525.Az

"Həmsədrlər problemin çözülməsində maraqlı olmalıdır"


 

"SÜLHMƏRAMLILAR HAQDA QALDIRILAN MƏSƏLƏLƏR MÜNAQİŞƏNİN HƏLLİNƏ YÖNƏLDİLMƏYİB"

"Həmsədrlər problemin çözülməsində maraqlı olmalıdır"<b style="color:red"></b>

"Azərbaycan və Ermənistan prezidentlərinin sentyabrın ortalarında ABŞ-da keçirilməsi planlaşdırılan görüşünə müəyyən hazırlıqların getdiyi heç kimə sirr deyil. Amma sual yaranır ki, nəyə hazırlıqlar gedir?  Əgər Ermənistanın müdafiə nazirinin birinci müavini David Tonoyanın Vaşinqtonda keçirdiyi görüşlər zamanı erməni qaynaqlarının yaydığı kimi söhbət doğrudan da daha çox münaqişə zonasında sakitliyin yaradılması ətrafında və ön planda olan insidentlərin baş verməməsi üçün cəbhə xəttti boyunca beynəlxalq monitorinq sisteminin təşkilindən gedibsə, onda bu, problemin həlli baxımından yaxşı heç nə vəd etmir". Bu sözləri millət vəkili Sahib Alıyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində Azərbaycan və Ermənistan prezidentlərin görüşünün təşkili ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, rəsmi Bakı üçün ABŞ və eləcə də digər həmsədr dövlətlərin münaqişə zonasında sakitliyin yaradılması və bunun üçün də müəyyən mexanizmlərin tətbiqində maraqlı olmaları deyil, problemin çözülməsində maraqlı olmaları lazımdır: "Beynəlxalq normalar, beynəlxalq hüquq da bunu tələb edir".

Millət vəkili qeyd edib ki, lakin Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin ölkəsinin Dağlıq Qarabağ üzrə beynəlxalq sülhməramlı qüvvələrin yaradılması haqqında BMT-nin yeni qətnaməsinə tərəfdar çıxdığını açıqlaması onu göstərir ki, onları münaqişənin həlli yox, dondurulmuş vəziyyətdə saxlanması maraqlandırır: "Münaqişənin həlli ilə bağlı hansısa bir irəliləyiş olmadığı halda bu, nə sülhməramlılar söhbətidir? Əgər problemin çözümü istənilirsə, niyə görə cənab Uorlik yeni bir qətnamənin qəbulundansa, erməni tərəfini həmin BMT-nin Dağlıq Qarabağla bağlı qəbul etdiyi 4 qətnamənin şərtlərinə əməl etməyə çağırmır? Axı ancaq bu baş verdiyi şəkildə hansısa sülhməramlıların gətirilməsi danışıqlar mövzusu ola bilər".

S.Alıyev əlavə edib ki, bir sözlə, cəbhə xəttində monitorinq sisteminin qurulması, sülhməramlılar haqda qaldırılan məsələlər heç də münaqişənin həllinə yönəldilməyib: "Bunlar Azərbaycana təzyiq məqsədilə edilir. Əgər ermənilərin cəbhədə verdikləri itkilər son bir ildəki kimi çox olarsa, onda havadarları münaqişə zonasında sakitliyin yaradılması üçün "mexanizmlərin tətbiqi"nə və hətta bölgəyə sülhməramlıların gətirilməsinə səy göstərəcəklər. Cəbhədəki erməni itkilərinə görə narahat olanlara Azərbaycanın cavabı bəllidir. O cavabı ölkənin Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu il fevralın 5-də Münhen Təhlükəsizlik konfransında bütün dünyanın gözü önündə də səsləndirib: "İşğal olunmuş ərazilərdə Ermənistan əsgərlərinin nə işi var? Erməni əsgərinin Ağdamda nə işi var? Əgər o ölmək istəmirsə, onda qoy Ağdama getməsin, olduğu yerdə qalsın, İrəvanda, Gümrüdə, öz ölkəsində qalsın".

Ceyhun ABASOV

 





04.08.2015    çap et  çap et