525.Az

Səmimi fikirlərin ləyaqətli müəllifi


 

Səmimi fikirlərin ləyaqətli müəllifi<b style="color:red"></b>

Faşizmlə müharibənin qızğın çağında olub bu hadisə: taxıl biçini zamanı onunla  birgə işləyən arvadının tamahını saxlaya bilməyib ağzına üç-dörd buğda atdığını əzazil, allahsız sədrin kənardan gördüyünü hiss edən ər özünü vaxtında qamçının ağzına verərək “yerikləyir!” deməklə zavallı qadının  qanının arasına girir. Bəla onda imiş ki, camaatın milçək kimi qırıldığı, satqınlığın tüğyan elədiyi bir vaxtda  kəmfürsət, anasının əmcəyini kəsən kolxoz sədri bir sıxma noxuda, arpa oğurluğuna görə ordu-ordundan keçən zavallıları uf demədən döyür, hətta dama da saldırırmış. 

Əli Vəlioğlunun “Məndən elə qalanlar”(Bakı, 2012) kitabına daxil olan “Halal çörək” əsərində qələmə aldığı dava illərinin çoxsaylı faciələrinə, ruhuna, səmimi, təsirli həqiqətləri oxucuya çatdırmaq niyyətinə çox uyğun saydığım bu əhvalatı birdən niyə xatırladığımı dəqiq bilməsəm də, o illərin canlı şahidlərinin təəssüratlarına bir oxucu kimi həmişə bacardığım qədər  dəyər verməyə çalışmışam.

Əsərlər də insanlar kimidir; onlarda yaxşı keyfiyyət, işıqlı cəhət görmək lazımdır. Ümumiyyətlə, sənətkarlar gördükləri işlərin mahiyyətinə, məzmun-ideya vəhdətindən sonuclanan məziyyətlərə görə dəyər alırlar, buna görə də hər birinin başa gətirdiyi məhsul - sənət əsəri bütövlükdə yaradıcılıq mətbəxinin ab-havasını, özünəməxsus iy-qoxusunu, istifadə olunan “inqridiyentlərdən” tutmuş ta xammal seçimi, diqqət, məhsulun saf-çürük prosesinə kimi tam fərdi xarakter daşımaqla birgə, həm də özündən əvvəlki əsər, müəllif, atmosfer, təsəvvür, mənzərə və digər xüsusiyyətlərilə də diqqət çəkməlidir.

Əgər yaradıcı insan əsərilə fikirlərini gizlətmək yox, oxucuya, tamaşaçıya, dinləyiciyə yüksək bədii səviyyə təqdim eləyərək onu daha zövqlü, erudisiyalı, səmimi və məsuliyyətli olmağa müntəzəm bədii çağırışlarla həmişə yer ayırır və bunu öz-özlüyündə təbii hal sayırsa, çox keçmədən bu, artıq onun yaradıcılıq manerasına, tərzinə, bənzərsiz cizgilərinə, nəhayət, nəticə etibarilə bədii-publisistik, elmi-nəzəri və s. prinsiplərinə də çevrilə bilir.

Dəfələrlə qeyd edilib ki, ideal, bir qüsuru, çatışmazlığı olmayan əsər, ümumiyyətlə, yoxdur, yaxud bütün bədii-estetik məziyyətlər şərtidir (təbii ki, müqayisələr daha əvvəlki dövrlərə, sənətkarlara, deməli, həm də əsərlərə aiddir). Həmişə mübahisələrin  bir qismi müqayisələrlə aşkarlanaraq yekunlaşır. Əli Vəlioğlunun yaradıcılığına müraciət elədikdə də ona qədərki əksər analoji yanaşmalar, ənənəvi-stereotip tənqidi mülahizələr sönük görünür, tam aydınlıq yaratmır. Olsun ki, bunun ən qabarıq səbəbləri içərisində müəllifin bir çox janrlara tam özünəməxsus, klassik örnəklərə müraciət nəticəsində formalaşan, səbatlı, daimi, yaradıcı münasibətinin hər an duyulması, hiss edilməsi də  vacib amillər sırasındadır. Onun müxtəlif poeziya və nəsr əsərlərində heyrətamiz müdrikliyin, sadəliyin, dərinliyin, humanizmin parlaq izlərilə rastlaşmaq mümkündür.

Məhz bu cəhətdən Əli Vəlioğlunun bəzi əsərlərində janrından tutmuş (məsələn, ən maraqlılarından biri - “Halal çörək” əslində povest yox,  memuar ədəbiyyatı örnəyidir) fikirlərini ifadə tərzinə qədər daha lakonik, tutumlu,  hadisəçilikdən uzaq bədii faktlarla üzləşmək istəyimiz təbiidir.

