525.Az

"Bakı-Tbilisi-Ərzurum kəmərində qaz nəqli hələ də bərpa edilməyib"


 

"Bakı-Tbilisi-Ərzurum kəmərində qaz nəqli hələ də bərpa edilməyib"<b style="color:red"></b>

"Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars vilayətindən keçən hissəsində baş verən partlayışla əlaqədar kəmər vasitəsilə qazın nəqli hələlik bərpa edilməyib".

Bu barədə "APA-Economics"ə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi məlumat verilib.
 
"Partlayış baş verəndən dərhal sonra qaz kəməri vasitəsilə mavi yanacağın nəqli dayandırılıb. Hazırda qaz nəqlinin bərpası istiqamətində işlər davam etdirilir. Hələlik (Bakı vaxtı ilə 15:50 radələri - red.) qaz nəqli bərpa edilməyib", - deyə qurum rəsmisi bildirib.
 
Nazirliyin sözçüsü bildirib ki, kəmər vasitəsilə qaz nəqlinin nə zaman bərpa olunacağını demək çətindir.
 
Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyə ərazisindən keçən hissəsinin operatoru olan BOTAŞ şirkətindən isə "APA-Economics"ə bildirilib ki, bu günün birinci yarısından etibarən başlayan İdarə Heyətinin toplantısı hələ də davam etdirilir.
 
Qeyd edək ki, bundan öncə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib ki, hadisə ilə bağlı kəmərin operatoru olan BOTAŞ şirkəti onun təmsil etdiyi şirkətə mütəmadi məlumat verir: "Hazırda hadisənin təfərrüatları araşdırılır. BOTAŞ-ın məlumatına görə, təmir işləri bir neçə gün davam edə bilər".
 
Xatırladaq ki, ötən gecə PKK terrorçuları Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars vilayətindən keçən hissəsində partlayış törədiblər.
 
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, partlayış kəmərin Qars vilayətinin Sarıqamış qəsəbəsindən keçən hissəsində törədilib.
 
Qars valisi Günay Özdəmir mətbuata açıqlamasında partlayışın 20-dək PKK terrorçusunun hücumu nəticəsində törədildiyini bildirib.
 
“Partlayış terror hücumu nəticəsində baş verib. Güclü yanğın səbəbindən əraziyə yaxınlaşmaq mümkün deyil. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür”, - deyə G. Özdəmir bildirib.
 
Onun sözlərinə görə, kəmər vasitəsilə təbii qazın nəqli dayandırılıb. Hadisə yerində müşahidə olunan güclü alov qonşu Ərzurum vilayətinin bəzi yaşayış məntəqələrindən də aydın görünüb.
 
Ərazi jandarma və polis qüvvələri tərəfindən nəzarətə götürülüb.
 
Qeyd edək ki, bundan əvvəl avqustun 4-də də Bakı-Tblisi-Ərzurum qaz kəmərində partlayış törədilib.

 





25.08.2015    çap et  çap et