525.Az

"BMT Qarabağda sülhməramlıların yerləşdirilməsi haqda qərar qəbul edə bilməz"


 

"... SÜLHMƏRAMLILARIN YERLƏŞDİRİLMƏSİ ÜÇÜN AZƏRBAYCANIN RAZILIĞI LAZIMDIR"

"BMT Qarabağda sülhməramlıların yerləşdirilməsi haqda qərar qəbul edə bilməz"<b style="color:red"></b>

"BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda beynəlxalq sülhməramlıların yerləşdirilməsi haqda qərar qəbul edə bilməz. Dağlıq Qarabağda beynəlxalq sülhməramlıların yerləşdirilməsi məsələsi ümumiyyətlə müzakirə olunmayıb". Bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Dağlıq Qarabağda beynəlxalq sülhməramlıların yerləşdirməsi üçün BMT-nin qətnamə layihəsi işlədiyi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, 1994 və 1997-ci illərdə Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi ilə bağlı iki qərar qəbul olunub: "1994-cü ildə ATƏT-in Budapeşt sammitində qəbul olunan qərarda qeyd olunub ki, vasitəçi tərəflərdən biri bölgədə təkbaşına sülhməramlı yerləşdirə bilməz. Xüsusilə də bu qərar Rusiyaya görə qəbul olunub. Çünki həmin dövrdə Rusiyanın münaqişəyə təsiri daha güclü idi. 1997-ci ildə isə qərar qəbul olunub ki, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri və Azərbaycanla Ermənistanın qonşuları sülhməramlı rolunda iştirak edə bilməzlər. Yəni, Rusiya, ABŞ, Fransa, Türkiyə və İran Dağlıq Qarabağa sülhməramlı göndərə bilməz. O vaxtdan bəri sülhməramlı məsələsi müzakirə mövzusu olmayıb".

Politoloq qeyd edib ki, bu yaxınlarda Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu barədə bir kəlmə söz işlədib və bundan sonra süni şəkildə məsələ ortalığa atılıb: "Əslində isə ortada ciddi bir məsələ yoxdur. Uorlikin özü deyib ki, danışıqlar zamanı sülhməramlı məsələsi müzakirə olunmayıb. Əgər həmsədrlər bu məsələni müzakirə  etməyiblərsə, BMT Təhlükəsizlik Şurası necə qərar qəbul edə bilər? Hansı ekspert bunu iddia edirsə, əsasını da gətirməlidir. BMT Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi barədə çərçivə prinsiplərini qəbul etsin, əvvəlki qətnamələrin həyata keçməsini şərtləndirsin, bundan sonra sülhməramlılar barədə düşünməyə başlasın".

İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri, politoloq Məhərrəm Zülfüqarlı BMT Təhlükəsizlik Şurasının əsas iki üzvü ABŞ və Rusiya dünya siyasətində bir-birinə əks olan böyük dövlətlərdir. O xatırladıb ki, beş daimi üzvdən hər birinin veto qoymaq hüququ var. Politoloq hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi də bilavasitə böyük güclərin törətdiyi problemdir: "Yəni, münaqişənin memarı Rusiya olsa da, Qərb dövlətləri də bundan öz maraqları naminə bəhrələnib. Ona görə də, müəyyən qətnamə layihəsinin BMT Təhlükəsizlik Şurası üzvləri tərəfindən qəbul olunması üçün Rusiya ilə ABŞ-ın razılığa gəlməsi lazımdır. Çünki bu iki dövlətdən hər hansı biri qərarın qəbuluna etiraz etdikdə, qətnamə layihəsi təsdiq olunmur. Mətbuatda isə bu barədə kifayət qədər fikirlər səslənir. Dəfələrlə elə olub ki, ya ABŞ, ya da Rusiya münaqişənin həllində təşəbbüsü öz əlinə almağa çalışıb və buna görə də digəri ona imkan verməyib. 1999-cu ildə ATƏT-in İstanbul sammiti ərəfəsində ABŞ çox ciddi-cəhdlə Dağlıq Qarabağ münaqişəsinin həllində təşəbbüsü əlinə almağa çalışsa da, Rusiya Ermənistan parlamentində qətliam hazırlayaraq bütün razılaşmaları pozub".

M.Zülfüqarlı bildirib ki, BMT Təhlükəsizlik Şurasında olduğu kimi ATƏT-də qərarlar konsensusla qəbul olunur: "Yəni, bütün üzvlər layihənin lehinə, biri isə əleyhinə səs verərsə, qərar qəbul olunmur. Ona görə də bu cür məsələlərdə böyük dövlətlərin razılığa gəlməsi lazımdır".

Politoloq əlavə edib ki, Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi üçün Azərbaycanın razılığı lazımdır: "Azərbaycanın digər təşkilatlara olduğu kimi BMT-yə də Dağlıq Qarabağ əraziləri ilə birgə daxil olub. Dünya birliyi Dağlıq Qarabağı Azərbaycan ərazi bütövlüyünün ayrılmaz tərkib hissəsi kimi tanıyır. Eyni zamanda, sülhməramlıların kimliyi məsələsinə də toxunulması vacib olan mövzudur. Həmçinin ATƏT-in Minsk Qrupunun heç bir üzv dövləti Azərbaycan xeyrinə olan məsələlərdə mövqe nümayiş etdirmirlər. Ona görə də münaqişə bu qədər yubanır. İlk növbədə Minsk Qrupunun formatını dəyişmək lazımdır. Heç olmasa Azərbaycanın ədalətli mövqeyini müdafiə edən bir dövlətin qurumda təmsil olunması vacibdir. İndiki vəziyyətdə vasitəçilik missiyasını yerinə yetirən Minsk Qrupundan Azərbaycana xeyir gəlməyəcək".

Qeyd edək ki, bir müddət öncə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik ölkəsinin BMT-nin Dağlıq Qarabağda beynəlxalq sülhməramlıların yerləşdirilməsi barədə yeni qətnamə layihəsinin qəbulunda maraqlı olduğunu bildirib.

Ceyhun ABASOV

 





05.08.2015    çap et  çap et