“Halal çörək”də bəzən uşaq səmimiyyəti, etirafı, sadəlövhlüyü və ərköyünlüyü hiss olunsa da, müəllifin iç dünyasından xəbər verdiyi üçün çox maraqla oxunur (“...Kim ki, əmanətə xəyanət etdi, o, inamını itirir. Elə adama bir daha əmanət tapşırmazlar. Ögeylik münasibətləri göstərən qohuma uşaq tapşırmazlar. Qonaq oğru oldu, ikinci dəfə qəbul etməzlər. Vətənə xain çıxan rəhbərə bir daha el tapşırmazlar” və s.  Buradakı etnoqrafik etüdlər, adət-ənənə, tarix, güclü-qabarıq mentalitet elementləri diqqət çəkir (“Xalqımın mehribanlığını, Vətənimin gözəlliyini, qonaqsevərliyimizi, səmimiliyimizi görmək istəyən dostluqla, halallıqla, əzizliklə qapımıza qonaq düşsünlər. Ayaqları altında qurban kəsərik, əzizləyərik” və s.) Bəzən bədxah tənqidçiləri yüngülcə məzəmmət etməsi də hiss olunur ki, əslində bu, başadüşüləndir (“Tənqidçi yoldaşlar, qələminizi iti saxlamaq əvəzinə, zəkanızı iti saxlayın. ...İnam atım yüyrəkdir. İnanıram ki, halal çörək bərəkətli olur, halal çörək şöhrət gətirir. Ancaq yenə tələsirəm. Çünki “Darvazamdan qəbiristanlığa bir yol gedir...”

Zövqlü, səviyyəli oxucu kitabın “Hikmətli deyimlər” bölməsindəki məna zənginliyindən heyrətlənməyə bilməz:
 
“Ata oğlunun evini işıqlandırmaq və ocağını yandırmaq üçün qonşudan kibrit dənəsi əvəzinə, qız alıb apardı”. Yaxud “Gülüzlü qızla üz-üzə oturan oğlan onun bal dodaqlarından busə almaq əvəzinə, siqaret tüstülədirdi. Elə bildim arıçı şana tüstü verir” Digər bir misal: “Fikir, xiffət adlı kotanımıza bir at kimi qoşulub qiymətli ömrümüzün şumunu çıxarırıq”.

Bu qəbildən olan  onlarla aforizmə “Təmsil - həqiqət qorxaqlığının sızıltılı dili” və ya “Kölgələr dərələrə əyilmişdir, dedim bəs dağlar dərələrdən su içir” misalı ilə son verməklə diqqəti o məqama çəkmək istəyirəm ki, onların içərisində öz sanbalı, çəkisi,  fikir sərrastlığı və yığcamlığı ilə seçilən elə deyimlər var ki, Əli müəllimin qələmindən çıxdığını  bilməsəydik, onun müəllifinin dünyaca məşhur hansı aforizm ustasına məxsus olduğunu dəqiqləşdirməyin özü belə maraqlı müzakirə mövzularından biri ola bilərdi.  

Təbiəti obrazlaşdırmaq cəhdini uğurlu saymaq bir yana, burada eyni zamanda müəllifin son dərəcə iti müşahidə qabiliyyətini, həssaslığını, çoxları üçün əhəmiyyətsiz görünən anlardan, məqamlardan təsirlənmək, bu halı gərəyincə mənalandırmağı bacarmaq da özünü göstərir.

Bəzən müəllifin fikirlərində qeyri-təvazökarlıq hiss olunur, ancaq diqqətli və ayıq oxucu dərhal anlayır ki, bu, Əli Vəlioğlunun öz yaradıcılığına bir an da olsun unutmadığı məsuliyyət, tələbkarlıq, ciddi yanaşma əvəzində qarşılaşdığı laqeydlikdən doğan incikliyin, oxucudan umduğu ədalətli, həssas - obyektiv münasibətin yoxluğundan, yaxud ümumiyyətlə münasibətin yoxluğundan yaranır.

Cild-cild kitablarda bir hikmətli cümlənin, misranın belə olmaması, yalançı, yapma təvazökarlığın ikrah hissi doğurduğu faktların müqabilində Əli Vəlioğlunun Vətən, torpaq, halallıq, valideyn sevgisi, zəhmətə qiymət, ləyaqət, səxavət, kulinariya, şəcərə - etnoqrafiya, mərdlik, mənəvi-maddi borc, vicdan, dostluq, gözütoxluq, kara gəlmək və s. haqqında fikirləri çox ciddi maraq doğurur.

Şairin 1969-cu ildə doğma kəndi Nüvədidə çox ehtimal ki, təşnə adamın su ilə dolu iri dolçanı birnəfəsə başına çəkdiyi kimi misraları vicdanlı poeziyaya çevirdiyi bir şeirdə böyük vətənpərvərin, xalqına heç nə ilə müqayisə edilməyən sevgilə xoş günlər arzusunda olan ürəyinin çırpıntılarını eşidirik. Əli Vəlioğlunun misraları içində aşağıdakı kimilər az deyil:

Daşlar mamır bağlar qəm havasından, 
Burda lal cəsədi kiritmək olmaz.                        
Bir dəli həsrətin çılğın səsindən,
Burda arzuları çürütmək olmaz.

Arzular gül açıb üstümdə bitər,
Sevincdən, vüsaldan qisməti olsa.
Nisgilli cəsədin ağrısı itər,
Bir Araz boyunca sərhəd silinsə,
Millət ayrılıqdan tamam qurtulsa.


