525.Az

Bolşeviklər - 28 aprel çevrilişi Litva konsulunun gözü ilə


 

Bolşeviklər - <b style="color:red">28 aprel çevrilişi Litva konsulunun gözü ilə</b>

Bolşevik Rusiyasının 1920-ci ilin aprelində Azərbaycanda həyata keçirdiyi dövlət çevrilişi barədə indiyədək həm Azərbaycanda, həm də başqa ölkələrdə yüzlərlə analitik məqalələr, tarixi əsərlər və elmi monoqrafiyalar yazılıb. Belə nadir əsərlərdən biri də Litvanın Bakıda ilk konsulu olmuş, Litva ədəbiyyatının məşhur klassiki, Litva Elmlər Akademiyasının ilk prezidenti Vintsas Kreve-Mitskəviçyusun qələmə aldığı “Bolşeviklər” (litvaca - “Bolşevikai”) sənədli siyasi oçerkdir.

V.Kreve-Mitskəviçyus 1909-1920-ci illərdə Bakı 1-ci realnı məktəbində müəllim işləyib, rus dili və ədəbiyyatı fənnini tədris edib. O, eyni zamanda burada ictimai-siyasi və mədəniyyət xadimi kimi geniş fəaliyyət göstərib, Litva-Azərbaycan ədəbi-mədəni əlaqələrinin və ictimai-siyasi münasibətlərinin inkişafına qiymətli töhfələr verib. Azərbaycan ədəbiyyatının klassik yazıçısı Abdulla Şaiqlə  yaxın dostluq və yaradıcılıq əlaqələri saxlayıb. A.Şaiq litvalı həmkarı haqqında 1957-ci ildə xatirələrini çap etdirib.

“Kreve” litvalı ədibin təxəllüsüdür, əsl soyadı - Mitskəviçyusdur. Azərbaycanda Vikenti İosifoviç Mitskeviç kimi tanınan bu litvalı xadim 1912-ci ildə Bakı Xalq Universitetini yaradanlardan biri olub. O, Eserlər Partiyası Bakı şəhər komitəsinin təmsilçisi olaraq 1917-ci ildə Bakı şəhər Dumasına deputat seçilib. Bununla yanaşı, Vintsas Kreve 1918-1920-ci illərdə müstəqil Litva-Azərbaycan dövlətlərarası münasibətlərinin təməlinin qoyulmasında və bu ölkələrin beynəlxalq aləmdə de facto tanınmasında bir sıra faydalı işlər görüb. O, 1919-1920-ci illərdə Bakıda Litva dövlətinin Azərbaycan Xalq Cümhuriyyətində konsulu vəzifəsində çalışıb.  

V. Kreve 1920-ci ildə Azərbaycanda 28 aprel çevrilişinin bilavasitə şahidi olub. O, “Bolşeviklər” siyasi oçerkini real tarixi faktlara əsaslanaraq yazıb. V.Kreve bu əsərində 28 aprel çevrilişinin siyasi, ideoloji və hərbi aspektlərini açıqlayıb. Üç hissədən ibarət olan bu oçerk ilk dəfə Kaunasda litvaca nəşr edilən “Tauta” (“Millət”) ictimai-siyasi qəzetinin 1920-ci ilin avqustunda (34, 35 və 36-cı saylarında) çap olunub. Oçerk Litva Azərbaycanlıları Cəmiyyətinin təşəbbüs və səyləri ilə 2007-ci ilin noyabr və 2010-cu ilin aprel aylarında Vilnüs dövri mətbuatında Litva, Azərbaycan və rus dillərində işıq üzü görüb.

Oçerkin indiyədək Azərbaycan mətbuatında tam şəkildə dərc olunmadığını nəzərə alaraq onun orijinaldan tərcüməsini oxuculara təqdim edirik.

1. Sözdə yox, əməldə tanımalı

Bu gün bizim ən güclü qonşumuz, bolşevik Rusiyasıdır. Bolşeviklərlə necə rəftar etməyi bilmək üçün, öncə onları yaxşı-yaxşı tanımaq lazımdır, özü də danışıqlar apardıqları zaman dedikləri sözlərə görə yox, yalnız gördüyü işlərinə, əməllərinə baxıb tanımaq lazımdır.

Bu gün biz bir zaman öncə Zaqafqaziya respublikalarının düşmüş olduqları vəziyyətdəyik. Bolşevikləri tanımaq, taktika və hərəkətlərini bilmək, onları başa düşmək üçün bolşeviklərin Zaqafqaziyada törətdikləri əməllərlə tanışlıq faydalı olardı.

