525.Az

Zirə qəsəbəsinə içməli su çəkilir


 

Zirə qəsəbəsinə içməli su çəkilir<b style="color:red"></b>

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti Bakıətrafı kənd və qəsəbələrdə istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.  İçməli su çatışmazlığının müşahidə olunduğu Xəzər rayonunun Zirə qəsəbəsində  ilk dəfə su təchizatı infrastrukturunun yaradılmasına başlanılıb.  

"Azərsu" ASC-nin mətbuat xidmətindən "525"ə verilən məlumata görə, Zirə qəsəbəsində istehlakçıların dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi üçün su mənbəyi Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə magistral xətti nəzərdə tutulub. Magistral kəmərdən götürüləcək su hazırda inşası davam etdirilən və tutumu 10 min kubmetr olan Zirə su anbarına ötürüləcək.

Anbar istismara verildikdən sonra Zirə qəsəbəsi ilə yanaşı, Türkan, Dübəndi, Gürgən, Pirallahı qəsəbələri də buradan  qidalanacaqdır. Layihənin birinci mərhələsi çərçivəsində qəsəbədə müxtəlif diametrli borularla 20 km paylayıcı su xəttinin inşası və 700-qədər  ünvanın yeni yaradılacaq şəbəkəyə qoşulması nəzərdə tutulur. Tikinti işlərinə başlanandan su şəbəkəsinin 13 km-lik hissəsi çəkilib, 450 ünvana birləşmə verilib, 50 ədəd yanğın hidrantı quraşdırılıb.

Tikinti-quraşdırma işləri başa çatdırıldıqdan sonra yeni şəbəkə vasitəsi ilə içməli suyun verilməsinə başlanılacaqdır. Layihənin növbəti mərhələsində Zirə qəsəbəsinin digər hissəsində də  su şəbəkəsinin yaradılması işləri davam etdiriləcək. Qeyd edək ki, 11 min nəfər əhalisi olan Zirə qəsəbəsində mərkəzləşdirilmiş  içməli su şəbəkəsi mövcud deyil. Bu səbəbdən əhali əsasən quyu sularından istifadə edir və ya içməli suyu maşınlarla alır. Ceyranbatan-Balaxanı-Ramana-Zirə magistral su xəttinin istismara verilməsi nəticəsində uzun müddətdir içməli sudan əziyyət çəkən bir sıra yaşayış məntəqələrinə fasiləsiz suyun verilməsi təmin edilib.

SAMİRƏ

 





31.07.2015    çap et  çap et