525.Az

Vidadi Xəlilovun 70 illik yubileyi qeyd edildi


 

Vidadi Xəlilovun 70 illik yubileyi qeyd edildi<b style="color:red"></b>

Pedaqoji və Sosial Elmlər Akademiyasinin həqiqi üzvü, görkəmli estetik alim Vidadi Xəlilovun 70 illik yubileyi qeyd edilib 

525.az-ın məlumatına görə, Pedaqoji və Sosial Elmlər Akademiyasinin həqiqi üzvü, görkəmli estetik alim, akademik Vidadi Xəlilovun 70 illik yubileyi Rəşid Behbudov adına Mahnı teatrında təntənə ilə qeyd edildi. Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin təşəbbüsü və təşkilatçılığı ilə baş tutan yubiley ziyalıların, ictimai xadimlərin təbrikləri və sənət adamlarının ifaları ilə tamaşaçılarda xoş ovqat yaradıb.

 Tədbiri giriş sözü ilə açan Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri, şair Əkbər Qoşalı akademik Vidadi Xəlilovun yaradıcılığı, onun pedoqogika sahəsində fəaliyyəti barədə məlumat verdi və onu ömrünün 70-ci ilinə qədəm qoyması münasibəti ilə təbrik edərək uğurlar arzulayıb. Daha sonra çıxış edən Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin rəhbəri, millət vəkili Qənirə Paşayeva yubilyarı təbrik edərək onunla bağlı fikirlərini bölüşüb. O, Vidadi Xəlilovun Azərbaycan elminə verdiyi töhfələrdən, müəllifi olduğu əsərlərin məzmunun yükünün dərinliyindən söhbət açdı və qeyd etdi ki, istedadlı, dünyagörüşü yüksək və mənəvi baxımdan zəngin gənc kadrların yetişməsində  istedadlı  akademikin böyük əməyi var. “ Hörmətli akademik Vidadi Xəlilovun kitablarını oxuduqca, fikirləri ilə tanış olduqca  bir daha onun necə dəyərli pedoqoq olmasını bildim. O, təkcə dəyərli pedoqoq deyil, həm də sözün əsl mənasında gözəl  ziyalıdır. Tanrı ona ziyalı kimi bir ziyalının sahib ola biləcəyi ən dəyərli mnəvi keyfiyyətləri, xarakteri və istedadı bəxş edib. Bu mənada Vidadi müəllim həqiqətən xoşbəxt ziyalılardandır. Ancaq hesab edirəm ki, onun ən böyük nisgili  hələ də düşmən tapdağı altında olan  doğma obası Cəbrayıl həsrətidir. İnanıram ki, tezliklə Ali baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan bütün torpaqlarımızı azad edəcəyik və  Vidadi müəllimin də növbəti ad günləri, yubileyləri Dağlıq Qarabağımızda, eləcə də Cəbrayılda böyük təntənə ilə qeyd ediləcək. 

Daha sonra  yubiley iştirakçıları olan ziyalılar akademiki təbrik edib öz ürək sözlərini söyləyiblər. Yubilyarın acılı-şirinli həyatının bəzi məqamlarından söhbət açan Əjdər Ağayev onun həyatın sərt üzünə baxmayaraq, daim nikbinliyini qoruyub saxladığını dilə gətirib. Vidadi Xəlilovun pedoqogika sahəsində xidmətlərinə toxunan natiq onun estetik tərbiyənin formalaşması və inkişafında böyük əməyi olduğunu vurğuladı. Millət vəkili Novruz Aslan yubilyarı təbrik edərək onun təkcə pedoqogika deyil, musiqi sahəsində də fəaliyyətini, fikirlərini yüksək qiymətləndirdi.  Hətta Vidadi müəllimin həyat yoldaşı Əminə xanıma həsr etdiyi “Gecələr oyaq qalan əzizim” adlı şeirə musiqi bəstələməsindən də söhbət açıb. Daha sonra yubilyarın qızı Mələk Nigar Cəlil atasını musiqi payı ilə təbrik etdi, sözləri atasının, musiqisi Novruz Aslana məxsus “Gecələr oyaq qalan əzizim” mahnısını ifa etdi. Gənc xanımın  ifası yubiley iştirakçıları tərəfindən alqışlarla qarşılandı və hər kəsdə duyğulu anlar yaşadıb.

Professor Qəzənfər Paşayev ziyalıların, elm adamlarının cəmiyyətin aparıcı qüvvəsi olduğunu və cəmiyyətin vacib hissəsi olduğunu söyləyib. Natiq dövlətin ziyalılara yüksək qiymət verildiyini vurğulayıb. Onun sözlərinə görə Vidadi Xəlilovun elmimizə verdiyi töhfələr, eləcə də yazdığı kitablar sonrakı nəsillər üçün zəngin irsdir. Natiq yubilyara bundan sonrakı həyat və ya­ra­dı­cı­lığında can sağlığı və uğurlar arzu edib

Yazıçı Hidayət Musabəyli Vidadi Xəlilovun həyat və fəaliyyətindən bəhs edən “Ömür yollarında” kitabının müəllifi kimi yubilyarı yaradıcı ziyalı, gözəl, işıqlı insan kimi xarakterizə edib. O, bildirib ki, Vidadi müəllimin qələmindən çıxan hər bir əsər və kitab öz orijinallığına və aktuallığına görə seçilir. Yubilyarın qızı, istedadlı dizayner, modelyer Gülnarə Xəlilova Vidadi Xəlilovun daim yazıb-yaradan, öz peşəsinə bağlı bir insan, gözəl ailə başçısı və ata olduğunu söyləyib. O  bildirib ki, atasının əsərlərinin örnək olması, ziyalı kimi dəyərləndirilməsi övlad kimi onun üçün qürurvericidir. Atasını təbrik edən Gülnarə Xəlilova yubileyin təşkil edilməsində əməyi olan “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinə və Rəşid Behbudov adına Mahnı teatrının rəhbərliyinə öz təşəkkürünü bildirib.

Şair-publisist Anar Məmmədov da yubilyarı təbrik etdi və onun daim öz işinə məsuliyyət və ciddiyyətlə yanaşdığını vurğulayıb.

Yubiley məclisi maraqlı çıxışlarla yanaşı, rəngarəng musiqi nömrələri ilə də yadda qaldı. Tanınmış sənət adamları xalq artisti Səkinə İsmayılova, Simarə İmanova, əməkdar artıstlər Tünzalə Ağayeva,  Gülüstan Əliyeva, Aybəniz Haşımova və sənətçilər Aşıq Samirə, Samirə Allahverdinin musiqi təbrikləri məclisdə xoş ab-hava yaratdı. Aşıq Nemət Qasımlı və şagirdlərinin  ifası tamaşaçıları sazın sehrli dünyasına apardı.

Sonda yubilyar, akademik Vidadi Xəlilov təşkilatçılar başda olmaqla məzmunlu gecəyə görə hər kəsə təşəkkür etdi. Doğmalarının, dostları və həmkarlarının təbriklərindən sevinc hissi keçirən alim bundan sonra da yaradıcılığı ilə elmə xidmət edəcəyini vurğuladı
 





24.12.2012    çap et  çap et