Denikinin Könüllü ordusunun süqutundan sonra Azərbayacan Demokratik Respublikası bolşevik Rusiyası ilə bilavasitə qonşu oldu. Azərbaycan Respublikası təxminən Litva Respublikasının doğulduğu tarixdə yaranmış dövlətdir. Bu dövləti 1918-ci ilin sentyabr ayında bolşevikləri Bakıdan qovmuş almanlar və türklər  yaratdılar. Azərbaycan Respublikası o vaxt yaranmış digər  respublikalara bənzəyirdi; öz parlamenti vardı, nazirliklər işləyirdi, çörək hamıya bəs edirdi, dükanlar doluydu və qiymətlər də şükür ki, heç də baha deyildi. Yaşamaq mümkün idi. Amma yenə, hər yerdə olduğu kimi, Azərbaycanda da əhalinin çoxusu həyatından narazı idi. İnsanlar sanki  yatıb yuxuda görürdülər ki, guya hakimiyyət başqa cür işləsəydi, yaşamaq daha asan olardı. Qara çörəyin qiyməti 6 rus rublu idi, ağ çörəyi 8-9 rubla almaq olurdu. Camaat fikirləşirdi ki, əgər hakimiyyət daha çox çalışsa, yaşayış daha da yaxşılaşardı. Ətin kilosu 20-30 rubla idi, amma camaat hələ də mızıldanır və düşünürdü ki, əgər hakimiyyət möhtəkirliyə qarşı daha qətiyyətlə mübarizə aparsa, onda daha da ucuzluq olardı.

Hökumət idarələrində təhsil görmüş kadrların kəskin çatışmazlığı əhali arasında hakimiyyətə qarşı daha böyük narazılıq yaradırdı. Bütün müəssisələrdə rus dili işlənirdi, çalışanların çoxusu keçmiş rus dövlət məmurları idi. Yalnız Daxili İşlər Nazirliyində, Orduda və Parlament təsisatlarında tatar dilinin (Azərbaycan dilinin - M.H.) işlənilməsi üçün səylər göstərilirdi. Amma tatar (azərbaycanlı - M.H.) məmurlar öz vəzifələrini axıradək başa düşmədiklərindən və nəticədə səhvlərə yol verdiklərindən bu səylər heç bir bəhrə vermirdi. Yarımçıq təhsil görmüş bir tatar az-çox məsuliyyətli bir vəzifəyə keçən kimi dərhal rüşvət almağa başlayırdı, insanlarla elə  rəftar edirdi ki, elə bil dünyanı o yaradıb, özünü elə aparırdı ki, sanki qüdrətinin ucu-bucağı bilinməyən kiçik bir allahdır. Ona görə də idarəetmə aparatı bütünlükdə rusların əlində idi. Amma yüksək dövlət vəzifələrini ziyalı tatarlar tuturdular. Bu, idarəetmə aparatında çalışan rusları qane etmədiyinə görə, onların narazılığını daha da artırırdı. Sözün doğrusu, ruslar heç vaxt Azərbaycanın dostu olmayıblar. Onlar əvvəlcə Denikinin gəlişini gözləyirdilər, Könüllü ordu darmadağın edildikdən sonra isə bolşeviklərin yolunu gözləməyə başladılar.

Şayiələr yayılırdı ki, guya bolşeviklər tamamilə dəyişiblər, əvvəlki bolşeviklər deyillər, artıq dövlət işlərini aparmağı öyrəniblər, terrora əl atmırlar, ziyalıları təqib edib gözümçıxdıya salmırlar, möhtəkirliyə qarşı amansız mübarizə aparırlar və onlar gələndən sonra ucuzluq olacaq, yaşayış yüngülləşəcək. Ruslar onları səbirsizliklə gözləyirdilər, axı, necə deyərlər, pis-yaxşı, hər necə olsa da, onda yenə rus hakimiyyəti olacaqdı. Fəhlələr də gözləyirdilər, onların fikrincə, rus hakimiyyəti fəhlə hakimiyyəti demək idi. Sadə camaat gəzən söz-söhbətlərə şübhə ilə yanaşsa da, onlar da yeni hakimiyyətin yolunu gözləyir və fikirləşirdilər ki, qoy necə olur-olsun, amma ukraynalılar demiş, “xot hirşe, ale inşe”.

Sözün düzü, tatarların da böyük əksəriyyəti bolşevikləri gözləyirdilər; bolşevik agentlər tatarlar arasında təbliğat aparırdılar ki, guya onlar Azərbaycanın müstəqilliyinə toxunmayacaqlar, Azərbaycan onlara yalnız Şərqə  açılan bir qapı kimi gərəkdir, ələlxüsus, bu ölkə guya Türkiyəni xilas etməyə getmək üçün bir dəhliz kimi bolşeviklərə olduqca vacibdir.

