525.Az

Fikrət Qoca yaradıcılığı yeni mədəni epoxanın aydın təzahürü kimi


 

ŞAİRİN İNSAN, ALLAH, AZADLIQ VƏ POEZİYA HAQQINDA DÜŞÜNCƏLƏRİNƏ BİR NƏZƏR

Fikrət Qoca yaradıcılığı yeni mədəni epoxanın aydın təzahürü kimi<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

Fikrət Qocanın azadlıq haqqındakı şeirlərində də gənc şairin poetik məharəti və cəsarəti oxucunu heyrətləndirir. Bu şeirlər yenicə formalaşmaqda olan F.Qoca üslubunun nadir və təkrarsız təzahürləridir.

Hətta həssas oxucu da indicə nəzərdən keçirəcəyimiz poetik nümunələri dəfələrlə oxuyarkən qəribə bir heyranlıq və təəccüb duyğusundan ayrıla bilmir; Gənc müəllif bu cür poetik nəticələrə axı necə nail ola bilib? "Azad insanıq" (1964) şeirinin ifadə tərzi çox qəribədir:

Çiynimdə ulduzlu səma,
İslanmış səkilərdə
Rəngarəng reklamların əksini
Geyirəm ayaqlarıma.
Bürkülü günlərdə sərin
Ağac kölgəsində sərinləyirəm,
elə bil çimirəm.

Bu sətirlərdə insan azadlığının xüsusi bir əlaməti və ya cəhəti diqqətinizi çəkmir. Çünki həmin elə bil fövqəladə şey, azadlığın rəmzi olan bir nişan yoxdur. Lirik "mən" özünün adi, hərgünkü həyatından, hərəkətindən, gəzintisindən bəhs edir. İnsan azadlığının özünəməxsus bir təzahürünü və ya görüntüsünü görmək məqsədi ilə yenə şeirə nəzər salırıq:

Soyuqlu gecələrdən incimirəm
Bürünürəm gümüşü Ay işığına
Səhərəcən tamaşa eləyirəm
Yerlə göylə barışığına.
Gecələyirəm
Ya dörd divar arasında,
Ya da elə-belə, dünyada.

Biz bu misralarda da insan azadlığının görünən və görünməyən hansısa bir əlamətini müşahidə etmirik.

Lirik "mən"in yaşantıları, müəllifin təsvir etdiyi lirik situasiya öz poetikliyi və cazibədarlığı ilə qəlbinizi oxşayır. Amma onların heç biri fövqəladə və ya qeyri-adi təsir bağışlamır. Yəni müəllif insan azadlığının çox adi və sadə bir şey olduğunu nəzərimizə çatdırır.Lirik qəhrəmanın öz vəziyyəti haqqındakı etirafı da azadlığın yenə də adiliyini, təbiiliyini və heç kim tərəfindən verilmədiyini göstərir:


Əzələmdə ilan kimi qıvrılıb gücüm,
Ürəyimdəki bir yığın arzudur-köçüm.
İşimdir - hara əlimi atsam,
Yolumdur - hara üzümü tutsam.  

F.Qoca lirik qəhrəmanının azadlıq ovqatı və təsəvvürü onun bu mövzudakı başqa şeirlərində də əks edib.

Aşağıdakı şeirdə də qəribə azadlıq əhvali-ruhiyyəsinin ifadəsi ilə qarşılaşırıq. Bu qəribəlik obrazlardan və bədii ifadə vasitələrindən başqa həm də şeirin ruhunda, mündəricəsində və lirik "mən"in azadlığa münasibətindədir:

Başımın üstündə günəş,
Ayağımın altında doğma bir ada...
Hara gəldi üzümü tutub gedirəm.
Çiçəklərə gözəlləşməyi,
Ağaclara yaşamağı,
torpağa bərəkətli olmağı öyrədirəm.
Mənimdir bütün binalar,
bütün çöllər, bağlar.
Mənimdir səmadakı quşlar,
suların altındakı balıqlar.
Çünki azad ürəyim var,
azadlıq budur, qardaşım.

Gənc F.Qocanın bu ruhdakı və mövzudakı şeirləri hələ yazıldığı vaxtlarda ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdi. Ədəbi tənqidin bu şeirlərə münasibəti isə birmənalı deyildi. Bu şeirləri təqdir edənlər də, inkar edənlər də vardı. Bu şeirin sağlam təlqini və təhlili sonrakı dövrlərə aiddir. Tənqidçi Vaqif Yusifli yuxarıda misal gətirdiyimiz şeirdən bəhs edərək yazırdı: "F.Qocanın insan azadlığı ilə bağlı düşüncələri də onun poetik qayəsinin əsas atributlarından biridir... F.Qocanın lirik qəhrəmanı bu mənada xoşbəxt insandır.

