525.Az

"Elə rayonlar var ki, sanki icra başçıları ora istirahətə göndəriblər"


 

"Elə rayonlar var ki, sanki icra başçıları ora istirahətə göndəriblər"<b style="color:red"></b>

"Azərbaycanı dərindən tanımaq üçün qarış-qarış gəzmək lazımdır".

Bunu Milli Məclisin (MM) deputatı Fazil Mustafa dilə gətirib. Onun sözlərinə görə, regionların inkişafı həm də orada görülən işlərin qiymətləndirilməsindən və problemlərin diqqətə çatdırılmasından asılıdır.

O, deyib ki, ölkə prezidentinin tez-tez bölgələrə baş çəkməsi yerli məmurlarda xeyli məsuliyyət hissi yaradır və ən azı anlayırlar ki, elə-belə girələnmək olmaz, səlahiyyət çərçivəsində konkret rayon və şəhər üçün faydalı işlər görmək lazımdır: 

"Bu istiqamətdə həm dövlət büdcəsindən, həm də prezidentin ehtiyat fondundan xeyli vəsait də ayrılır. Yerlərdə bu vəsaitin beş-on mini yerli məmurlar tərəfindən ora-bura dağıdıla bilər, ancaq görülən işlərin nəticəsi də kifayət qədərdir. Məsələn, bu günlərdə mən on il öncə olduğum Balakən şəhərini tanımadım. Bütün siması dəyişib. Modern şəhər şəkli alıb. Qəbələdə artıq müasir şəhərə aid bütün infrastruktur var. Xüsusilə də Çuxur Qəbələ deyilən qədim yaşayış məskənində restavrasiya işləri və muzeyin tərtibatı xeyli yüksək səviyyədədir. Turizm üçün bu cür canlı muzeylərin təqdimatı çox faydalıdır. Muzeydə Güney Koreyadan gəlmiş mütəxəssislərin azərbaycanlı arxeoloqlarla birlikdə peşəkar tədqiqat aparmasına sevindim.
 
Şəhərdə möhtəşəm kanat yolunun çəkilişi və burada səyahət turu Avropa ölkələrindəki eyni infrastrukturla rəqabət aparacaq səviyyədədir".
 
F. Mustafanın bildirdiyinə görə,  sadəcə, bir az ictimai iaşə qiymətlərini aşağı salmaq lazımdır ki, turistlər bu bölgəyə axın etsin:
 
"Məsələn, ötən gün məşhur bir restoranda 7 nəfərə çaysız, içkisiz yediyimiz nahara görə 190 manat hesab gətirəndə anladım ki, sahibkar hələ də anlamır ki, bu qədər zəhmət çəkilib yenidən qurulmuş bu gözəl şəhərə insanları cəlb etmək üçün normal qiymətlərlə daha çox müştəri, xüsusilə də xarici turist cəlb edə bilərlər və gəlirləri daha artıq olar.

Son illərdə Gəncə, Bərdə və Şəmkir şəhərlərinin müasir ifrastruktura qovuşması insanda həqiqətən xoş ovqat yaradır. Naxçıvan şəhəri şəhər planlaşdırması baxımından nümunə sayıla bilər, küçələrin eni və binaların restavrasiyası şəhərin köhnə simasından əsər-əlamət saxlamayıb. İsmayıllıda məşhur Basqal kəndinə nəhayət qaz çəkilməsi çox sevindirici hadisədir. Şamaxıda ölkə rəhbərliyi tərəfindən Cümə Məscidi kompleksinin yüksək səviyyədə təmiri də şəhərin simasını xeyli dəyişib. Burada qeyd etmədiyim digər şəhərlərdə də xeyli dəyişikliklər olduğunu müşahidə edirik".

Bununla yanaşı, F. Mustafa qeyd edib ki,  bir sıra rayonlar da var ki, oraya sanki icra başçıları istirahət üçün göndəriliblər və ayrılan vəsaiti məqsədyönlü xərclədikləri hiss olunmur:

"Bir məqama da diqqət yetirək ki, əsas olan tikilən deyil, qorunandır. Vətəndaş, öz şəhərinin təmizliyini, imicini necə qoruyur, onun yaşıllaşdırmasının necə qayğısına qalır, günün ən vacib məsələsi budur. Bu son dərəcədə vacib bir məsələdir, çünki məmur gəldi-gedərdir, qalan yerli sakinlərdir, onlar daha çox öz şəhərlərinin imici barədə düşünməlidirlər. Yoxsulluq, işsizlik, hüquqların həyata keçirilməsi, məmur özbaşınalığı ilə bağlı bölgələrdə müəyyən problemlər də var, ancaq dünyada insanların hətta ən ağır müharibə şəraitində belə öz şəhərlərinin, yaşayış məntəqələrinin təmizliyi, gözəlliyi barədə pozitiv davranışlarının onlarla nümunəsini oxumuşuq, eşitmişik, filmlərdə seyr etmişik. Bütün hallarda Azərbaycanı həm də zahirən gözəl görmək hamımızın istəyi olmalıdır".

Kamil HƏMZƏOĞLU

 





07.08.2015    çap et  çap et