525.Az

"ATƏT Azərbaycana xəyanət edib"


 

"MİNSK QRUPU ERMƏNİSTAN VƏ DAĞLIQ QARABAĞ SEPARATÇILARININ MARAQLARINA XİDMƏT EDİR"

"ATƏT Azərbaycana xəyanət edib"<b style="color:red"></b>

Mütəmadi qaydada Ermənistanın təmas xəttində atəşkəsi pozması, təxribatlara əl atması nəticəsində yaranan kiçik müharibələr zamanı Azərbaycan Silahlı Qüvvələri düşmənə öz gücünü göstərir və işğalçı tərəf ağır itkilər verərək geri çəkilməyə məcbur olur. Lakin düşmən tərəfi təmas xəttində təxribat yaratmaq niyyətindən əl çəkmir ki, çəkmir.

Hərbçilərini göz gör-görə ölümə göndərən Ermənistan rəhbərliyi cəmiyyətdə haqlı narazılıq yaradır, artıq xırda problemlər belə xalqın kütləvi etiraz çıxışları ilə qarşılanır. Bu mənada, sonuncu dəfə elektrik enerjisinin qiymətlərinin o qədər də böyük olmayan məbləğdə - 17 dram dəyərində artırılmasının bugünədək davam edən etirazlara səbəb olduğunu xatırlatmaq yerinə düşər. Bu Ermənistandakı özbaşınalığının sosial-iqtisadi böhranla bağlı olan tərəfidir. Əsas məsələ isə odur ki, ermənilər öz övladlarını ölümə göndərmək istəmirlər. Onlara Dağlıq Qarabağ deyil, öz övladları lazımdı. Çünki Ermənistan xalqı yaxşı bilirlər ki, bu torpaqlar heç vaxt onların olmayıb və onlara məxsus olmayan torpaqlara görə vuruşmaq da istəmirlər. Bütün bunlara baxmayaraq, hakimiyyət çirkin əməllərini dayandırmır, daha doğrusu dayandıra bilmir. Ona görə ki, işğalçı ölkənin müstəqilliyi formal xarakter daşıyır. Ermənistan əslində hegemon dövlətlərin əlində bir vasitə, oyuncaqdır. Erməni xalqı da bunu anlayır. Ona görə də, hakimiyyət nümayəndələri xalqı heç cür razı sala bilmir. Hətta Ermənistan vətəndaşlarının mövcud narazılığı, hazırkı rejimin hakimiyyəti itirmək qorxusu da onları yanlış yoldan döndərmək iqtidarında deyil.

Görünən odur ki, rəsmi İrəvan himayədarlarının verdiyi əmrə sadiq qalaraq, cəbhədə hər dəfə 5-10 itki verməklə münaqişəni hazırkı vəziyyətdə saxlamaqda qərarlıdır. Bunu avqustun 21-də Ermənistanın müdafiə naziri Seyran Ohanyanın etdiyi çıxışından da aydın şəkildə anlamaq olar. Minsk Qrupunun fəaliyyətini yüksək qiymətləndirən Ohanyan Dağlıq Qarabağ münaqişəsinin qısa müddətdə həll oluna bilməyəcəyini deyərək qurumun fəaliyyətinin davam etdirilməsinin vacib olduğunu bildirib. Bu o deməkdir ki, həmsədrlik institutunun fəaliyyətsizliyi nəticəsində münaqişə hələ uzun müddət davam edərsə, Ermənistan əhalisinin ölkəni kütləvi şəkildə tərk etməsi bir yana, 18 yaşına çatan ermənilərin bu oyunların qurbanına çevrilməsi nəticəsində Ermənistanda demoqrafik göstəricilər daha da aşağı düşəcək.

Ohanyan onu da deyib ki, ATƏT-in Minsk Qrupunun  fəaliyyəti münaqişə tərəfləri arasında müəyyən sülhün yaranmasına səbəb olub.

Təəccüblüdür, görəsən, təmas xəttində Ermənistanın dəfələrlə atəşkəsi pozması nəticəsində xeyli sayda itkilərin qeydə alınması hansı sülhdən xəbər verir?

Erməni nazirin fikrincə, (buna görə də) Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə fəaliyyət göstərən ATƏT-in Minsk Qrupunun formatı saxlanılmalıdır: "Biz hesab etmirik ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin sayında dəyişiklik edilməlidir. Əlbəttə, bu gün  ATƏT-in Minsk Qrupunun siyasi potensialında müəyyən dərəcədə zəifləmə müşahidə olunur. Buna səbəb Rusiya ilə ABŞ və Avropa ölkələri arasında fikir ayrılığıdır. Lakin bu onların vasitəçi fəaliyyətindəki effektiv işinə maneələr yaratmır".