Hakimiyyətdə oturan ziyalılar bolşeviklərin sözlərinə inanmasalar da, ruslara qarşı əks siyasət yürütməkdən çəkinir, sərt hərəkətlərlə, milləti və müstəqil dövləti təhlükəyə atacaqlarından ehtiyatlanırdılar. Antantanın agentləri, ələlxüsus İngiltərənin cürbəcür şirkətləri isə Azərbaycanın sərvətlərini amansızcasına istismar etməklə məşğul idilər. İngilislərin köməyinə bel bağlamağın mümkünsüzlüyünü onlar öz əməllərilə dəfələrlə təsdiq etmişdilər. İngilislər Azərbaycana ziyan vurmaqdan başqa bir iş görmürdülər. Vəziyyəti belə görən hakimiyyət isə tərəddüd edir və qərarsızlıq göstərirdi.

Bu tərəddüdlər əvvəl-axır hakimiyyəti ruslarla əlaqələr axtarmağa məcbur etdi. İkitərəfli münasibətlər qurmaq üçün Moskvaya nümayəndələr göndərildi. Azərbaycanın özünün emal edib satmağa gücü çatmadığı zəngin sərvətləri - yanacaq və sürtkü yağlarını, pambığı, dərini, yunu və bir çox başqa malları Rusiyaya ixrac etmək üçün ticarət əlaqələri qurmaq barədə danışıqlar başlandı. Danışıqlara baxmayaraq bolşeviklər Azərbaycan sərhədlərinin yaxınlığında - Petrovskda (Mahaçqalada - M.H.) daha böyük hərbi qüvvə cəmləşdirirdilər. Bundan narahat olmağa başlayan Azərbaycan hakimiyyəti Moskvadan məsələyə aydınlıq gətirilməsini istədi. Moskva bildirdi ki, onun Azərbaycanın dövlət müstəqilliyinə təcavüz etmək fikri yoxdur, Moskva onun müstəqilliyini tanıyır, Azərbaycanla bağlı heç bir gizli məqsədi, qara niyyəti yoxdur. Bildirildi ki, döyüş qüvvələri Denikin Könüllü ordusuna qarşı toplanır, Könüllü ordu darmadağın edildikdən sonra bolşevik qüvvələrinin Petrovskda qalmasının strateji əhəmiyyəti itəcək və onda həmin qüvvələr geri çəkiləcək. İndi Rusiya kiminləsə müharibə etmək barədə düşünmür, yalnız öz daxili həyatını qaydaya salmaq haqqında fikirləşir. Bolşevik hakimiyyətinin istəyi qonşu dövlətlərlə danışıqlar yolu ilə mehriban münasibətlər qurmaq, onlarla xoşniyyətli qonşu kimi yaşamaq, mövcud əlaqələrdən yalnız xalqların rifahı naminə qarşılıqlı şurətdə yararlanmaqdır.

Azərbaycan tərəfi bu cavabdan razı qaldı və ayıq-sayıq olmaq, ehtiyatı əldən verməmək barədə ölkədə adda-budda səslənən çağırışlara məhəl qoymadı. Nəticədə isə aparılan danışıqlar sona çatmaq ərəfəsində bolşeviklər Azərbaycanın şimal sərhəddindəki Yalama stansiyasını tutdular. Azərbaycan hakimiyyəti bolşeviklərə inandığından bütün hərbi qüvvələrini əsasən Ermənistanla sərhəddə cəmləşdirmişdi. Şimal sərhədlərdə hadisələrin belə inkişafını görən Azərbaycan etiraz səsini qaldıraraq yaranmış vəziyyətlə əlaqədar Moskvaya sorğu ünvanladı və bolşeviklərin sərhəd zonasında fəaliyyət göstərən hərbi komandanının yanına nümayəndə heyəti yolladı.

Nümayəndə heyətinə deyildi ki, atılmış addımlar strateji məqsəd daşıyır, söz-söhbət gəzir ki, Azərbaycan ruslarla davaya hazırlaşır və bu savaşda İngiltərəni də müttəfiq kimi köməyə çağırmaq fikri var. Ona görə də strateji məqsədlə Yalama stansiyasını tutmağa məcbur olublar və əgər o söz-söhbətlərin və şayiələrin  əsassız olduğu aydınlaşsa, bolşevik hissələri stansiyanı tərk edib geri çəkiləcəklər.

Nümayəndə heyəti geri qayıdıb Bakıya çatmağa macal tapmamış xəbər yetişdi ki, bolşeviklərin zirehli qatarı artıq Bakıdan dörd saatlıq məsafədə yerləşən Dərbəndi də tutub.

Moskvadan isə heç bir cavab gəlmirdi.

