525.Az

Göy Göl Milli Parkı turistlərə açıqdır


 

Göy Göl Milli Parkı turistlərə açıqdır<b style="color:red"></b>

Azərbaycanın ən mənzərəli yerlərindən olan Göy Gölə turist girişinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, 2008-ci ildən Göy Gölə Milli Park statusu verildikdən sonra burada ekoloji vəziyyətin yaxşılaşdırılması və turizm infrastrukturunun yenidən qurulması üzrə köklü tədbirlər həyata keçirilib. Göy Göl Milli Parkının  yenidən kütləvi istirahət və gəzintilərə açılması ilə bağlı burada Ekologiya və Təbii Sərvətlər Nazirliyi  tərəfindən təbiətin mühafizəsi və ekosistemin qorunması istiqamətində daimi nəzarət və   tədbirlər həyata keçirilib.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə olunan Təbiət Əraziləri Departamentinin nümayəndəsi Vaqif Cavadov bildirib ki, əvvəllər ərazidə xaotik vəziyyət əmələ gəlmişdi:
 
“Göy Göl ərazisinə kim istədi, necə istədi gəlirdi, göldə çimmək, təbiəti zibilləmək, ziyan vurmaq kimi hallara rast gəlinirdi. İndi əsas məqsədimiz ərazidə biomüxtəlifliyi, ekoloji mühiti qorumaqdır. Bunun üçün turistlər bizim tərəfimizdən hazırlanan və Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara riayət etməlidirlər”.
 
Qeyd edək ki, qaydalara uyğun olaraq Milli Parka daxil olacaq hər avtomobilin sürücüsü  qiyməti iki manat olan bilet almalıdır. Sonra avtomobil xüsusi yerdə parkinq olunmalıdır.  Bunun üçün avtomobil sahibi dayanacağın hər saatına 50 qəpik ödəməlidir. Həmçinin avtomobilsiz ziyarətçiləri buraya gətirmək üçün xüsusi avtobuslar ayrılacaq.

Eyni zamanda ərazidə fəaliyyətə başlayacaq restoran, kafe, eləcə də mehmanxanaların xidmətindən istifadə etmək mümkün olacaq.

 





11.08.2015    çap et  çap et