərin proseslərə münasibəti bununla bağlıdır.  A.Nağı əlavə edib ki, əgər bu gün Ermənistan prezidenti Serj Sarkisyan danışıqlardan qaçırsa, təbiidir ki, onun danışıqlarda deməyə sözü yoxdur: "Ermənistan işğalçıdır, illərdir öz işğalçılıq mövqeyindən bir addım belə geri çəkilmir.Ona görə də hər vəchlə danışıqlardan yayınır. Beynəlxalq birlik isə ona qarşı hər hansı tədbirlər görmür, təzyiq, sanksiyalar tətbiq etmir. Belə olan halda işğalçı daha da ruhlanır".  QAT sədrinə görə, bu gün ABŞ-la Rusiya arasında Dağlıq Qarabağ məsələsinə görə qarşıdurma var: "Burada hər iki tərəf öz mövqeyini, maraqlarını ortaya qoymağa çalışır. Ola bilsin ki, Rusiya tərəfinin istəyi ilə rəsmi İrəvan sentyabrda keçiriləcək prezidentlərin görüşündən imtina edib".

PƏRVANƏ

 





31.07.2015    çap et  çap et