525.Az

"Ermənistana ən böyük güzəştimiz sülh danışıqlarına sadiq qalmağımızdır"


 

"RƏSMİ İRƏVAN İŞĞAL SİYASƏTİNDƏN ƏL ÇƏKMƏSƏ, KEÇİRDİKLƏRİ BÖHRAN DAHA DƏRİN OLACAQ"

"Ermənistana ən böyük güzəştimiz sülh danışıqlarına sadiq qalmağımızdır"<b style="color:red"></b>

"Ara Papyan məntiqsiz danışır. Azərbaycan Ermənistanı ona görə iqtisadi blokadada saxlayır ki, torpaqlarımız işğal edilib, ermənilər azərbaycanlılara qarşı soyqırımlar törədib və bu hadisələrdə rəhbər kimi iştirak edən şəxslər bu gün Ermənistanda hakimiyyətdədir".  Bu sözləri Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli Ermənistanın Kanadadakı keçmiş səfiri, "Modus Vivendi" Araşdırmalar Mərkəzinin sədri, analitik Ara Papyanın Azərbaycan haqda verdiyi bəyanata münasibət bildirərkən deyib. Onun sözlərinə görə, rəsmi Bakı daim bəyan edir ki, o sülhə sadiqdir: "Elə bizim Ermənistana ən böyük güzəştimiz də sülh danışıqlarına sadiq qalmağımızdır. Azərbaycan rəhbərliyi düşünür ki, Ermənistan Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğaldan azad etsə, digər qonşu dövlətlər kimi onlarla da normal münasibət qurmaq olar. Lakin Ermənistan bütün bunların əksinə gedərək işğal etdiyi torpaqları geri qaytarmaq istəmir, mülki əhaliyə qarşı təxribat cəhdlərini davam etdirir, cəbhə bölgəsində uşağa, yaşlıya fərq qoymadan dinc əhaliyə qarşı atəş açır, onları yaralayır və öldürür. Bununla kifayətlənməyən işğalçı dövlət beynəlxalq miqyasda Azərbaycana qarşı qarayaxma kampaniyaları aparmağa davam edir, hər fürsətdə bütün sahələr üzrə ölkəmizi ləkələməyə çalışır. Düşmən təxribat törətmək üçün cəbhə boyu diversiya qrupları, pilotsuz təyyarələr göndərir. Bu siyasəti 100 ildən artıqdır ki, ermənilər və onların lobbisi həyata keçirir. Ona görə də həmin analitikin dediyi fikirlər yalnız cəfəngiyyat üzərində qurulmuş boş sözlərdən ibarətdir".

Hərbi ekspert qeyd edib ki, Azərbaycan öz dövlət müstəqiliyini, ərazi bütövlüyünü qoruyur və Dağlıq Qarabağ torpaqlarını işğaldan azad etməyə çalışır: "Bu beynəlxalq hüququn Azərbaycana verdiyi ən böyük haqdır. Bu baxımdan biz gec-tez hansı yolla olur-olsun öz haqqımıza, qanuni Dağlıq Qarabağ torpaqlarımıza qovuşacağıq. Ara Papyan bizə qarşı bəyanat verməyin əvəzinə öz rəhbərlərinə deməlidir ki, vaxtında torpaqları geri qaytarmasalar, işğala son qoymasalar, qonşu dövlətlər - Azərbaycan və Türkiyə ilə münasibətlər qurmasalar Ermənistanın taleyi sual altında qalacaq. Onların apardığı xəstə siyasətin nəticəsidir ki, bu gün Ermənistan adlı dövlətin varlığı şübhə doğurur. Erməni analitik bütün bunların günahını bu siyasəti həyata keçirən rəhbərliyində axtarmalıdır. Səbəb nədir ki, Ermənistan bu gün ağır iqtisadi-siyasi böhranla üz-üzədir? Normal idarəetmənin olmaması, ən böyük qonşuları ilə əlaqələrin qeyri-mövcudluğu, müstəqil siyasət yeridə bilməmələri, iqtisadiyyatlarının olmaması, ordu quruculuğunun anormal inkişafı Ermənistanı iflic vəziyyətinə salıb. Rəsmi İrəvan işğal siyasətindən əl çəkməsə, bu vəziyyət getdikcə daha da dərinləşəcək".

Qeyd edək ki, erməni analitik Ara Papyan bəyan edib ki, Azərbaycan təkcə Dağlıq Qarabağı qaytarmağı deyil, eyni zamanda Ermənistanı da məhv etməyi qarşısına məqsəd qoyub.

Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni hesab edir ki, nəhayət ki ermənilər uçurumun kənarında olduqlarını anlayır və psixoloji sarsıntı keçirirlər: "Artıq onlar Azərbaycanın gücünü, potensialını, nəyə qadir olduğunu dərk edirlər. Azərbaycan Dağlıq Qarabağı da qaytaracaq, dövlət başçısı İlham Əliyevin təbiri ilə desək, biz İrəvana, Zəngəzura, Göyçəyə də qayıdacağıq. Ermənilər başa düşür ki, biz beynəlxalq səviyyədə ölkəmizin ərazi bütövlüyünün tərkib hissəsi kimi tanınan Dağlıq Qarabağ torpaqlarını işğaldan azad etməklə kifayətlənmək fikrində deyilik, eyni zamanda digər tarixi torpaqlarımız uğrunda mübarizə aparmağa hazırıq. Təbii ki, ermənilər də bu reallığı dərk edərək, narahatlıq keçirirlər. Regionda gedən prosesləri, o cümlədən Türkiyə daxilində və sərhədlərində gedən hadisələri unutmaq lazım deyil. Bunu nəzərə alaraq, qeyd edə bilərəm ki, növbəti təxribatlara hazırlıq məqsədiylə Ara Papyan kimi erməni politoloqlar bu cür bəyanatlar verə bilərlər. Biz Azərbaycan dövləti və xalqı olaraq bütün bunlara hazır olmalıyıq".

R.Zeyni əlavə edib ki, regionda yeganə stabil, təhlükəsiz, böyük beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycanı gözü götürməyən, ona qısqanclıqla yanaşan, mövcud sabitliyi pozaraq müəyyən maraqlarını həyata keçirməyə fürsət axtaran qüvvələr də var: "Məlum çevrələr ilk növbədə ermənilərin əli ilə müxtəlif təxribatlar törətməyə çalışırlar. Dövlətimiz isə öz təhlükəsizliyini qorumaq iqtidarındadır. Xalqımız da ayıq-sayıq olmalı və bütün bu prosesləri diqqətdə saxlamalıdır".

Ceyhun ABASOV

 





14.08.2015    çap et  çap et