525.Az
Azərbaycan Bəstəkarlar İttifaqının IX qurultayından qeydlər
Nuray ƏLİYEVA
XX əsr Azərbaycan musiqi mədəniyyəti tarixində keyfiyyətcə yeni bir səhifə açdı. Bu səhifə, ilk növbədə, Avropa anlamlı bəstəkar yaradıcılığının meydana gəlməsi ilə bağlı idi. İlk Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 1908-ci ildə səhnəyə qoyulmuş “Leyli və Məcnun” operası ilə intibaha başlayan musiqimiz XX əsrin ortalarına doğru bir sıra yeni janrların – opera, balet, operetta, simfoniya, konsert kimi irihəcmli, habelə kiçikhəcmli musiqi janrların yaranmasına gətirib çıxardı. Azərbaycan musiqisinin çox qısa zaman kəsiyində təşəkkülü prosesi dövlətin mədəni həyatında bir sıra yeniliklərin yaranmasına gətirib çıxardı. Əlbəttə ki, bu yeniliklər sırasında əlamətdar hadisələrdən biri də Azərbaycan Bəstəkarlar İttifaqının yaranması idi.
1934-cü il iyun ayının 30-da 17 nəfərin iştirakı ilə ümumi yığıncaq keçirilir. Məhz bu gün musiqi tarixində Azərbaycan Bəstəkarlar İttifaqının yaranma tarixi kimi qəbul olunmuşdur.
Azərbaycan Bəstəkarlar İttifaqı yarandığı ildən bu günümüzə qədər bəstəkar və musiqişünasları bir araya gətirən birlik kimi özünün geniş və aktiv fəaliyyətini önəmli tədbirlərin keçirilməsi ilə bir daha təsdiqləyir.
Bu ilin 14-18 dekabr tarixləri Azərbaycan musiqi həyatında daha bir yeni əlamətdar dönəm kimi qeydə alındı. Bu günlər ərzində Azərbaycan Bəstəkarlar İttifaqının IX Qurultayı həyata keçirildi. Qurultay çərçivəsində müxtəlif tədbirlər – mətbuat konfransı, müxtəlif konsert proqramları, tamaşalar, müzakirələr uğurla baş tutdu.
Musiqi bayramı kimi qarşılanan qurultayın ilk günü – 14 dekabr Fəxri Xiyabanın ziyarəti ilə başlayıb , günün ikinci yarısında Azərbaycan Bəstəkarlar İttifaqının konfrans zalında mətbuat konfransı ilə davam etdirildi. Təntənəli açılış mərasimi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında həyata keçirildi. Azərbaycan Dövlət Simfonik Orkestrinin(dirijor-F.Kərimov) və Azərbaycan Dövlət Xor Kapellasının iştirakı ilə(bədii rəhbər-G.İmanova) konsert proqramı musiqisevərlərə təqdim olundu. Qurultayın hər bir günündə konsert proqramları Azərbaycan musiqi mədəniyyətində müstəsna rol oynamış dahi bəstəkarların parlaq əsərləri ilə başlandı. Açılış mərasimində ilk nömrə olaraq Üzeyir Hacıbəylinin “Koroğlu” operasından üvertura səsləndi. Azərbaycan musiqi xəzinəsinin gözəl nümunəsinin ardınca bəstəkarlıq məktəbinin nümayəndələri – M.Mirzəyev,
A.Dadaşov, C.Abbasov, S.Fərəcov, X.Zeynalova, R.Əliyev, N.Məmmədov, M.Babayevin əsərləri tamaşaçılara təqdim olundu. Proqram Firəngiz Əlizadənin “İntizar” operasından final səhnəsi ilə yekunlaşdırıldı. İlk günün böyük maraqla qarşılanması növbəti konsert proqramlarının dinləyicilər tərəfindən səbirsizliklə gözlənilməsi zərurətini yaradırdı.
Qurultayın 2-ci günü biri-birindən maraqlı tədbirlərlə zəngin idi. İlk konsert Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda baş tutdu. Konsert öncəsində Bəstəkarlar İttifaqının sədri,bəstəkar Firəngiz Əlizadə qurultaya xarici dövlətlərdən qatılan qonaqları və tamaşaçıları salamladı. Ardınca Özbəkistan Bəstəkarlar İttifaqının sədri Rüstəm Abdullayev öz çıxışında qurultayın Azərbaycanın mədəni həyatında, qonşu dövlətlərlə əlaqəsinin möhkəmləndirilməsində əlamətdar olmasını vurğuladı. R.Abdullayev çıxışının sonunda Firəngiz Əlizadəyə Azərbaycanın tarixini, mədəniyyətini özündə əks etdirən ünvan təqdim etdi.
Ənənəvi olaraq proqramda ilk nömrə yenə də klassik Azərbaycan bəstəkarlıq məktəbinin nümayəndəsinin adı ilə bağlı idi. Cövdət Hacıyevin piano üçün “Ballada”sının ardınca O.Zülfüqarov, İ.Abdullayev, M.Arazbəyli, D.Dadaşov, E.Məmmədov, N.Şəfiyeva, F.Babayeva,Ü.Əhmədovun əsərləri səsləndi.