Və budur, avqustun 22-də növbəti dəfə Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində 5 erməni hərbçisi məhv edilib, 8 nəfəri isə yaralanıb. Azərbaycanın Müdafiə Nazirliyi işğalçı ölkəyə son xəbərdarlığını edib: "Ermənistanın hərbi rəhbərliyindəki əliqanlı yaramazları cilovlamaq məqsədilə düşmənin mövqelərinə endiriləcək növbəti zərbələr daha sarsıdıcı, təsirli və amansız olacaq".

Bundan sonra düşmənin hansı hiyləyə, oyuna əl atacağı sual və maraq doğurur. Məlum olan isə odur ki, nə Ermənistanın cinayətkar rejimi işğal etdiyi Dağlıq Qarabağ torpaqlarını öz xoşuyla qaytarmaq niyyətindədir, nə də ATƏT-in Minsk Qrupu münaqişənin dinc yolla həll olunması üçün düzgün fəaliyyət göstərmək fikrindədir.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib ki, ATƏT Azərbaycana xəyanət edib: "Dövlətimiz müstəqillik əldə edəndən sonra Qərb strukturlarının regiona gəlməsi istiqamətində siyasət aparıb. O cümlədən, Azərbaycan 1992-ci ildə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinə (ATƏM) (1995-ci il yanvarın 1-də qurumun adı Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) olaraq dəyişdirilib) üzv olaraq bu qurumu regiona dəvət edib. Hətta buna görə cəzalanmışıq. Ətraf yeddi rayonun işğal olunması faktında Azərbaycanın qərbpərəst siyasəti də rol oynayıb. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra isə Qərb strukturları ilə əlaqələrə xüsusi status verilib. Ermənistan isə o dövrlərdə Qərb təşkilatları, eləcə də ATƏT-in regiona gəlməsinin əleyhinə idi. Çünki Rusiya Qərbin Cənubi Qafqaza gəlməsini istəmirdi. Lakin Qərb strukturları, o cümlədən, ATƏT bizim əlimizdən tuta-tuta Cənubi Qafqaza gələ bildi. Ancaq bundan sonra Qərbin siyasi dairələri strategiyasını tamamilə dəyişdi".

Politoloqun sözlərinə görə, ATƏT regiona gələndə biz ümid edirdik ki, söz verdiyi kimi Dağlıq Qarabağ münaqişəsini tənzimləməklə məşğul olacaq: "Halbuki, ATƏT-in Minsk Qrupu regiona gəlib öz yerini möhkəmləndirəndən sonra, dəqiq desək, 2000-ci ilin əvvəlindən, yəni 15 ildir münaqişənin tənzimlənməsi ilə məşğul olmur. Həmsədrlər yalnız müharibənin qarşısını almaqla məşğul olurlar. Dağlıq Qarabağ münaqişəsində status-kvonu yaradan və möhkəmləndirən də ATƏT-in Minsk Qrupudur. Ermənistan isə Azərbaycan torpaqlarını işğal etdiyi üçün indiki vəziyyət onları qane edir. Ona görə də, ermənilər indki vəziyyətin dəyişməməsində maraqlıdırlar. ATƏT də buna şərait yaradır. Bu qurumda siyasi yolla qərar qəbuletmə mexanizmi konsensus olduğu üçün ermənilər bundan istifadə edərək ATƏT-in qəbul etdiyi qərarların əleyhinə çıxırlar. Bu halda, Azərbaycan status-kvonu yalnız müharibə vasitəsilə dəyişə bilər. Lakin ermənilərə məlumdur ki, ATƏT müharibə variantını da qəbul etmir. Bir sözlə, hər iki vəziyyət ermənilərə sərf edir. Bu baxımdan, Ermənistan ATƏT-in Minsk Qrupunun hazırkı şəkildə - formatının, tərkibinin, nizamnaməsinin dəyişdirilmədən fəaliyyətində maraqlıdır. Bunu Serj Sarkisyan və Eduard Nalbandyan da deyib. İndi isə işğalçı ölkənin müdafiə naziri Seyran Ohanyan Ermənistan gənclərinin ümumi yığıncağında bu fikirləri səsləndirib. Bu o deməkdir ki, ATƏT-in Minsk Qrupu nəinki Azərbaycana qarşı ədalətsizdir, hətta xəyanət edib".

