525.Az

Bakı aeroportundan bir sıra Avropa aviareysləri təxirə salınıb


 

Bakı aeroportundan bir sıra Avropa aviareysləri təxirə salınıb<b style="color:red"></b>

Bu gün «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) 037 saylı Bakı-Roma aviareysi təxirə salınıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanından «APA-Economics»ə verilən məlumata görə, bu gün saat 07:55-də yerinə yetirilməli Bakı-Roma aviareysi təxirə salınıb və bu marşrutla növbəti uçuşun həftənin şənbə günü saat 07:55-də həyata keçiriləcəyi gözlənilir: «Eyni zamanda bu gün «Lufthansa» aviaşirkətinin 613 saylı Bakı-Frankfurt aviareysi də təxirə salınıb. Bu aviareys Frankfurt-Bakı aviareysinin yerinə yetirilməməsi səbəbindən həyata keçirilməyib. Bildiyiniz kimi, Frankfurt-Bakı aviareysi Bakı hava limanında endikdən sonra Aşqabad istiqamətində havaya qalxır. Ötən gün Frankfurt-Bakı aviareysi yerinə yetirilmədiyi üçün müvafiq olaraq 612 saylı Bakı-Aşqabad aviareysi də təxirə salınıb. Həmin reyslər bu həftənin cümə günü yerinə yetiriləcək».

Aeroportdan qeyd olunub ki, Bakı-Frankfurt aviareysləri hər həftənin II, V və VII günləri saat 04:50-də yerinə yetirilir.

Bundan başqa hava limanından bildirilib ki, ötən gün 643 saylı «Austrian Airlines» aviaşirkətinin Vyana-Bakı və 644 saylı Bakı-Vyana aviareysləri üzrə də uçuşlar növbəti uçuş gününə kimi həyata keçirilməyib. Bakıdan Vyanaya uçuşlar hər həftənin I, IV, V və VII günləri saat 17:55-də yerinə yetirilir.

Aeroportdan təxirə salınmaların səbəbini bildirməsələr də, Avropanın bir sıra şəhərlərində hava şəraitinin uçuş üçün əlverişsiz olduğu bildirilir.

 





25.12.2012    çap et  çap et