Fikrən, ruhən azad olan insan üçün həyat ilk növbədə nikbin mahiyyət daşımalıdır". Bu fikirlərlə razılaşmaq mümkündür və biz də tənqidçinin münasibətini müdafiə edirik. Amma bu şeirə başqa cür də yanaşmaq olar. Məsələn, şairin təsvir etdiyi lirik əhvali-ruhiyyəni tam əks mənada qiymətləndirmək olmazmı? Müəllif insan azadlığını son dərəcə, qəsdən və məqsədli şəkildə adiləşdirməyibmi? Lirik qəhrəmanın məhz bu mövqeyi və məsələyə bu cür münasibəti 60-cı illər tənqidində ən azı anlaşıqsız, ən çoxu isə etirazla qarşılanmışdı. Çünki yeni lirik qəhrəmanın, xüsusən, yuxarıda nəzərdən keçirdiyimiz lirik "mən"in yaşantılarında bir sıra başqa cəhət və keyfiyyətlər də nəzərə çarpırdı. İdeoloji tənqid yeni lirik qəhrəmanın mənəvi fəaliyyətində və xarakterində "passiv istehza" və "ironiya aləminə qapılma" hallarını görür və bunu açıqca büruzə verirdi. Sovet tənqidinin bu narahatçılığı əsassız deyildi. Çünki Ə.Kərimin, F.Qocanın, M.Arazın, X.R.Ulutürkün və başqa altmışıncıların lirik qəhrəmanları sosialist realizmi estetikasının qəliblərinə sığmırdı, hətta onu bir çox cəhətlərdən yerli-dibli inkar edirdi. Ona görə 60-70-ci illərin ən məşhur tənqidçilərindən birini aşağıdakı şeir həddindən artıq hiddətləndirmişdi:

Dəniz də mənimdir,
Üstünə səpilən ay işığı da.
Sahildəki ağaclar da mənimdir,
Yarpaqların danışığı da.
Gedir gəmilər,
Fit səsi mənə qalır.
Yollarda bütün gözəllərin
Tökülüb ədası, nazı, qəmzəsi mənə qalır.
Xəyalım hara getmək istəyir, göndərirəm.
Yol pulunu qızırqanmıram,
Laləli dərələrin qoynuna
atıram özümü,
alışıb yanmıram.

Şeirin epiloqu söz sənətinin məfkurəvi keyfiyyətinə və sosialist gerçəkliyinə nə dərəcədə sədaqətli olub-olmamasına cavabdeh ədəbiyyat texnoloqlarını xüsusi ilə qıcıqlandırırdı:

Kefim istəyəndə
gecələr doyunca
ulduzlara baxa bilirəm.
Heç baxmıram yada
Kef çəkirəm dünyada.

Bu sətirlərdə sosialist realizmi kanonları və qanunları ilə uyğunluğun olmamasını hiss edən tənqidçi əsəblərini və emosiyalarını cilovlaya bilməmişdi: "Bizə elə gəlir ki, bu cür hərcayi, iddialı lirik qəhrəmanı tərənnüm yox, ifşa etmək gərəkdir!..". 60-70-ci illərdə belə bir mülahizənin səslənməsi şairin taleyi üçün ciddi təhlükə yarada bilərdi. Ona görə də bu cür mövqedən yazılmış və altmışıncıları "ifşa" edən hökmlərə, ittihamnamələrə qarşı mütəmadi olaraq, sağlam və milli mənafeyi müdafiə edən tənqidin səsi həmişə eşidilib. Amma bugün yarım əsrə yaxın bir vaxt keçdiyini və elə bir siyasi, ideoloji təhlükənin olmadığına güvənərək, o şeirlər haqqında daha geniş və cəsarətli mülahizələr bildirmək zərurəti duyulmaqdadır.

Həqiqətən də, F.Qocanın yuxarıdakı şeirlərində azadlığa münasibətdə müəyyən dərəcədə istehza, ironiya mövcud idimi? Bizə elə gəlir ki, nəzərdən keçirdiyimiz şeirlərin mətnində siyasi azadlığın şişirdilməsinə, zamanın böyük mübaliğəsinə yanaşmada müəllifin son dərəcə dərin antipatiyası, passiv istehzası və ayıq müasirlərinin, daha çox isə gələcək nəsillərin həssas və iti idrakına hesablanmış incə bir ironiyası gizlənmişdir. Bədii həqiqətin bu cür düşünülməsi və ifadəsi, ümumən, F.Qoca üslubunu təşkil edən və şəkilləndirən poetik komponentlərin mürəkkəb qarşılıqlı əlaqəsi, lirikanın hədsiz məhdud imkanlarının bu dərəcədə genişləndirilməsi və lirik "mən"in birbaşa, müstəqim və az qala monoloq səciyyəli etirafında heyrətamiz çoxmənalılığa nail olmaq ötən əsrdə milli şeirimizin ən mühüm və yadda qalan nailiyyətlərindən biridir.

Beləliklə, gənc F.Qocanın üslubu XX yüzildə Azərbaycanın poetik üslub xəritəsində yeni bir ünvan və poetik məkan, növbəti və yeni bir üslub hadisəsi kimi milli bədii təfəkkürümüzü təzələmiş və zənginləşdirmişdir.
Müdrik F.Qocanın möhtəşəm və zəngin yaradıcılıq dünyası gənc F.Qocanın bədii cəsarətindən və kəşflərindən doğulub, ərsəyə gəlmişdir. Gənc F.Qocanın yarım əsr öncəki poetik həqiqətləri və heyrətləri bugün də bizi düşündürməkdədir.

 





25.08.2015    çap et  çap et