525.Az

Əli Əhmədov: "ATƏT-in Minsk qrupunun fəaliyyəti müsbət sayıla bilməz"


 

Əli Əhmədov: "ATƏT-in Minsk qrupunun fəaliyyəti müsbət sayıla bilməz"<b style="color:red"></b>

"Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun fəaliyyəti müsbət sayıla bilməz".
 
Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib.

"20 ildən artıqdır ki, Minsk qrupu bu sahədə fəaliyyət göstərir, amma bu günə qədər qarşısına qoyduğu məqsədə nail ola bilməyib. Həmsədrlik institutuna gəldikdə, bu missiya ayrı-ayrı şəxslərə deyil, üç dövlətə mənsubdur. Azərbaycan cəmiyyətinin gözləntisi ondan ibarətdir ki, Minsk qrupu və onun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədər öz üzərlərinə götürdükləri missiyanı ləyaqətlə və layiqincə həyata keçirə bilsinlər", - Əhmədov bildirib.

YAP rəsmisi hesab edir ki, bunun yeganə bir yolu var, o da Azərbaycanın işğal olunmuş torpaqlarını işğaldan azad etmək, Cənubi Qafqazda ədalətli sülhü bərpa etmək və ən başlıcası isə Azərbaycanın pozulmuş ərazi bütövlüyünü təmin etməkdən ibarətdir.

"Nə qədər ki, Minsk qrupu bu vəzifəni yerinə yetirə bilməyib, həmsədrlər həmin vəzifənin yerinə yetirilməsi istiqamətində çox ciddi addımlar atmayıblar, guman edirəm ki, Azərbaycan cəmiyyəti bütövlükdə Minsk qrupunun və onun həmsədrlərinin fəaliyyətini yüksək qiymətləndirə bilməz. Həmsədlərin nümayəndəsinin dəyişdirilməsi, güman etmirəm ki, ciddi bir dəyişikliyə gətirib çıxaracaq. Əlbəttə, biz həmişə bütövlükdə Minsk qrupunun fəaliyyətində yeniliklər arzulayırıq", - Əhmədov qeyd edib.

 

 





24.12.2012    çap et  çap et