Onların qarşısını kəsmək məqsədilə həmin şəraitdə səfərbər olunması mümkün hərbi qüvvələr həmin istiqamətə göndərildi. Həmin qüvvələr IV hərbi polkdan, II polkun bir batalyonundan və kiçik könüllü atıcılar dəstəsindən ibarət idi. Bu qüvvələrə rus bolşeviklərinin təbliğatına uymuş türk zabitləri komandanlıq edirdilər. Göndərilən qüvvələrin bir qismi bolşeviklərin tərəfinə keçdi, digər hissəsi döyüşdə pərən-pərən salındı, qalan kiçik qrup isə Bakının on üç verstliyində yerləşən Biləcəri stansiyasına çəkilməyə macal tapa bildi.

Bakıya giriş yolu bolşeviklər üçün artıq açıq idi.

2. Bir yanda danışıqlar aparır, o biri yanda öz işlərini görürlər 

Bolşeviklər revkomlar yaradaraq şəhərdə növbə ilə keşik çəkir və əhali arasında vərəqələr yayırdılar. Həmin vərəqələrdə hakimiyyətin onlara verilməsini tələb edir və göstərirdilər ki, yalnız onlar - bolşeviklər Rusiya Sovet hökuməti ilə razılığa gələ bilərlər, yalnız onlar rusların Qırmızı ordusunun Azərbaycana girməsinin qabağını almağa və Moskvanın Azərbaycanın daxili işlərinə qarışmasına imkan verməməyə qadirdirlər. Digər vərəqələrdə isə Azərbaycan hakimiyyətinin buraxdığı səhvlər sadalanır, hakimiyyətin ünvanına müxtəlif təhqiredici  ifadələr işlədilirdi.

Belə ağır və mürəkkəb şəraitdə Parlamentin iclası çağırıldı. Parlament üzvləri arasında bolşeviklər də peyda olmuşdular, onlar hakimiyyətin qan tökülmədən təhvil verilməsini tələb edir, Sovet hakimiyyəti quracaqlarını bildirirdilər. Onlar müqavimət göstərməyin əbəs olduğunu, Azərbaycanın Bakıya girməkdə olan Qırmızı ordunun qarşısını ala bilməyəcəyini, nahaq yerə qan töküləcəyini, xalqın var-dövlətinin yerlə-yeksan ediləcəyini və hətta Azərbaycanın dövlətinin varlığına son qoyula biləcəyini vurğulayırdılar.

Hakimiyyətin  təhvil verilməsinin əleyhinə olanlar isə deyirdilər ki, axıradək mübarizə aparmaq, bolşeviklərə təslim olmaqdansa, hətta Ermənistanla barışmaq və Gücüstandan kömək istəyib sona qədər vuruşmaq lazımdır.

Mübahisələr uzun çəkdi. Nəhayət, gecə saat on ikidə top səsləri eşidildi. Bolşeviklərin zirehli qatarı atəş aça-aça Biləcəriyə yaxınlaşırdı. Atəş səsləri sonrakı hadisələrə başlamaq üçün bir siqnal idi. Bundan iyirmi dəqiqə ötər-ötməz, yerli bolşeviklər “yaçeykasının” sədri Hüseynov (Azərbaycan SSR İnqilab Komitəsi sədrinin müavini, sonralar Xalq xarici işlər komissarı olmuş Mirzə Davud Bağır oğlu Hüseynov (1894-1938) nəzərdə tutulur. - M.H.) Parlament binasına gələrək ultimatum verdi: Əgər Parlament iyirmi dəqiqə ərzində hakimiyyəti bolşeviklərə təhvil verib dağılmasa, bina hərbi gəmilərdən atəşə tutulacaq”.

Elə bu vaxt xəbər gəldi ki, zabit İldırım paşanın (Azərbaycan SSR-nin ilk Xalq hərbi dəniz komissarı (28 aprel 1920-iyun 1920) Çingiz İldırım oğlu Sultanov (1890-1937) nəzərdə tutulur. -  M.H.) komandanlıq etdiyi hərbi dəniz donanması qırmızı bayraq qaldıraraq bolşeviklərin tərəfinə keçib.

Parlamentin dağılmaqdan savayı çıxış yolu yox idi və Parlament belə də etdi.

Parlamentin sədri və bəzi nazirlər təcili olaraq maşınlarla Bakıdan çıxıb Tiflisə getməyə macal tapdılar. Qalanları isə səhər həbs edildilər. 

Şəhər yuxudan oyanıb gördü ki, artıq bolşeviklər hakimiyyəti ələ keçiriblər.

Hər yanda qırmızı bayraqlar qaldırılmış, çoxsaylı müraciətlər, cürbəcür transparantlar asılmışdı, maşınlar şəhərin küçələri ilə o tərəf bu tərəfə şütüyürdü, şəhər komissarlarla və təpədən dırnağadək silahlanmış fəhlələrlə dolu idi.

Yeniyetmələr, fəhlələr dəstə-dəstə orda-burda yığışırdılar. Arabir küçələrdən zirehli maşınlar ötüb keçirdi. Amma Qırmızı ordu hələ yox idi. Ordu şəhərə ertəsi daxil oldu.

