Təndir istisi kimi
Üzünü qarsıya yalan.
Yanında daş çatlaya
haqsızlıqdan.
Beş addımlığında
adamın başın kəsələr.
Ancaq sən dinməyəsən.
Eləcə qara bığını burub,
Yanındakı dostuna
pıçıldayasan gizlin- gizlin:
Allah dünyamızı
salamat eləsin.
10.10.11
Hər nə gəldi, qaraladın,
Şeir adına sıraladın.
Bir gün unudular adın,
Darıxma, atam-qardaşım.
Söz sarayın- köhnə daxma,
Bu qədər özünə yaxma.
Sən mənə bax, göyə baxma,
Duruxma, atam- qardaşım.
Ömrünü puç eləmisən,
Boş yerə güc eləmisən,
Zora salıb qələmi sən,
Karıxma, atam- qardaşım.
İndi amansızdı zaman-
Daha keçmir yalan- palan.
Olarmı sənə inanan
Bir axmaq, atam-qardaşım?
Düşdün Sözün qarğışına,
Zaman su qatdı aşına.
İndi döyüb göz- başına,
Qarıxma, atam- qardaşım.
29.11.12
Çətin bir ömür sürən şair Kələntər Kələntərlini bu yaxınlarda başıqarlı Şahdağın ətəyindəki Kuzun kəndində torpağa tapşırdıq. Bu şeiri onun dilindən yazıram.
Özüm də bilmirəm niyə
balacalıqdan qışı sevdim.
Qışın qarını, şaxtasını sevdim.
Qarda odun doğrayanda,
Soyuqdan qızaranda əllərim, üzüm,
yaşamaq mənə daha şirin gələrdi.
Ona görə həyatı
qış kimi çətin keçən
insanları sevdim.
Allah da ürəyimə baxdı-
mənə qış kimi çətin
bir ömür qismət elədi.
Allaha qurban olum!
22.11.2012
Bu payız anam dünyasını dəyişdi
Payızda köç edib gedən durnalar!
Anam da bu payız qoşuldu sizə.
İntizar gözlərim indi hər bahar,
Göyləri dolaşar, sizləri gəzər.
Qayıdar anam da durnaya dönüb,
Qayıdar işıqlı bir yaz səhəri.
Keçəndə üstündən bizim çöllərin,
Yaşarar anamın durna gözləri...
Anamın dünyaya göz açdığı gün,
Təbiətin payız vaxtına düşüb.
Sizlərə də yoldaş olmağı, yəqin,
O payız günündə bəxtinə düşüb.
Dilində bayatı, səsində nisgil,
Qüssə bitirərdi payız günləri.
Cavan itirdiyi qardaşı kimi,
Qəlbində başqaydı payızın yeri.
Dumanda yol alıb gedən durnalar,
Yolunuz çətindir, yolunuz uzun.
Sizin səfinizə təzə qoşulan,
Anamın üstündə gözünüz olsun!
Darıxsa, yorulsa uzaq ellərdə,
Ona bahardolu bir ümid verin.
Qoruyun şimşəkdən, soyuq yellərdən,
Hər bahar anamı mənə yetirin!
31.10.12
Səsi götürüb dünyanı,
Bu yağış bizdən danışır.
Demə bizi sevən hanı,
Bu yağış bizdən danışır.
Eşqimizdən gəlib dilə,
Damcı- damcı, gilə- gilə,
Qərənfilə, qızılgülə,
Bu yağış bizdən danışır.
İndi səs düşüb bağlara,
Bülbül uçan budaqlara,
Yaxınlara- uzaqlara,
Bu yağış bizdən danışır.
Yarpaqlardan nur süzülür,
Göy çəmən sevinir, gülür,
Eşidirsən, mənim gülüm?
Bu yağış bizdən danışır.
15.09.2012
Sabir Mirzəyevin ölüm xəbərini eşidəndə, yazıçı Zakir Sadatlı dedi: “İndi qoy hamı oxusun!”
