525.Az

Pərvinin “Qar yağacaq” kitabı özbək dilində


 

Pərvinin “Qar yağacaq” kitabı  özbək dilində<b style="color:red"></b>

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi ilə Pərvinin “Qar yağacaq” adlı hekayələr kitabı özbək dilinə tərcümə edilərək nəşr olunub. 

Hekayələri  tanınmış alim Babaxan Məhəmməd Şərif tərcümə edib və kitab Daşkənddəki “Extremum Press” nəşriyyatında işıq üzü görüb. Ön sözün müəllifi Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anardır. Kitabda “Şərq şirniyyatı”, “Sevimli... Zərif... Mənim...”, “Fiona”, “Samir üçün”, “Bankomat” və s. hekayələr, habelə “Balerina” kinopovesti yer alıb.                                                                                                   

Kitabın sonunda alim, tərcüməçi Babaxan Şərifi “Pərvin - Azərbaycan ədəbiyyatının ümidi” adlı məqaləsi verilib. O, Sovet dövrü Azərbaycan ədəbiyyatına nəzər salır, gənc yazarlar arasında XXI əsrin yeni istedadlı nəslinin yetişdiyini qeyd edir: “İlk dəfə Pərvinlə Türkiyədə, Əskişəhərdə türk dünyasının böyük yazarı Anarın vasitəsiylə tanış oldum. Anar Pərvini bugünki Azərbaycan ədəbi gəncliyinin istedadlı nümayəndələrindən biri kimi təqdim etdi. Pərvinin uğurları, mükafatları haqda eşidəndə onun necə bir yazar olması maraqlı gəldi mənə. Çünki bəzən çoxlu mükafatları olan yazarlar əsərlərinin gözlənilən səviyyədə olmadığını müşahidə etmişəm. Lakin Pərvinin “Qar yağacaq” kitabını oxuyanda onun həqiqətən istedadlı, peşəkar olduğunu anladım. Artıq türkcə, rusca çapdan çıxmış kitabı özbəkcəyə çevirmək və özbək oxucularının da bu hekayələri oxumasını istədim...” Sonda Babaxan Şərif kitabın araya-ərsəyə gəlməsində rolu olan adamlara öz təşəkkürlərini bildirib.

Qeyd edək ki, bu ilin payız aylarında Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində azərbaycanlı və özbək yazarların, ədəbiyyat xadimlərinin iştirakı ilə kitabın geniş təqdimat mərasimi keçiriləcək.

 





01.08.2015    çap et  çap et