525.Az

Erməni nazirin ittihamına cavab


 

EMİN HƏSƏNLİ: “OHANYAN CƏBHƏDƏKİ SON UĞURSUZLUQDAN SONRA İSTEFA VERMƏLİ İDİ”

Erməni nazirin ittihamına cavab<b style="color:red"></b>

“Seyran Ohanyanın müdafiə naziri, diplomat kimi danışmağa haqqı yoxdur. O bütün hərbi qanunları pozmuş adamdır”. Bu sözləri Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Azərbaycana ünvanladığı bəyanata münasibət bildirərkən deyib. O qeyd edib ki, Serj Sarkisyan, Robert Koçaryan və Seyran Ohanyanın əli Xocalıda dinc azərbaycanlıların qanına batıb: “O cinayətkar bir rejimin müdafiə naziri vəzifəsini yerinə yetirir. Onların hər biri bu gün həbsdə yatmalıdır. Ermənistanın dövlət olmağa haqqı çatmasa da, təəssüflər olsun ki, dünya birliyi onlara bu hüququ verib. Bunun nəticəsidir ki, adlarını çəkdiyim cinayətkarlar həbsxanada yatmaq əvəzinə boyunlarına qalstuk taxaraq bütün dünyanı gəzir və iftira dolu bəyanatlar verirlər”.

Hərbi ekspertin sözlərinə görə, Ohanyan yaxşı bilir ki, Azərbaycanın ordusu əvvəlki vəziyyətdə deyil, dövlətimiz güclü iqtisadiyyata malikdir, müxtəlif dünya sammitlərində təmsil olunur, beynəlxalq münasibətlər sistemində öz sözünü deyir, qlobal tədbirlərə ev sahibiyi edir, vahid komandanlığa əsaslanan müasir və peşəkar ordu quruculuğuna sahibdir, Silahlı Qüvvələrimiz dünya standartlarına cavab verən texnikalarla təhciz olunub, hava hücumundan müdafiə sistemi yaradılıb: “Bunun nəticəsidir ki, keçən ilin avqust ayında Seyran Ohanyanın rəhbərlik etdiyi ordu Azərbaycanın Silahlı Qüvvələrinə qarşı təxribatlara cəhd edərək cəbhə bölgəsində 100-dən artıq itki verib. Noyabrın 12-də təmas xəttinin Azərbaycan Silahlı Qüvvələrinin yerləşdiyi hissəsinə tərəf çevirən Ermənistanın hərbi helikopteri məhv edilib. Bu ilin yanvar və fevral aylarında da düşmən tərəfi xeyli tiki ilə üzləşib. Sonuncu dəfə isə Gədəbəydə həyata keçirmək istədikləri əməliyyat yenə də uğursuz alınıb”.

Ermənistanın əhalisinin artıq bunlara dözə bilmədiyini deyən E.Həsənli bildirib ki, bir qrup cinayətkarın rəhbərlik etdiyi ölkə erməni xalqını da acınacaqlı həyata sürükləyib: “Əhali kütləvi aksiyalar təşkil edərək hazırkı rejimə qarşı öz etirazlarını bildirirlər. Hərbi xunta isə diqqəti daxili siyasətdən yayındırmaq üçün tez-tez təmas xəttində atəşkəsi pozur. Lakin onlar birmənalı olaraq müharibə etmək istəmirlər. Çünki ermənilər müharibədə qalib gələ biləcəklərinə heç bir halda inanmırlar. Onlar Azərbaycanla müharibə aparmaq gücündə deyillər”.

Hərbi ekspert əlavə edib ki, Azərbaycan qarşısına qoyduğu bütün məqsədlərə qətiyyətlə çatır: “Dövlətimiz transmilli layihələr həyata keçirir, ordu quruculuğunu günü-gündən inkişaf etdirir. Qətiyyətlə demək olar ki, qısa müddətdə Azərbaycan Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğaldan azad edəcək. Ermənistanın torpaqları boşaltmaqdan savayı yolu yoxdur. İşğalçı ölkə torpaqları qaytarmayana qədər nə Azərbaycan, nə də Türkiyə ilə əməkdaşlıq edə bilməz. Ermənistanın dövlət kimi mövcudluğu sual altındadır. Ohanyanın bir balaca abrı, həyası olsaydı cəbhədəki son uğursuzluqdan sonra istefa verərdi. Ona görə də onun verdiyi bəyanatların ciddi əsası yoxdur, bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Seyran Ohanyan gec-tez Azərbaycan məhkəməsində 1988-1992-ci illərdə törətdiyi cinayətlərə görə cavab verəcək. Onun gücü ancaq mülki əhaliyə çatır”.

“Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev hesab edir ki, Ermənistanın müdafiə naziri verdiyi yalan bəyanatlara dünya ictimaiyyətinin diqqətini əsl həqiqətlərdən yayındırmağa çalışır: “Eyni zamanda Ohanyan hərbi ritorika barədə dediyi sözlərlə hər kəsi Azərbaycanın Silahlı Qüvvələrinin Ermənistan ordusundan daha zəif olduğuna inandırmaq istəyir. Halbuki erməni nazir işlətdiyi bu ifadələrlə özü hərbi ritorikaya yol verir. Dünyaya məlumdur ki, regionda ən güclü, müasir və peşəkar ordu quruculuğuna malik dövlət Azərbaycandır. Heç kəsə sirr deyil ki, Silahlı Qüvvələrimizdən fərqli olaraq bu gün Ermənistan ordusunda heyət çatışmazlığı var. Təkcə bu onu deməyə əsas verir ki, Silahlı Qüvvələrimiz qısa müddət ərzində işğal olunan torpaqları azad etməyə qadirdır. Lakin bu gün dövlət başçısı, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə üstünlük verir. Əgər danışıqlar heç bir nəticə verməsə söz Silahlı Qüvvələrimizə veriləcək. Təbii ki, torpaqlarımızın geri qaytarılması üçün ordumuz hücuma keçsə düşmən tərəfi təzyiqlərimizə tab gətirə bilməyəcək. Azərbaycan qısa vaxt ərzində müharibədə elə dönüş yaradacaq ki, düşmən qoşunlarının mübarizə aparmaq cəhdləri heç bir halda nəticə verməyəcək və onların harada dayanacaqları sual altında qalacaq”.

Qeyd edək ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan erməni mətbuatına açıqlama verərkən Azərbaycan hakimiyyətini hərbi ritorikadan çəkinməyə çağırıb.

Məsələylə bağlı Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyanın boş və reallıqdan uzaq fikirləri beynəlxalq aləmdən təcrid olunmuş siyasi, hərbi və iqtisadi cəhətdən iflasa uğrayan Ermənistan xalqı üçün hesablanıb: “Keçən ilin avqust ayında və bu ilin əvvəlində cəbhə bölgəsində Ermənistan ordusunun çoxsaylı itkiləri, meyitlərini maşınlarla daşımaları, yəqin ki, S.Ohanyanın yaddaşından silinib. Əgər bu belədirsə, Azərbaycan əsgəri yaxın vaxtlarda öz gücü və qüvvəsini bir daha ona göstərməklə bunu növbəti dəfə sübut edəcək”.

Ceyhun ABASOV

 





01.08.2015    çap et  çap et