525.Az

“Taqətdən düşən əsgərlər iti kəsib, şişə çəkdilər...”- “Kəşfiyyatçının xatirələri”


 

“Taqətdən düşən əsgərlər iti kəsib, şişə çəkdilər...”- <b style="color:red">“Kəşfiyyatçının xatirələri” </b>

Qarabağ müharibəsinin gerçək hekayətlərini kəşfiyyatçı Rey Kərimoğlu yazır

Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıb məni. O günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları var ki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxt yazılırsa yazılsın...Elə məqamlar var ki, onlar heç vaxt unudulmur.
 
Digər tərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdə qəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsində sağ qalan insanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilk illərində yaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməni işğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranması prosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən 1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədən təsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam...
 
Bu da mənim bir vaxtlar yazmaq istəyib yaza bilmədiyim bir gündəliyin bir səhifəsi. İndi bu səhifənin bəzi yerləri o qədər pozulub ki, oxunmaz hala gəlib. Amma hələ gec deyil, nə qədər ki, biz - bu qanlı səhnənin gerçək şahidləri varıq, bu səhifələri bir yerə toplayıb o günlərin xatirəsini əbədiləşdirməliyik. Tamamilə oxunmaz hala gəlmədən...
 
Həmin gün xocalıları xilas etmək üçün döyüşən xeyli ağdamlı şəhid oldu... Tanıdığım döyüşçülərdən Canpoladla Xosrov da şəhid olanlar arasında idi. Həmin gün döyüşdə təkcə bizim kənddən 3 nəfər - Nail Nəsirov, Müşviq Rəhimov və Seymur Zakiroğlu yaralandı. O döyüşdə bütövlükdə 55 ağdamlı döyüşçünün həlak olduğunu dedilər. Üstündən 1 həftə keçəndən sonra da xocalılardan bir dəstəsi Ağdamın Cinli-Əlimədətli kəndlərinə gəlib çıxdı. Ayaq yalın, baş açıq, əl-ayaq donmuş, bir çoxu da yaralı...
 
Fevralın 26-da səhər biz Ağdamın Şelli kəndi yaxınlığındakı Qaraqaya istiqamətindən - Əsgəran tərəfdən xəndəyin içərisi ilə iki jurnalistin gəldiyini gördük. Onların birinin əlində videokamera, digəri isə əlində kamera olanı arxadan qoruya-qoruya bizə tərəf qaçırdılar.
Əvvəlcə istədik onları vuraq, amma vurmadıq. Yaxınlaşanda əlində kamera olan adam Azərbaycan dilində bizə səsləndi:
 
- Vurmayın! Vurmayın! Biz də özümüzünkülərdənik!
 
Əlində kamera olan şəxs türk jurnalist idi, digəri isə azərbaycanlı. Üstündən uzun illər keçəndən sonra, yalnız 2005-ci ildə Türkiyənin tanınmış jurnalisti İrfan Sapmaz “Yeni Müsavat” qəzetinə açıqlamasında dedi ki, həmin gün əlində kamera olan jurnalist o olub, ikinci şəxs isə Azərbaycanın tanınmış jurnalisti Ağası Hun imiş. İrfan Sapmaz bildirib ki, o zaman Türkiyənin TRT 1 televiziya kanalında işləyirmiş və həmin çəkilişləri də bu kanal üçün çəkib. Maraqlıdır, 1992-ci ildə, fevralın 26-da çəkilmiş o kadrlar hanı, niyə ortalıqda yoxdur? Yalnız üstündən 15 il keçəndən sonra, səhv etmirəmsə, 2007-ci ildə İTV-də çəkilən səndəli filmdə bir neçə kadr göstərilib. Həmin kadrlarda belə çox vacib faktlar var.
 
