525.Az

"ATƏT-in Minsk Qrupu əsl həqiqətləri təhrif etməyə çalışır"


 

QABİL HÜSEYNLİ: "HƏMSƏDRLƏR DAĞLIQ QARABAĞ MÜHARİBƏSİ ZAMANI AZƏRBAYCANA DƏYƏN MADDİ VƏ MƏNƏVİ ZİYANIN ÜSTÜNDƏN BİRDƏFƏLİK XƏTT ÇƏKMƏK İSTƏYİRLƏR"

"ATƏT-in Minsk Qrupu əsl həqiqətləri təhrif etməyə çalışır"<b style="color:red"></b>

"Ermənistan Dağlıq Qarabağın qeyri-qanuni "müstəqillik günü"nü keçirməklə öz hərbçiləri və mülki əhalisinin əhval-ruhiyyəsini qaldırırlar. Digər tərəfdən, onlar belə bir fikri dünya ictimaiyyətinə çatdırmaq istəyirlər ki, Dağlıq Qarabağla bağlı hər hansı bir güzəştə getməyəcəklər".

Bu sözləri politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, bu o deməkdir ki, ermənilər Dağlıq Qarabağı "özlərinin ayrılmaz tərkib hissəsi" kimi qavrayırlar: "Bu hal həm danışıqlar prosesi, həm də Azərbaycanın özü üçün təhlükəli vəziyyət yaradır. Son günlər Dağlıq Qarabağ ətrafında danışıqların demək olar ki, dayanması, Azərbaycan Silahlı Qüvvələrinin işğal olunan torpaqlarda hərbi əməliyyatlarının hələ reallaşa bilməməsi erməniləri daha da ürəkləndirir. Onlar bu cür qeyri-qanuni yubiley tədbirləri həyata keçirməklə həm Azərbaycana mesaj göndərməyə,  həm də erməni əhalisini ayaqda saxlamağa çalışırlar. Biz beynəlxalq səviyyədə Ermənistanın təcavüzkar obrazını təsdiq etdirmək, separatçı rejim tərəfindən həyata keçirilən tədbirlərin işğalçı dövlətin adı ilə hallandırılması üçün geniş şəkildə təbliğat işləri aparmalıyıq. Çünki xarici dairələr açıq-aşkar qeyd edirlər ki, guya işğal edilən torpaqlar Dağlıq Qarabağın "milli azadlıq ordusu" tərəfindən həyata keçirilib, Ermənistan isə burada iştirak etməyib. Təəssüfləndirici faktdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri "ortada təcavüzkar yoxdur, öz-özünə formalaşıb milli azadlıq mübarizəsi aparan müəyyən silahlı qruplar var", kimi ifadələrlə əsl həqiqətləri təhrif etməyə çalışırlar. Yəni, onlar beşillik Dağlıq Qarabağ müharibəsi zamanı Azərbaycana dəyən maddi və mənəvi ziyanın üstündən birdəfəlik xətt çəkmək istəyirlər".

Politoloq xatırladıb ki, ermənilər Dağlıq Qarabağın işğalını "zəfər günü" kimi qeyd edirlər: "Bununla onlar öz əhalisinə təlqin etməyə çalışır ki, ermənilərin həmişə həyata keçirməyə çalışdıqları "Böyük Ermənistan" ideyasını reallaşdırmaq üçün bundan sonra da var qüvvə ilə səy göstərməlidirlər".

Erməni separatçılarının Dağlıq Qarabağda həyata keçirdikləri tədbirlərdə xarici qüvvələrin də əli olduğunu deyən Q.Hüseynli bildirib ki, Rusiya bu məsələlərdə həmişə ideyaverici tərəf kimi iştirak edib. Bundan əlavə o, Fransanın da belə məsələlərdə rolunun kifayət qədər olduğunu dilə gətirib: "Onlar erməni tərəfini ciddi sürətdə müdafiə edirlər. Eyni zamanda, müəyyən lobbiçi qruplaşmalar da var ki, ermənilər onları ələ alaraq bu məsələləri populyarlaşdırmaqdan, beynəlxalq mətbuata çıxartmaqdan, beynəlxalq ictimai rəy kimi formalaşdırmaqdan ötrü vətəndaşı olduqları dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər".

Ceyhun ABASOV

 





18.08.2015    çap et  çap et