Bu şeirdə bir-birindən maraqlı orijinal misralar çoxdur, məsələn:   

Tükənən canlılar əmanət kimi,
 “Qırmızı kitab”da qorunur, deyim.
Arzular - dənizdə qərq olan gəmi,
Vətənim bölünüb, bu ki pay deyil!

Tumurcuq arzular bağrımda donub
Torpağın qoynuna köçəsiyəm mən.
O kim olacaq ki, dərdimi anıb,
Görən kim biləcək haqq səsiyəm mən?

Ruhum baş daşıma quş olub qonar,
Nisgilli qəlbimin tutar yasını.
Qorxum var həsrətdən o da odlanar,
Qəbrim itənəcən tökə yaşını.

Məhəmmədhüseyn Şəhriyara ithaf etdiyi “Himnimi yazdım bu bəşər içrə xəcalət”  şeirində də paralanmış, yaralı, o tay-bu taylı Vətən dərdi şairi rahat buraxmır:

Bir qılıncdır uzanıb
Xan Arazım, qan Arazım,
Nəğməsi tufan Arazım!..

Müəllifin ləyaqət, mənəvi zənginlik, səxavət, mərdlik kimi dəyərləri, söz adamının həm də uşaq sadəlövhlüyünə malik olduğunu deməsilə bərabər, “Aldanmaq ağılsızlığın əlamətidir” fikrinin ziddiyyət təşkil elədiyini də bildirir, hərçənd ki, bunun özünə də  tam başqa yöndən yanaşma istisna deyil, heç olmasa müəllifin növbəti cümlədə “Aldanmaq uşaqlara məxsusdur” deməsi var, söz yox ki, yaradıcı adamlar uşaq qədər saf, kövrək, sadəlövh və həssas olurlar.  Müəllifin namərdlər haqqında “onlar çörəyin də, gülüşün də, dünyanın da dadını qaçırıblar” fikri ilə razılaşan oxucu sövq-təbii hiss eləyir ki, belə məqamlar əksər müəlliflərin, mümkündür ki, hətta klassiklərin də yaradıcılığında olsun; burada bizi ciddi narahat eləyən məsələlərdən başlıcası son dərəcə qiymətli, ibrətamiz, sözün yaxşı mənasında yüklü fikirlərin  yaradıcı fərd kimi yazıçının qayğılarını, nəcib arzularını, böyük ideallarını ifadə eləmək məqsədi daşımasına baxmayaraq, bəzi hallarda səriştəli, peşəkar və məsuliyyətli pedaktora ehtiyacı olduğunu diqqətə çatdırmaqdı.  Bununla belə, Əli Vəlioğlunun əsərləri məramına, qayəsinə, qaldırdığı ciddi  problemlərin vacib, müasir, taleyüklü olduğuna görə  qiymətli, səmimi və təsirlidir.

Müəllifin namərd əməllərə susa bilməməsi, belələrinin ölüm ayağında əzab çəkmələri, qocalar evi məsələsi (yeri gəlmişkən,  milli mentalitet baxımından müəllifə, əlbəttə, haqq qazandırmalı oluruq), onun daxili narahatlığının, fəal vətəndaş mövqeyinə malik olduğunun, bütün düşüncələrinin kiçik bir hissəsini təşkil etməklə bərabər, qələmə aldıqlarının tam təmənnasız olduqlarının bədii, real faktıdır.

Kitabda yer alan “Məhşər ayağı”, “Əkizlər” pyesləri və “Həyat düsturu”, “Türk (Azərbaycan) dilində yad sözlərin əvəzlənməsi (təklif), “Bütün canlıların dili var”, “Yeni beynəlxalq təqvim” bölmələri də xeyli dərəcədə bənzərsiz, cəsarətli, bəsitlikdən çox uzaq və ağıllı fikirlərlə diqqət çəkir.

Dəfələrlə rast gəlinib: yaradıcı insanın ömür yolunda bəzən elə məqam yaranır ki, ani tərəddüd, inamsızlıq və  büdrəmələr də onun həyatına təsirsiz ötüşmür.  Ancaq təbii-obyektiv fakt kimi qəbul-etiraf edilməli olan bu gerçəklikləri ruhdan düşmədən, bədbinliyə qapılmadan, ən başlıcası həyatdakı kimi real-faktoloji, sənədli, sözün mənfi mənasında prozaik cəhətlərlə yox, metaforik-obrazlı, indiyəcən heç kimin yaradıcılığında rastlaşmadığımız, heç nə ilə müqayisə edilməyən orijinallıqla qələmə almaq şərəf işi, başucalığı və mənəvi rahatlığın, məmnunluğun halallıqla qazanılmasının dəfələrlə sınaqdan çıxmış düz, kəsə, etibarlı yolu kimi mümkün olur. Ən azı buna görə Əli  Vəlioğlu yaradıcılığını aysberqlə müqayisə etməyə dəyər. Onun indiyəcən görə bilmədiyimiz məziyyətləri, tərəfləri, cəhətləri daha böyük, əzəmətli və ibrətamizdir.

Vaqif ƏJDƏROĞLU 

 





17.08.2015    çap et  çap et