525.Az

Azərbaycan və Türkiyə XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib


 

Azərbaycan və Türkiyə XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib<b style="color:red"></b> Bu gün Bakıda Azərbaycan və Türkiyə Respublikasının Xarici İşlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələr keçirilib.

XİN-in mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, Türkiyə nümayəndə heyətinə isə bu ölkənin xarici işlər nazirinin müavini Fatih Ceylan başçılıq edib.
 
Görüş zamanı iki ölkə arasında bütün sahələri əhatə edən münasibətlərin hazırkı vəziyyətindən, Yüksək Strateji Əməkdaşlıq Şurası çərçivəsində imzalanmış sənədlərin müddəalarının tələb etdiyi məsələlərin həyata keçirilməsində qarşıya qoyulmuş tapşırıqlar müzakirə edilib. Həmçinin, Türkiyə ilə Azərbaycan arasında regional münasibətlərlə yanaşı, beynəlxalq çərçivədə əməkdaşlığın mühümlüyü vurğulanıb, diaspor təşkilatlarının birgə fəaliyyəti üçün ortaq mexanizmlərin olmasının vacibliyi qeyd edilib. İkitərəfli münasibətlərin ümumi səviyyəsindən məmnunluq ifadə edilməklə yanaşı, bunun daha dinamik şəkildə reallaşdırılması yollarına toxunulub.
 
X. Xələfov Azərbaycanla Türkiyə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib, iki ölkənin maraqlarının bütün sahələrdə üst-üstə düşdüyünü bildirib, nəinki regionda, həmçinin beynəlxalq səviyyədə birgə fəaliyyətin məhsuldar nəticələrinin olduğunu xatırladıb. Bununla yanaşı, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində Türkiyənin dəstəyinin əhəmiyyətini vurğulayaraq, bunun davam etdirilməsinin regionda sülhün bərqərar olmasına xidmət etməklə yanaşı, “status-kvo”nun dəyişdirilməsinə birbaşa təsir edəcəyini bildirib. ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlarda Ermənistanın destruktiv mövqeyini qeyd edib. Türkiyənin Ermənistanla sərhədlərinin münaqişənin həll olunmayana qədər açmayacağına dair yüksək səviyyədə bəyanatlarını məmnunluqla xatırladaraq, buna ictimaiyyətin olduqca həssas yanaşdığını söyləyib.
 
Xələf Xələfov və türkiyəli həmkarı Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən enerji, nəqliyyat layihələri ətrafında fikir mübadiləsi aparıblar. X. Xələfov regionda stabilliyin və davamlı inkişafın təmin olunmasında başlıca maneənin Ermənistan-Azərbaycan münaqişəsi olduğunu qeyd edib. O, Azərbaycanın hazırda siyasi, iqtisadi, beynəlxalq institutlar çərçivəsində güclü dövlət olduğunu, regional layihələrin həyata keçirilməsində başlıca rol oynadığını vurğulayıb, Ermənistanın işğalçı siyasətinin rəsmi İrəvanın bütün regional layihələrdən təcrid olunduğuna gətirib çıxardığını bildirib.
 
X. Xələfov Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından qeyd-şərtsiz çıxarılmasının zəruriliyini qeyd edib.
 
Görüşdə qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
 





21.12.2012    çap et  çap et