525.Az

Gülər Əhmədovanın köməkçisinin çıxışı Türkiyədə etirazla qarşılanıb


 

Gülər Əhmədovanın köməkçisinin çıxışı Türkiyədə etirazla qarşılanıb<b style="color:red"></b>

Eks-deputat Gülər Əhmədovanın sabiq köməkçisi, gənc yazar Əhməd Şahidov Türkiyənin Pamukkale Universitetində “V Beynəlxalq Dünya Dili Türkcə” simpoziumunda iştirak edib.
 
Pamukkale Universitetinin yaradılmasının iyirminci ildönümü münasibətilə keçirilən bu beynəlxalq toplantıda dünyanın 20 ölkəsindən 235 filoloq alim və araşdırmaçı iştirak edib. Türk Dil Kurumu, Yunus Əmrə İnstitutu, Dənizli Valiliyi və Pamukkale Universiteti tərəfindən təşkil olunan mötəbər simpoziumda Azərbaycandan da bir sıra alimlər, o cümlədən akademik Tofiq Hacıyev, filologiya üzrə fəlsəfə doktoru Əhməd Şahidov, fəlsəfə doktorları Arzu Məmmədova, Əkrəm Hüseynzadə, Ziyafət Qasımova, Yeganə Gözəlova, Aynura Mahmudova, Təranə Həşimova iştirak edib.

“Azeri türkçesi ve ortak Türk dili” mövzusunda məruzə ilə çıxış edən Əhməd Şahidovun səsləndirdiyi fikir və təkliflər onu dinləyənlərin, habelə simpozium başkanlarının diqqətini cəlb edib. Simpoziumun əsas məqsədinə diqqət çəkən Əhməd Şahidov Türk dilinin dünya dili elan olunmasının hələ tez olduğunu və bunun üçün zəmin yetişmədiyini diqqətə çatdırıb. Ə.Şahidovun bu sözləri bəzi alimlərin etirazı ilə qarşılanıb. Yerdən səslənən replikalara cavab verən azərbaycanlı alim və yazar fikrini bu cür əsaslandırıb: 

“Məndən öncə çıxış edənlərin məruzələrinə diqqətlə qulaq asdım, çox gözəl fikirlərdir. Bir Türk olaraq sevinirəm ki, dilimizin dünya dili olması arzusu və niyyəti var. Amma gəlin görək, dilimiz buna hazırdırmı? Biz türklər buna hazırıqmı? Bugün dünyada hegemon dillər mövcuddur ki, həmin dillərdə 100 milyonlarla, hətta milyardlarla insan danışır. Bunlar ingilis, rus, çin, ərəb dilləridir. Bu gün dünyada 250 milyon türk mənşəli insan var. Türk dili qədim, zəngin və füsunkar bir dildir. Bu dilin bütün dünyada vahid ünsiyyət dili kimi qəbul edilməsi biz türklərin böyük qələbəsi olar. Amma reallıqlar bunun əksini deyir. Dünyadakı 250 milyonluq türkün hamısı bir-biri ilə vahid dildə danışa bilirmi? Əlbəttə ki, xeyr. Türkiyə, Azərbaycan, Şimali Kipr, Cənubi Azərbaycan, Xakasiya və Türkmənistandakı türklər bir-birini başa düşə bilsələr də, əlifbaları ayrıdır. Digər türk toplumları və xalqları isə ümumiyyətlə bir-birini anlaya bilmir. Bura Sibir türkləri, Tatarstan, Başqırdıstan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Krım tatarları, Çin uyğurları və bu kimi onlarla türk toplumları daxildir. Necə ola bilər ki, hələ öz aralarında vahid dil təyin edə bilməyən 250 milyonluq bir millət 7 milyardlıq Yer kürəsində vahid dil olmağa iddialıdır? Bütün dünyada danışılan ingilis, ərəb və rus dillərinin mənsub olduğu millətlərin bütün nümayəndələri öz dilində danışır, hələ üstəlik digər xalqları da öz dillərində danışmağa məcbur edirlər. Biz türklər isə hamılıqla eyni dildə danışa bilmirik.”

Əhməd Şahidov Türk dilinin dünya dili elan olunmasının tələsik bir qərar olduğunu, buna qədər keçilməli olan mərhələlərin mövcudluğunu qeyd edib: 

“Türk dilinin bir dünya dili olmasına hələ çox var. Buna qədər olan prosesləri həll etmədən bu iddiaya düşmək indidən məğlubiyyətlə barışmaq anlamına gəlir. Biz ilk öncə öz aramızda, yəni 250 milyonluq insanımızın eyni dildə danışa bilməsi istiqamətində fəaliyyət göstərməliyik və ortaq Türk dilini təyin etməliyik. Bu gün bəzi alimlər təklif edirlər ki, dünyadakı bütün türk xalqlarının dillərindən müəyyən sözləri və ifadələri bir yerə toplayıb ortaq Türk dili yaradaq. Məncə, bu, çıxış yolu deyil. Mən təklif edirəm ki, Türkiyə türkcəsi ortaq Türk dili elan olunsun və digər Türk xalqları və toplumları da məhz bu dil ətrafında təmərküzləşsin. Əvvəla, ona görə ki, Türkiyə əhali sayına, siyasi-iqtisadi gücünə və dünyadakı mövqeyinə görə daha güclüdür. “Azlıq çoxluğa tabedir” prinsipi ilə digər xalqlar da Türkiyə türkcəsinə uyğunlaşdırılmalıdır. Bu prosesdə Azərbaycan, Türkmənistan, Şimali Kipr, Xakasiya artıq hazırdırlar. Çünki, bu ölkələrdə danışılan Türk dili çox oxşardır və sıravi vətəndaşlar bir-birini asanlıqla başa düşürlər. Digər Türk xalqlarını Türkiyə türkcəsi ətrafında toplamaq lazımdır, bunun üçün ilk növbədə vahid əlifba sistemi yaradılmalı və bütün fəaliyyət də bu istiqamətdə davam etdirilməlidir”.

Modern.az

 





24.12.2012    çap et  çap et