Yerli tatar bolşeviklərdən təzəcə təşkil edilmiş revkomun ilk növbədə atdığı addım bu oldu ki, onlar Moskvaya - Leninə teleqram göndərdilər və yalandan bildirdilər ki, Bakıda hakimiyyəti müqavimət görmədən ələ almış Azərbaycan xalqı Lenini və Trotskini öz rəhbərləri olaraq salamlayıb təbrik edirlər. Teleqramda o da göstərilirdi ki, qırmızı inqilab Azərbaycanında əksinqilabın baş qaldırmaq təhlükəsi olduğundan əksinqilabın yeddibaşlı əjdahasını əzmək üçün həmişə bütün zəhmətkeşlərin azadlıq və xoşbəxtliyi uğrunda mübarizə aparan rus qardaşların Qırmızı ordusunu Azərbaycana köməyə çağırırlar.

Bu teleqram göndəriləndə rus hərbi hissələri Milli hakimiyyəti artıq devirmişdi, amma həmin teleqram diplomatik baxımdan Moskva üçün vacib idi, dünyaya göstərmək lazım idi ki, guya bolşeviklər Bakıya öz təşəbbüsləri ilə yox, xalqın və zəhmətkeşlərin çağırışı ilə gəliblər.

Hadisələrin belə inkişafını gözləməyən və ona görə də Bakını tərk etməyə macal tapmayan Polşa, İngiltərə, Fransa, Gürcüstan və İtaliya diplomatik missiyalarının rəhbərləri elə həmin gün həbsə alındılar. Latışların səlahiyyətli nümayəndəsini də içəri salmaq istəyirdilər, amma o, gizlənib canını xilas edə bildi. Elə həmin gün görkəmli rus, yəhudi və erməni xadimləri, eləcə də müxtəlif xalqların milli komitələrinin bütün üzvləri və sədrləri həbs olundular. Hətta eserlərin Sovet hakimiyyətini çoxdan qəbul etmələrinə və məhz bu hakimiyyətin Azərbaycana gəlişinin arzusunda olduqlarını gizlətməmələrinə baxmayaraq, Eserlər Partiyasının komitə üzvləri və onların “Trudovoye Znamya” qəzeti redaksiyasının əməkdaşları hamılıqla həbsə atıldılar. Tanınmış sosial demokratların aqibəti də eyni cür oldu.

18-20 yaşlı dəliqanlı cavanlardan, həddi-büluğa çatmamış yeniyetmələrdən təşkil olunmuş “çrezvıçaykalar” kimi tuturdularsa yaxasından yapışıb birbaşa həbsxanaya soxurdular. Küçə və meydanlara tökülən kütlə bu səbəblər üzündən özlərini farağat aparırdı. Tacir və istehsalçılar da daxil olmaqla sevinənlər də az deyildi. Onlar fikirləşirdilər ki, ruslarla açılmış əlaqələr nəticəsində sənaye bərpa olunub dirçələcək.

Tatarların narahat olmağa əsası yox idi, revkomun adından yalnız tatar komissarlar tərəfindən imzalanmış müraciətlər yayılırdı. Amma onlar bilmirdilər ki, o kağızları imzalamış tatar komissarların böyük əksəriyyəti onda Bakıda deyildilər.

Qoyulmuş qayda-qanun nə o gün, nə də səhərisi pozuldı. Heç kəs həyatında hansısa dəyişiklik gözləmirdi.

Dövlət idarələrində və müxtəlif müəssisələrdə çalışan qulluqçulara vəzifələrini davam etdirmək əmr olunmuşdu.

O günlərdə Tiflisdə bolşeviklərə qarşı fəaliyyət göstərən yeni Azərbaycan hakimiyyəti yaradıldı. Bu hakimiyyət bolşeviklərin əlinə keçməmək üçün  Bakını tərk etmiş keçmiş Milli hakimiyyət üzvləri tərəfindən təşkil olunmuşdu. Həmin Azərbaycan hakimiyyəti adından Moskvaya Rusiya hökumətinin hərəkətlərindən təəssüf ifadə edən etiraz notası göndərildi.

Gürcüstan hakimiyyəti də Moskvaya nota ünvanladı. Notada Bakıda Gürcüstan hakimiyyətini təmsil edən şəxslərin bolşeviklər tərəfindən həbsinə, Gürcüstanın Azərbaycan ərazisindəki paravoz və qatarlarının ələ keçirilməsinə görə Rusiyaya qəti etiraz bildirildi.