Politoloq Qabil Hüseynli isə qeyd edib ki, ATƏT-in Minsk Qrupunun fəaliyyətini ədalətli hesab edən Seyran Ohanyan mövqeyini əsaslandırmaq üçün heç olmasa bir nümunə gətirməlidir: "İşğal nəticəsində iyirmi ildən artıqdır ki, Azərbaycan torpaqlarının iyirmi faizi ermənilərin əlindədir. Düşmən ölkə Dağlıq Qarabağ və ətraf yeddi rayonun yeraltı və yerüstü sərvətlərini talamaqla məşğul olur. Bu var-dövlətin dəyəri dörd yüz milyard ABŞ dollarına bərabərdir. Bu, Ermənistanın Azərbaycana vurduğu ziyanların hələ maddi tərəfidir. Digər tərəfdən işğal nəticəsində bir milyondan artıq vətəndaşımız öz dədə-baba yurdundan didərgin salınıb. Belə bir vəziyyətdə, əlbəttə ki, işğalçı ölkənin müdafiə naziri ATƏT-in Minsk Qrupunun fəaliyyətindən razılıq edəcək. Lakin konkret faktlar gətirmək lazımdır ki, Minsk Qrupunun fəaliyyət göstərdiyi bu iyirmi bir il ərzində sülhyaratma prosesinə hansı töhfələri verib, beynəlxalq hüquq normalarına uyğun olaraq münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün hansı addımları atıb? Reallıq budur ki, Minsk Qrupu münaqişənin danışıqlar yoluyla həll olunması üçün yaradılsa da, vasitəçilik missiyasını öz üzərinə götürən dövlətlər iki onillik ərzində heç bir irəliləyişə nail ola bilməyiblər".

Q.Hüseynli deyib ki, sözügedən qurum münaqişə tərəfləri arasında baş verən hadisələrə hər zaman tərəfli münasibət göstərir: "Ermənilər torpaqlarımızı yandırdığı, təbiətə ziyan vurduğu üçün şikayətimiz əsasında qurumun yaratdığı faktaraşdırıcı missiya hadisəyə yerinə gələrək baş verən olayı təbii fəlakət kimi qiymətləndirir. Necə olur ki, iqlimi mülayim olan Qarabağ zonasında illərdir bu cür təbii fəlakətlər baş vermir və yalnız torpaqlarımız işğal olunandan sonra tez-tez baş verməyə başlayır? İşğal olunan ərazilər bəs deyilmiş, ermənilər cəbhə bölgəsində yerləşən kəndlərimizi də od vurub yandırmaq istəyirlər. Bütün bunlar bir yana, həmsədrlər heç "işğalçı" sözünü dillərinə gətirmək istəmir, zəbt olunan torpaqlarımızı "nəzarətdə olan ərazilər" adlandırırlar. Çünki belə olan halda "Azərbaycan torpaqlarını hansı dövlət işğal edib" sualı meydana çıxacaq ki, bu da qurumun hazırkı məqsəd və fəaliyyəti ilə üst-üstə düşmür. Həmsədrlər bu sual qarşısında aciz qalanda riyakarlıq edərək bildirirlər ki, torpaqları "Dağlıq Qarabağın milli azadlıq ordusu" nəzarətə götürüb. Diqqət yetirsək, Qərb siyasi dairələri Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgə və Donbasdakı quldur dəstələri separatçı adlandırır, lakin Azərbaycan xalqına ağır günlər yaşadan ermənilərə separatçı, işğalçı deməyə dilləri gəlmir".

Politoloq vurğulayıb ki, Minsk Qrupu Ermənistan və separatçı rejimin maraqlarına xidmət edən qurumdur: "Bunu Seyran Ohanyan hamıdan yaxşı bilir. Minsk Qrupu fəaliyyətə başladığı dövrdən bəri status-kvonun saxlanılması üçün əlindən gələni edib. Ona görə də Ermənistan tərəfi həmsədrlərə təriflər yağdırır ki, onlar daha da ruhlanıb qeyri-konstruktiv fəaliyyətlərini davam etdirsin, münaqişənin həllinə olan azacıq ümidləri də söndürsünlər".

Təbii ki, vasitəçi qurum işğalçı ölkə tərəfindən dəstəklənirsə, burada ədalətdən söhbət gedə bilməz. Çünki qurumun məqsədi Ermənistanı tutduğu səhv yoldan döndərmək, məkrli niyyətindən çəkindirməkdir. Lakin həmsədrlərlə Ermənistan rəhbərliyi bir-birindən razılıq edir və ortada münaqişə ilə bağlı heç bir irəliləyiş yoxdursa, bunun bir adı var - ədalətsizlik. Bu o deməkdir ki, 21 illik fəaliyyəti ərzində Azərbaycan tərəfindən bir dəfə də olsun müsbət rəy almayan ATƏT-in Minsk Qrupunun hazırkı formatda obyektivliyinə qəti inam ola bilməz. Sonuncu dəfə Ukraynada yaşanan proseslər də onu göstərdi ki, Qərb yalnız boş vədlər verməklə kifayətlənir. Nəticədə, ikinci Minsk Qrupu meydana çıxdı. Lakin Ukrayna bu qurumun fəaliyyətindən demək olar ki, istifadə etmir. Çünki sabiq prezident Viktor Yuşenkonun təbiri ilə desək, artıq Ukrayna anlayıb ki, Qərb vədinə xilaf çıxıb, onlara xəyanət edib.

Ceyhun ABASOV

 





25.08.2015    çap et  çap et