BU MƏLUMATLARI HAMIMIZ TƏKRAR-TƏKRAR OXUMALIYIQ
 
Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri də Xocalı soyqırımıdır. Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaydır. Müxtəlif yerli və xarici etibarlı mənbələrdən təsdiqlənmiş dəqiq məlumatlarda deyilir:
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırım siyasətini həyata keçirmişdir.
Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, insanların başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir. 1275 nəfər əsir və ya girov götürülmüşdür. Hücumda həmçinin mayor Ohanyan Seyran Muşeqoviçin (Seyran Ohanyan hazırda Ermənistanın müdafiə naziridir) komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşik iştirak etmişdir. (“Xocalının işğalına dair istintaq materiallarından”)
Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır...
 
Ağdamda təkcə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov (1992-ci ildə şəhid oldu) 1005 Xocalı sakinini girovluqdan azad etdi...
 
Xocalı soyqırımına haqq qazandıran Robert Köçəryan və Serj Sərkisyan özləri də etiraf edirlər ki, onlar bu faciəni ona görə törədiblər ki, azərbaycanlılar bilsinlər ki, ermənilər zarafat etmirlər.
 
Xocalıdan sonra Umudlu təhlükədə idi...
 
11-ci yazı
 
Ötən xatirələrimizdə Ağdərənin Umudlu kəndi haqqında məlumat vermişdik. Umudlu üç tərəfdən uca dağlarla, bir tərəfdən isə Sərsəng su anbarı ilə yanaşı çoxsaylı erməni kəndlərinin mühasirəsində yerləşən qədim bir Azərbaycan kəndi idi. Buranın Azərbaycanla əlaqəsi yalnız vertolyotla olduğundan kənddə işıq, ərzaq, dərman və digər problemlər mövcud idi. Kəndi Şirin Mirzəyevin komandiri olduğu hərbi hissənin adi silahlarla silahlanmış 55 nəfərlik dəstəsi qoruyurdu.
 
Kənddə vəziyyət ağırlaşdıqca, Şirin Mirzəyev bir peşəkar hərbçi kimi Azərbaycan Respublikasının rəhbərliyinə, Müdafiə Nazirliyinə və digər aidiyyatı orqanlara dəfələrlə telefonoqrama göndərib. Həmin telefonoqramların surəti bu gün də Şirin Mirzəyevin əsgərlərində qorunub saxlanılır. (Onların böyük bir hissəsi hərbi jurnalist İbrahim İbadoğlunun (Rüstəmovun) 1995-ci ildə işıq üzü görən “Sərkərdə” kitabında da verilib. Biz Şirin Mirzəyevin və onun komandiri olduğu hərbi hissə ilə bağlı saxlanılan bütün sənədləri ilk dəfə olaraq yaxın vaxtlarda Lent.az da yayacağıq). Onların içərisində Umudlunun xilas olunması ilə bağlı Şirin Mirzəyevin narahatçılığına və ciddi-cəhdlərinə cavab olaraq 1992-ci ildə, fevralın 18-də Qarabağ Müdafiə Komandanı Tahir Əliyevlə Müdafiə Nazirliyinin qərargah rəisinin müavini Fəhmin Hacıyev tərəfindən verilmiş bir sərəncam da var: “Ağdərə rayonunun azərbaycanlılar yaşayan Umudlu kəndində yerli sakinlərin və kəndi qoruyan Milli Ordu əsgərlərinin təhlükəsizliyini təmin etmək üçün 1992-ci il fevral ayının 18-dən etibarən onların kənddən çıxarılmasına sərəncam verirəm”.
 
Əsgərlərimiz Umudlunu tərk edir...
 