Moskva bu notalara dərhal cavab verdi. Azərbaycan hakimiyyətinin Tiflisdə yığılmış keçmiş üzvlərinə cavab notasında deyilirdi ki, Moskva müstəqil Azərbaycanın daxili işlərinə heç bir vaxt müdaxilə etməyib, Azərbaycan xalqı ayağa qalxaraq onu qane etməyən yarıtmaz hakimiyyəti devirib, əvəzində özünün istədiyi hakimiyyəti quraraq yeni qayda-qanun yaratdığı üçün Moskva özünü günahkar saymır. Odur ki, Moskva Sovet hakimiyyəti heç kəsi aldatmayıb və danışıqları kəsməyib, Azərbaycan hakimiyyətinin yeni təmsilçiləri ilə danışıqlar aparmaqda davam edir. Doğrudur, köhnə və yeni hakimiyyət öz aralarında mübarizə aparan zaman xalq sərvətlərinin məhv ediləcəyindən ehtiyat edən Moskva Azərbaycan xalqının xahişi ilə ora hərbi qüvvələrini göndərib. Çünki həmin sərvətlər Rusiya iqtisadiyyatını da dirçəltmək üçün çox vacibdir. Amma həmin qüvvələrə göstəriş verilib ki, daxili işlərə qarışmasınlar və yeni həyat quruculuğuna mane olmasınlar, yalnız və yalnız həm Azərbaycan, həm də Rusiya üçün çox vacib olan neft sərvətlərini qorusunlar.

Gürcüstan hakimiyyətinə cavabda isə bildirilirdi ki, müstəqil Azərbaycan ərazisində baş vermiş hadisələr üçün Moskva Sovet hakimiyyəti cavabdah deyil və bunun üçün günahkar sayıla bilməz. Keçmiş Azərbaycan hakimiyyətinin atdığı addımların nəticələri üçün məsuliyyət tamamilə onun üzərinə düşməlidir. Moskva Sovet hakimiyyəti Gürcüstanla heç zaman sülh münasibətlərini pozmayıb və bundan sonra da pozmaq fikrində deyil.

Moskva Sovet hakimiyyəti bu cür danışan zaman, onda iyirmi minlik XI Qırmızı ordu artıq Bakıda durmuşdu və Gürcüstana girməyə hazırlaşırdı.

Gürcüstan Moskvanın verdiyi vədlərin nə olduğunu yaxşı bildiyi üçün güclü müqavimət göstərməyə hazırlaşırdı; ölkədə hərbi vəziyyət  və ümumi səfərbərlik elan olunmuşdu, sərhədlərdəki körpülər partladılmışdı və bütün qüvvələr sərhəd rayonlarda cəmləşdirilmişdi. Amma bütün bunlara baxmayaraq, bolşevik qüvvələrinin hərəkət istiqamətini dəyişməyə məcbur etmiş Azərbaycan xalq üsyanları başlanmasaydı və Polşa cəbhəsi açılmasaydı, Gürcüstan yəqin ki, o zaman bolşeviklərin qabağında dura bilməzdi.

3.Burjua xürafatçılığı, burjua cəfəngiyyatı 

Hələ müstəqil Azərbaycanla Moskva arasında danışıqlar gedərkən, bolşeviklər mart ayının dördündə rus milli komitəsinin sədri P-kinin (Bakı Rus milli şurasının sədri, Rusiya Kadetlər Partiyası Bakı şöbəsinin sabiq sədri, Bakı şəhər Dumasının keçmiş deputatı Mixail Floroviç Podşibyakin (1884-1963) nəzərdə tutulur. - M.H.) yanına iki səlahiyyətli nümayəndəsini göndərmişdilər: onlardan birisi Azərbaycan hava qüvvələrinin rəhbərliyində xidmət edən türk zabiti Əfşar xan idi, digərininsə familiyası yadımda qalmayıb. Onlar bilmək istəyirdilər ki, bolşeviklər Bakıya gəldikdən sonra rus ictimaiyyəti və Rus milli komitəsi buna necə münasibət bəsləyəcək və hansı mövqeni tutacaq. Gələn nümayəndələr heç gizlətmirdilər ki, bolşeviklər bu və ya digər yolla may ayının birinə kimi Bakını tutacaqlar. Sədr P-in bu suala komitənin idarə heyətində müzakirədən sonra cavab veriləcəyini bildirdi və martın beşində iclas çağırıldı.

İdarə heyətinin iclasında qərara alındı ki,

1. Azərbaycan hakimiyyəti burada rusların təsirini var qüvvəsi ilə məhv etməyə çalışdığı üçün,

 2. Rusiyanın bərpa olunmasında və sənayesinin genişləndirilməsində Bakının rolu çox vacib olduğuna görə bolşeviklərin Bakını tutmaları məqsədəuyğundur.

3. Hazırda yalnız Sovet  hakimiyyəti yenilik gətirmək qabiliyyətinə malik olduğu üçün, rusların hakimiyyəti Rusiyadan ayrılmış ucqarları birləşdirməyə səylər göstərdiyinə görə, Moskvanın buradakı məqsədlərinə dəstək verilməli, bolşeviklər Bakıya gəldikdən sonra var qüvvə ilə onlara bütün işlərdə əməli kömək göstərilməlidir.

