525.Az

"İlk növbədə Azərbaycan ərazilərini işğaldan azad etməyə başlamaq lazımdır”


 

"İlk növbədə Azərbaycan ərazilərini işğaldan azad etməyə başlamaq lazımdır”<b style="color:red"></b>

“Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı aparılan danışıqlara dair bu ilin yekunlarını mənfi qiymətləndirirəm”.

APA-nın Moskva müxbirinin verdiyi məlumatına görə, bu fikirləri “Rossiya 24” kanalına müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev bildirib.

 

Onun sözlərinə görə, bu il danışıqlar prosesində süstlük müşahidə olunub: “Biz buna əsas səbəb kimi Ermənistan tərəfinin bütün vasitələrlə status-kvo vəziyyətini saxlamaq cəhdlərində görürük. Onlar münaqişənin tənzimlənməsini istəmirlər. Çünki, tənzimləmə işğal olunmuş torpaqları azad etməyi tələb edir. Bu gün işğal altında təkcə Dağlıq Qarabağ deyil, muxtar vilayətə heç vaxt daxil olmayan 7 rayon da var. Bu rayonlarda erməni əhali heç vaxt yaşamayıb. Burada azərbaycanlılar yaşayıb, onlar öz yurdlarından qovulublar. Bu ərazilərin işğalına haqq qazandırmaqla Ermənistan vəziyyəti daha da çətinləşdirir. Ona görə də, status-kvo vəziyyətinin dəyişdirilməsi münaqişənin tənzimlənməsinin ilkin şərtidir. Mən ATƏT-in Minsk Qrupu həmsədrlərinin “status-kvo qəbuledilməzdir” bəyanatını qeyd etmək istəyirəm. Status-kvonu dəyişmək üçün ilk növbədə Azərbaycan ərazilərini işğaldan azad etməyə başlamaq lazımdır. Əminəm ki, bu proses başlayan kimi, danışıqlar prosesində yeni təkan olacaq”.

 

Azərbaycan prezidenti 2008-ci ildə Moskvada imzalanmış üçtərəfli Mayndorf deklarasiyasını xatırladıb: “Bu sənəddə göstərildiyi kimi konfliktin həllində beynəlxalq təşkilatların çıxardığı qətnamələrə və qərarlara əsaslanmalıdır. Belə qətnamələr və qərarlar kifayət qədərdir. BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına dair dörd qətnamə qəbul edib. Bundan başqa Helsinki Yekun Aktı var. Bu akta əsasən, xalqların öz müqəddəratını təyin etmə haqqı ərazi bütövlüyünü pozmaq deyildir. Bu sənədi diqqətlə oxusanız, görəcəksiniz ki, xalqların öz müqəddəratını təyinetmə haqqı yalnız ərazi bütövlüyü prinsipi çərçivəsində mümkündür. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb. Dağlıq Qarabağ Azərbaycanın həm tarixi, həm siyasi, həm də hüquqi ayrılmaz tərkib hissəsidir. 2009-cu ilin sonunda ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən təklif edilən formul Azərbaycan tərəfindən qəbul olunub, Ermənistan tərəfindən isə rədd edilib. Daha sonra isə danışıqlar prosesində bu formul dəyişdirilib və Ermənistan tərəfi guya Azərbaycanın bu təklifi qəbul etməməsi barədə spekulyasiya edir. Azərbaycan münaqişənin həllində ən maraqlı tərəfdir. Çünki bizim ərazilərimiz işğal altındadır, sakinlərimiz öz evlərinə qayıda bilmirlər”.

 





24.12.2012    çap et  çap et