Bu sərəncamdan sonra fevralın 22-də Umudlu kənd sakinlərinin ümumi yığıncağının bir qərarı var. Umudlu kənd sovetinin sədri Rafael Niftalıyevin imzaladığı sənəddə kəndin real vəziyyəti əks etdirilib. “İndiyənə qədər olmazın əzabına məruz qalmışıq, artıq 5-ci ilə keçib ki, qorxu və dəhşət içində yaşayırıq. Məktəbimiz yandırılıb, evlərimiz top atəşi ilə dağıdılıb, dekabrın 23-dən (1991-ci il) daimi məskənimiz soyuq səngərlərdir. Bu ölüm-dirim mübarizəsində bizə silah da verən olmadı. Dünənə qədər başımızın üstündə yüzlərlə ağa var idisə, bu ağır gündə bir rəhbər tapılmır ki, ətəyindən yapışaq. Yaxşı ki, Ağdam taborunun (Ş.Mirəzyevin Umudludakı dəstəsi nəzərdə tutulur) könüllüləri - yurdumuzun qeyrətli oğulları varmış. Onlar olmasaydı, indi yəqin ki, Umudlu da respublikanın xəritəsindən silinmişdir...”  Ürək ağrısı ilə oxuduğumuz bu sətirlər yazılanda hələ Umudlu işğal olunmamışdı. Amma vəziyyət son dərəcə ağır duruma gəlib çatmışdı...
 
Mən yanvarın sonlarında digər əsgərlərlə birgə əvəz edilərək Umudludan çıxmışdım deyə kəndin son günlərində orada olmamışam. Biz qayıdandan sonra baş verən hadisələri Umudludakı qrupa rəhbərlik edən baş leytenant Fəxrəddin Rəcəbovdan, kəşfiyyatçı Eldar Səmədovdan, gənc əsgər Rafiq Qarayevdən və kənd sakini Məhəmməd Nağıyevdən eşitdiklərimi danışıram sizlərə...
 
Fəxrəddin Rəcəbov deyir ki, fevralın 28-də Şirin Mirzəyev vertolyotla özü Umudluya uçub. Şirin Mirzəyevin igidliyi sayəsində həmin gün yerli əhalini çıxarmaq üçün hərbi vertolyotların müşayiəti ilə  kəndə iki vertolyot enib. Birinci reyslə yerli əhalini və əsgərlərin (Həmin ərəfədə əsgərlərin sayı 55 deyil, 35 olub) bir qismini yola salıblar. İkinci reysə isə yanacaq olmadığını bəhanə edərək bir vertolyotlardan biri qayıtmayıb. Əvvəlcədən razılaşdırılmış plana uyğun olaraq postlarda qalan və ən sonda vertolyota minməli olan 18 əsgər və 7 nəfər yerli sakin də qaça-qaça vertolyot meydançasına gəliblər. Lakin cəmi bir vertolyot olur o da bunlar çatana qədər dolur.
 
Vətən uğrunda iti kəsib yedilər
 
Həmin günləri F.Rəcəbov belə xatırlayır: “Səhəri günə də vertolyotun gələcəyinə ümid yox idi. Ermənilər ətrafdan hər şeyi görürdülər və onlar bizim gücümüzün azaldığını bilməmiş deyildilər. Çıxılmaz vəziyyət yaranmışdı. Ermənilərin tam əhatəsində, hərbi sursatımız az, özümüz də cəmi 25 nəfər. Qərar aldıq ki, ehtiyat variantı işə salaq. Heç bir tədarük görə bilməsək də, əlacsız qalıb meşəyə çəkildik. Buna məcbur idik. Uşaqlar rabitə cihazını (“Ratsiya”) elektrik mənbəyi ilə birləşdirən naqili yaddan çıxarmışdılar deyə batalyonla əlaqə saxlamaq mümkün olmadı. Həmişə qarlı olan Murovdağın bəlkə də insan ayağı dəyməyən sıldırımları ilə irəliləmək çox çətin idi. Bir az keçmiş kənd sakinləri getməkdən imtina etdilər. (Digər əsgərlər mənə dedilər ki, sakinlər bu dəstənin sağ-salamat Kəlbəcərə gedib çıxacağına inanmırmışlar – R.K.) Onları nə qədər dilə tutsaq da xeyri olmadı. Hətta bir sakinlərindən biri qabardan bərkiyib sanki daşlaşmış əlini bizə göstərək dedi ki, “neçə illərlə bu əllərimlə tikdiyim ikimərtəbəli evimdə heç bir gecə də yatmamışam, qoy erməni məni öldürsün, amma buradan gedən deyiləm!”
 