Dayandı ürəyi bu gün Sabirin,
İndi qoy oxusun, oxusun hamı!
Çayçı Ağakərim, alverçi Şirin,
Oxuyun, ağladın indi muğamı.
Narahat olmayın heç səsdən yana,
Muğamın, təsnifin belini qırın!
Salın “Çahargah”ı ayaq altına,
Minin kürəyinə “Bəstənigar”ın!
Oxumaq adına çıxıb səhnəyə,
Zarıyın, əl çalın – alqış dilənin.
Çürüdün “ Qubanın ağ alması”nı,
Girin yatağına “Qaragilə”nin.
Şəhər, kənd deməyin, çöllük deməyin,
Bürüsün səsiniz dərəni, düzü...
Fəqət, əlli sürü ömrünə dəyər,
Göyləri titrədən şir nəriltisi.
Zirvəyə zirvələr qonşuluq eylər,
İldırım dağlarla gələr döş- döşə.
Hərdən üfüqlərə boylanın, baxın,
Orda təkcə qartal süzər həmişə.
Elə bil şimşəkdir Sabirin zili,
İşığı zülmətin bağrını yarır.
Bu səs sonunuza çıxacaq, bilin:
İşıq qənimidir yarasaların.
“Çahargah” səslənir, Sabir oxuyur,
Uzaqlar yaxına qarışır yenə.
“Çahargah” səslənir, Sabir oxuyur,
Yer- göy dilə gəlib danışır yenə.
Oxuyun çiçəkdən, otdan, alağdan
Qatın bir- birinə qaranı, ağı.
Durub sizə baxır Sabir uzaqdan,
Ayıbdır, səhnədən düşün aşağı!
25.07.11
Bizi ayıran fələk,
Könlümü almaq üçün,
Bundan sonra lap mənə,
Beş yüz il ömür verə.
Hər il qışın yerinə,
Bizə bahar göndərə;
Yupiteri gətirib,
Yerə qonşu eləyə;
Bu dünyanın sirrini,
O dünyanın sirrini,
Mənə lap, açıb deyə;
Yenə, yenə ürəyim
Bu fələklə barışmaz.
O yaradan dünyayla
Daha könlüm danışmaz.
10.07.12
Canım Xansənəm, gözüm Xansənəm,
Vallah, bilirəm,
sən təmizlikdə quzey qarısan,
gözəllikdə bütün qızlardan
yuxarısan.
Bəlkə də, bizim qədər
çox sevməyib bir-birini
nə Leyli- Məcnun,
nə Əsli- Kərəm.
Amma, iki gözümün işığı,
təkcə sevgi ilə iş aşmır axı.
Adamın bir işi- gücü olsun gərək,
yaşamağa bir küncü olsun gərək.
Başına dönüm,
bircə ay kirəpulunu gecikdirəndə,
ev sahibi Qara keşişə dönür...
Dərd bir deyil, beş deyil,
Neçəsini yazım, neçəsini deyim
Odur ki, məni məzur tut,
bu izdivaca qol qoya bilmərəm.
Canım Xansənəm, gözüm Xansənəm,
Kərəm eylə,
bu qara sevdadan əl çək.
İndi “Leyli- Məcnun”,
“Əsli- Kərəm” oxuyan hanı?
Hələ qalsın bir,
“Xansənəm- Qorxmaz” dastanı.
22.08.12
Uzaqdakı kəndə gedən
kimsəsiz torpaq yol
bu boz –bulanıq,
yağışlı payız günündə
yerə uzadılmış tabutdur elə bil.
Yol qırağında,
quru budaqlarından
su damcılayan
topa-topa
qaratikan kolları da,
cənazə üstündə ağlayan
kənd arvadlarıdır sanki.
15.11.12
Hərdən mənə elə gəlir ki,
taleyim uzaqda dayanıb,
izləyir məni.
Arada içəndə mən
narahat olur, istəyir
öyüd- nəsihət versin mənə.