4. Bolşeviklərin Bakıya gəlməsinə qədər isə, “Qolos Rossii” adlı gündəlik qəzetdə Azərbaycan hakimiyyətinə qarşı güclü təbliğat aparılmalı və onu xalqın gözündən salmaq üçün iş görülməlidir.

Bu qərar sözügedən Əfşar xana təqdim olundu və onun bir nüsxəsi də Litvanın Bakıdakı konsulluğunun arxivindədir.

Qeyd etmək lazımdır ki, Rus milli komitəsinin idarə heyətinin bütün üzvləri sözün əsl mənasında, xalis “kadet” idilər və həmin adamlar bolşeviklərin düşmənləri kimi ad çıxarmışdılar. Yalnız bunu demək kifayətdir ki, onların sədri P-kin bolşeviklərin gəlməsindən sonra canını güllələnməkdən ancaq gizlənməklə xilas edə bildi, idarə heyətinin digər üzvü admiral Leontoviç isə “çrezvıçaykanın” qərarı ilə güllələndi. Bolşeviklər bu adamlara indiyə qədər onların Könüllü ordu qüvvələrinin xeyrinə gördükləri işləri bağışlamaq fikrində deyildilər.

Bolşevik diplomatlarının hiyləgər fəaliyyətini əyani şəkildə xarakterizə edən faktlardan biri də budur ki, Rusiyaya neft daşınma işinin böyük ustası olan Dosser (Bakıda neft sənayesinin sovetləşdirilməsinin ən fəal iştirakçılarından olmuş Zinovi Nikolayeviç Dosser (1882-1938) nəzərdə tutulur. Rusiyanın Perm şəhərində anadan olub. Stalin repressiyaları nəticəsində 14 iyun 1938-ci ildə güllələnib. - M.H.) öncədən, hələ martın 6-da xüsusi səlahiyyətlə Qafqaza göndərilmişdi. Belə ki, o, özü ilə bütün neft sənayesini milliləşdirmək üçün  hazırlanmış layihəni də götürmüşdü. Dosser Bakıya yalnız mayın 5-də gəlib çıxa bildi.

Həm bu, həm də yuxarıda qeyd olunmuş faktlar bolşeviklərin yürütdüyü siyasətin iç üzünü görmək üçün kifayət qədər inandırıcı material verir, onlara əməllərinə görə yox, sözlərinə görə necə inanmaq olarsa, onu aydınca göstərir.

Moskvada olarkən təsadüfən bir gürcü ilə görüşdüm. Mən onu hələ müharibədən qabaq tanıyırdım, bir yerdə işləmişdik. İndi isə o, Zaqafqaziya üzrə komissar - “tovariş” K-lakr olmuşdu və “qımızı Moskvaya” qısa səfərə gəlmişdi. Onunla Zaqafqaziya barədə, Azərbaycan və Gürcüstan haqqında söhbət etdik, bolşeviklərin Litva ilə bağladıqları sülh müqaviləsi (Sovet Rusiyası ilə Litva Respublikası arasında 12 iyul 1920-ci ildə Moskvada imzalanmış sülh müqaviləsi nəzərdə tutulur.  -  M.H.) haqqında fikrini xəbər aldım. Onun cavabı təxminən belə oldu:

- Hazırda Rusiyada vəziyyət çox mürəkkəbdir və bolşevik hakimiyyətinin vəziyyəti olduqca ağırdır. Ona görə də Rusiya müqavilə bağlamaq istəmədiyi ölkələrlə vaxtaşırı “kiçik və ya böyük Brest sülh müqavilələrini” bağlamağa məcburdur ki, nəticədə, bir qədər rahat nəfəs alıb özünə gələ bilsin. Amma bolşeviklər yaxşı anlayırlar ki, Rusiyada onların hakimiyyəti, bolşevik idarə üsulu və qoyduqları qayda-qanun yalnız o vaxt yaşaya bilər ki, Rusiyadan varlı və sənaye cəhətdən daha inkişaf etmiş digər Avropa dövlətlərində oxşar bolşevik dövlətləri yaradılsın. Yoxsa bolşeviklər məhv olacaq və onlarla birgə Rusiya da süqut edəcək.