Bütün təkidlərimizin əhəmiyyətsiz olduğunu görüb inadımızdan əl çəkdik. Kənd sakinlərindən yalnız biri - Məhəmməd Nağıyev bizimlə gedəcəyini dedi. Digər kənd sakinləri geri qayıtdı. Biz isə irəliyə doğru getməyə başladıq. Kəndi tərk edərkən bizə qoşulmuş ov tulası da yanımızda idi. Xeyli getmişdik, artıq uşaqlar yorğunluqdan yeriyə bilmirdilər... Əvvəllər arandan yaylağa köç edərkən camaatın saldığı yurd yerlərindən birinə çatdıq. Orada dayandıq. Ocaq qalayıb, bir az qızındıq. Uşaqlardan kiminsə götürdüyü və yeganə ərzağımız olan suxarını yedik. Saşa adlı gənc bir əsgər islanmış çəkmələrini qurutmaq üçün onları ocağın kənarına qoymuşdu. Birdən onun çəkmələrindən biri istinin təsirindən əriməyə başladı və tamam yarasız hala düşdü. Eldarın əsgər papağının qulağından və kiminsə ködəkcəsinin qolundan ona ayaqqabı “tikdik”. Bir az dincələndən sonra yenidən yola düzəldik. Aclıq, soyuq, qarlı və aşırımlı yol biz tamam əldən salmışdı. Bir neçə nəfərin ayağını artıq don vurmuşdu... Saşanın vəziyyəti isə lap ağır idi... Qarın üstündə çox getməkdən Şahinin gözü qara düşmüşdü. Yayda da qarlı olan Murov dağında hara baxırdınsa, hər tərəf göz işlədikcə ağappaq sahə idi. İki gün keçmişdi, artıq uşaqlarda yeriməyə taqət qalmamışdı. Eldar mənə yaxınlaşıb dedi ki, bir az qabağa gedəcək. Düşündüm ki, yəqin kəşfiyyata gedir. Bir az keçmiş güllə səsi gəldi. Amma avtomat yox, “TİR” deyilən kiçik çaplı tüfəngin səsi idi. Çox narahat oldum, elə zənn elədim ki, kimsə özün vurdu. Onlara yaxınlaşanda qar üzərində qan izi gördüm. Bu məni daha da qorxutdu. Bir az da irəli getdim, yerimdə quruyub qaldım-qarın üstündə it cəsədi var idi... Eldar bizimlə kənddən gələn ov tulasını vurmuşdu. Bu iki gündə ona yamanca öyrənmişdik... Saşa iti səliqə ilə, qoyun kimi soydu. Çox pis olmuşdum, amma heç nə demədim. Uşaqlar ocaq qalayıb, itin ətindən yaxşı bir “kabab” çəkdilər... Bəzi əsgərlərimiz əvvəlcə yemək istəmədilər, lakin müəyyən “profilaktik” söhbətdən sonra hamı yedi (sonralar Məhəmməd Nağıyevlə Rafiq Qarayev mənə dedilər ki, it ətindən, guya, onlar yeməyib - R.K.) Amma “kababın” qoxusu pis deyildi... (Gülür) “Kababdan” sonra təxminən 7-8 saat hamının yerimək imkanı bərpa olundu”.
 
Ancaq sonradan onlar yenə yorulub əldən düşüblər...
 
Vəziyyətin ağırlaşdığını görüb, nisbətən gümrah qalan altı nəfəri Kəlbəcərin Ağdaban kəndi istiqamətinə göndəriblər. Əslində bunu ona görə ediblər ki, heç olmasa, hamı məhv olmasın. Kimsə bizimkilərə dəstə barəsində məlumat verə bilsin. Həmin altı nəfər Ağdaban kəndi istiqamətində yola düşüb. Göndərilən altı nəfər martın 2-də...
 
(Ardı var)

lent.az

 





22.12.2012    çap et  çap et