525.Az

Sumqayıtda ikinci partlayış (YENİLƏNİB)


 

Sumqayıtda ikinci partlayış (YENİLƏNİB)

Sumqayıtda yanğın “Səthi Yuyucu Vasitələri Zavodu” MMC-də baş verib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, zavodda bir neçə dəqiqə əvvəl növbəti partlayış olub. Partlayışdan sonra ərazidə yanğın yenidən güclənib.

“Hadisənin baş verdiyi zavod özəl müəssisədir. Hələlik konkret nəsə demək mümkün deyil. İndi yanğının söndürülməsi ilə bağlı tədbirlər görülür. Lazım olan məlumat FHN tərəfindən açıqlanacaq”. Bunu isə APA-ya açıqlamasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
............

18:20

Sumqayıtda güclü partlayış olub.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib.

Hadisə bu gün Sumqayıtda fəaliyyət göstərən zavodlardan birində qeydə alınıb. Yanacaq çənində baş verən yanğın partlayışa səbəb olub. Nəticədə bir neçə nəfər xəsarət alıb.

Hazırda yanğınsöndürənlər hadisə yerində yanğının qarşısının alınması istiqamətində tədbirlər görür.

Sumqayıt şəhər Polis İdarəsindən APA-ya bildirilib ki, baş vermiş partlayış nəticəsində 6 nəfər ölüb. Ölənlərin sayının artacağı istisna edilmir. Sumqayıtda baş verən yanğının söndürülməsi üçün havaya helikopterlər qaldırılıb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda iki helikopter və 50-yə yaxın yanğınsöndürən maşın yanğının qarşısını almaq üçün səy göstərir. Yanğının qismən lokallaşdırıldığı bildirilir. Təhlükəsizlik səbəbilə hadisə baş verən əraziyə heç kim buraxılmır.

Qeyd edək ki, Sumqayıtda fəaliyyət göstərən zavodlardan birində partlayış qeydə alınıb. Yanacaq çənində baş verən yanğın partlayışa səbəb olub. İlkin məlumata görə, hadisə nəticəsində 6 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Baş vermiş partlayışın ilkin səbəbi də məlum olub. Yanğına yanacaq çəninin üzərində aparılan qaynaq işlərinin səbəb olduğu güman edilir.

Hadisə yerinə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev gəlib. Yanğınla bağlı 4-cü dərəcəli ən yüksək yanğın çağırışı verilib. Hazırda yanğının digər çənlərə keçməməsi məqsədilə çənlərin soyudulması prosesi aparılır.

 





17.09.2012    çap et  çap et