Ancaq görür ki, içəndə
insanları, dünyanı
daha da çox sevirəm.
Bir adamın xətrinə dəymirəm.
Ona görə mən sarıdan
arxayındır daha.
İndi, bəlkə də,
çiçəkli bir çəməndə
uzanıb böyrü üstə
kef eləyir taleyim
mənim hesabıma.
12.06.12
Bir payız günü Binədə,
dostumgildə qalmışdım.
Yadımdadır, qəfil
təyyarə uğultusuna ayıldım
gecə.
Gördüm ki, səhərə yaxındır-
dan yerinə düşəcək işartının,
sehrli havası vurur dünyanı.
Birdən mənə elə gəldi ki,
uzaqlaşan uğultunun içindən
ölüb-gedənlərimin səsi gəlir.
Sonra nigarançılıq bürüdü qəlbimi,
fikir götürdü məni:
görən, mən ölüb gedəndən sonra
oğlum, nəvəm
ayırd eləyə biləcəkmi səsimi
təyyarə uğultusunun içindən?
10.12.11
Bu dağlar mənimlə danışmalıdır,
ya da əriyib, ürəyimə qarışmalıdır.
Ruhuna qurban olum
kəlbəcərli Sücaətin;
bu dağlar ruhumu oynadır...
Balacalıqda, üstü naxışlı
sandığını açıb,
bir konfet, ya bir sıxma kişmiş
verməsəydi mənə,
əl çəkməzdim nənəmdən...
Ola bilməz ki,
bu dağlar məni boş qaytarsın,
mənə nəsə deməsin.
Zaqatala. Şamil dağı
18.03.12
Bu səs nə qədər həlim,
Nə qədər şirin, zərif.
Yəqin, göylər bu səsi,
Bu qıza pay göndərib.
Bu səs göl kimi sakit,
Bulaq kimi dumduru.
Bu səs üstündə sanki,
Qaranquş yuva qurub.
Bu mələk qız səsini,
Qaldırmaz heç yuxarı.
Sanki qorxar, oyana
Qaranquş balaları.
17.07.12
ƏJDƏR OLA
Dörd il əvvəl Dəvəçidə tanıdım səni-şair dostumuz Ağalar Mirzənin dəfninə getdiyimiz gün.
Yadımdadır,
Ağaların oğluna, bacılarına
ürək- dirək verirdin;
tank kimi qəm- kədərin
üstünə yeriyirdin...
Yadımdadır o mağar,
sənin sözün- söhbətin,
səsinin ləngəri.
Onda, birdən mənə elə gəldi ki,
mağarın bir küncündə oturub,
sənə baxır Ağalar.
Sənin dost sədaqətin,
duz- çörəyə hörmətin
yaman kövrəldib onu.
Yadımdadır, o gün sən mənə
“dost” sözünün
dərinliyini göstərdin.
O gün öləcəyim günü
saldın yadıma-
gördüm ki,
kənddəki həyətimizdə durub,
balalarıma ürək- dirək verirsən;
tank kimi qəm –kədərin
üstünə yeriyirsən.
01. 05. 12
Muğan çölünün dərinliyində
balaca bir göl var.
Təbiət sahillərinə
hasar çəkib qamışdan.
Bu göl, sanki
nəhayətsiz Muğan çölünün
köçəri quşlara uzatdığı
bir ovuc sudur.
24.03.2012
Allah yanına aparsa məni,
nə yaxşı olar!
Odununu doğrayaram,
suyunu gətirərəm,
ağaclarının dibini
belləyərəm.
Gecə də oturub,
söhbətinə qulaq asaram-
canım qurtarar
bu adamlardan.
İyul 2008
Nə tramvay var, nə tramvay zəngi,
nə də aprel səhərinə oxşayan
trolleybuslar.
Həzin mahnı kimi-
bir yanı xəzəl,
bir yanı xatirəyə oxşayan
bir park da yoxdur.
Bəs sevgidən necə yazım?
22.04. 10