Çünki bolşeviklər Rusiyada onların hakimiyyətini qəbul etməmiş və güclü müqavimət göstərmiş peşəkar kadrları qırıblar. Amma həmin adamlar Rusiyanın ən qabaqcıl şəxsləri, burjuaziya idarə üsulunun ən yaxşı məmurları və öz işlərini gözəl bilən qulluqçular idilər. Əgər burjuaziya hakimiyyəti bərpa olunarsa, ölkəni dirçəldə biləcək məmur qüvvələri artıq yoxdur. İndiki idarə üsulunu qurmaq üçün çalışan bolşeviklərsə faydadan çox ziyan gətirə bilərlər. Rus xalqı özünü xilas etmək naminə bütün qüvvələri axıradək səfərbər etməli, bütün Avropada ideyalarını yaymalı, nə qədər mümkünsə hər yerdə Sovet idarə üsulunu yeritməlidir. Bolşeviklər inanmırlar ki, Avropa proletariatı yalnız öz ideyaları hesabına qələbə çala bilsin, bunu etmək üçün onlara fiziki cəhətdən dəstək vermək lazımdır. Bu baxımdan, Litva və Polşa Avropaya girmək üçün əlverişli ölkələrdir. Ancaq Polşaya üstün gəlməyimiz sual altındadır. Litvasa şək-şübhəsiz ki, bolşevik qüvvələrinin qabağında durub müqavimət göstərə bilməz. Əlbəttə, bolşeviklər bağlanmış sülh müqaviləsini pozmayacaqlar, amma onlara Minskdə və yaxud “Litovski” adlandırılan başqa yerlərdə “Müstəqil Sovet Litvasını” yaratmağa heç kəs mane ola bilməz. Məlumdur ki, onda “Sovet Litvası” burjuaziya Litvasına qarşı mübarizəyə qalxacaq. Aydındır ki, əksinqilabi Litvada burjuaziya saynaqlarında əzab-əziyyət çəkən zəhmətkeş xalqı xilas etməkdən ötrü “Sovet Litvasının” qüvvəsi çatmadığına görə kömək üçün bizə müraciət edəcək. Bundan sonra Moskva Sovet hakimiyyətinin işidir ki, “Müstəqil qırmızı Litvada” könüllülərdən təşkil edilmiş qüvvələr və hərbi sursat bəs qədər olsun. Və onda Rusiya Sovet hakimiyyətini Litva xalqının daxili işlərinə müdaxilə etməkdə kim taxsırlandıra bilər?

Əgər Antantanın Zaqafqaziya ilə necə rərtar etdiyini yadımıza salsaq, kimin qalib gələcəyinə şübhə yeri qalmır. Belə ki, Antanta hərbçiləri yalnız ilk bolşevik əsgəri görünənə kimi silahlarını cingildədib meydan oxuyurdular. İlk bolşevik əsgəri gələndən dərhal sonra onlar hər yerdə, - istər Aşqabadda və Petrovskda, Bakıda və Ənzəlidə, istərsə də Odessa və Riqada,- dəyənək yemiş yiyəsiz itlər kimi quyruğunu ayaqlarının arasına qısaraq əsgərlərini tələm-tələsik gəmilərə və yaxud maşınlara doldururdular, sonra dabanlarına tüpürüb aradan cırırdılar və bir qədər sonra yenidən silahlarını uzaqdan cingildədib kişilik edirdilər.

  Mən ona dedim ki, bolşeviklər az-maz əlaqələr qurmaq istədikləri ölkələrlə belə hörmətsiz  rəftar etməklə həmin ölkələrin etimadını itirə bilərlər.

 Komissar isə mənim bu sözlərimə gülərək dedi:

- Zənnimcə, əgər hər kəs siyasətdə bir inama qulluq etməyə məcbur edilməyibsə, deməli, o, siyasətdə heç nəyə inanmır. Odur ki, kütlələri həqiqətən siyasətə inandırmaq olar. Litvanın da bir kütlə olaraq buna inanmaqdan savayı çıxış yolu qalırmı? Əlbəttə, Litva özünü elə göstərəcək ki, guya bağlanmış sülh müqaviləsinə inanır...

O sonra qeyd etdi ki, dedikləri yalnız özəl fikirləridir və ola bilsin, dediyi olaylar heç vaxt baş verməsin. Əgər baş versə də, nə bu gün, nə də sabah baş verəcək. Bolşeviklər nəfəs dərib özlərinə gələnə qədər hələlik başqa mövqedə durmaq lazımdır...

Mən dedim ki, axı, bu cür ikiüzlü siyasət yeritmək proletariata yaraşmaz. Onda komissar sözümü kəsib öz fikrini qətiyyətlə axıra çatdırdı:

- “Yaraşar” və yaxud “yaraşmaz”, - bunlar burjua uydurmaları, burjua cəfəngiyyatıdır. “Ölüm-dirim” savaşını aparanlar burjua cəfəngiyyatına riayət etməyi boynuna götürməyə məcbur deyillər...

Vintsas KREVE
Litva yazıçısı, 1919-1920-ci illərdə Litvanın Azərbaycandakı konsulu

Əsəri dilimizə Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Mahir Həmzəyev çevirib. 

 





10.08.2015    çap et  çap et