Musiqili günün davamı olaraq R.Behbudov adına Dövlət Mahnı Teatrında “Mahnı konserti” dinləyicilərdə xoş əhval-ruhiyyə oyatdı. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin “Bakı gecələri” estrada orkestrinin,Azərbaycan Televiziyası və Radiosunun Ə.Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblının ifasında müxtəlif mahnı və kompozisiyalar səsləndi.
Günün axşam saatlarında daha bir tamaşa qurultay tamaşaçılarını öz ətrafına topladı. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında T.Bakıxanovun “Xeyir və Şər”, E.Dadaşovanın “Sayalı” adlı baletinin premyerası uğurla baş tutdu.
Elə həmin saatlarda günün sonuncu tamaşası – Ü.Hacıbəylinin “Ər və arvad” musiqili komediyası Dənizçilərin Mədəniyyət evində nümayiş olunmuşdur. Bununla da Qurultayın 2-ci günü də maraqlı tamaşaları ilə yaddaşlarda xoş təəssüratlar oyatdı.
16 dekabr – Qurultayın 3-cü günündə qonaqların şəhərə ekskursiyası təşkil olunmuşdu. Şəhərə gəzintinin ardınca günorta saatlarında Azərbaycan Dövlət Filarmoniyasında A.Paşayevin dirijorluğu ilə Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin konserti baş tutdu. Konsert Üzeyir bəyin “Arşın mal alan” musiqili komediyasından Müqəddimə ilə başlandı. Ardınca S.Rüstəmovun “Bayatı- Kürd” fantaziyası, Əməkdar artist Almaz Orucovanın ifasında Niyazinin “Qaragilə” ,Hacı Xanməmmədovun tar ilə xalq çalğı alətləri orkestri üçün “ 3 saylı konsert ” solist Əməkdar artist Sahib Paşazadənin təqdimatında səsləndi. Proqramın ikinci hissəsində Ramiz Zöhrabovun “Uşaq lövhələri”,D.Dadaşovun “Rəqs süitası”,F.Əmirovun “Kor ərəbin mahnısı”, H.Adıgözəlzadənin “Vallah,adam qocalmaz” mahnısı,K.Əhmədovun “Cəngi”,Y.Xəlilovun “Yallı”, V.Allahverdiyevin “Azərbaycan torpağıyam” kompozisiyası alqışlarla qarşılandı.
Musiqi bayramı tamaşalarla – Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında F.Əmirovun “Sevil” operası, Dənizçilərin Mədəniyyət evində Ramiz Mirişlinin “Amerikalı kürəkən” musiqili komediyası ilə davam etdirildi.
17 dekabr – festivalın 4-cü günündə Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda kamera konserti həyata keçirildi. Konsert proqramı A.Zeynallının “Muğamsayağı” əsəri ilə başlayıb, G.Mirzəyeva, R.Xəlilov, F.Nağıyev,İ.Zeynalov, T.Əkbərin,A.Məlikovun əsərləri ilə davam etdi.
Silsilə tədbirlərin davamı olaraq axşam Kamera və Orqan musiqi zalında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti baş tutdu. Teymur Göyçayevin bədii rəhbərliyi və dirijorluğu ilə Azərbaycan bəstəkarlıq məktəbinin nümayəndələrinin – A.Əlizadə, R.Ramazanov, M.Cəfərov, S.İbrahimova, D.Dadaşov, S.Əliyev, G.Abdullayeva, A.Yusifova, R.Xəlilov, N.Şəfiyevanın əsərləri səsləndi. Konsertin 2-ci hissəsində Aqşin Əlizadəyə həsr olunmuş yeni kitabın təqdimatı keçirildi.
Azərbaycan Bəstəkarlar İttifaqının IX Qurultayının sonuncu günü Azərbaycan Bəstəkarlar İttifaqının konfrans zalında dəyirmi masa ətrafında müzakirə ilə başlandı. Axşam saatlarında isə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında IX Qurultayın yekun konserti həyata keçirildi. Konsertdə Əməkdar İncəsənət xadimi Azad Əliyevin bədii rəhbər və dirijorluğu ilə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik orkestrinin ifasında C.Zülfüqarov, O.Rəcəbov, Ə.Rəhmətova, Y.İmanov, M.Umudov,A.Mirzəyev, L.Cəfərova,Y.Mirişlinin əsərləri səsləndi. Yekun konsert proqramı dahi bəstəkar Qara Qarayevin yaradıcılıq irsindən “İldırımlı yollarla” baletindən Süita ilə sona çatdı. Qurultayın hər bir konsert proqramına Azərbaycanın musiqi mədəniyyəti tarixində dərin izlər qoymuş bəstəkarın əsəri ilə başlanması və yekun konsertin də böyük bəstəkarın əsəri ilə bitirilməsi Azərbaycan bəstəkarlıq məktəbinin əvəzolunmaz simalarına olan ehtiram və minnətdarlıq hisslərinin göstəricisidir.
Qurultayın konsert proqramlarının ardınca həmişə olduğu kimi Azərbaycan Bəstəkarlar İttifaqının yeni idarə heyətinin seçilməsi prosesi gerçəkləşdi. Sədr vəzifəsinə beynəlxalq aləmdə geniş şöhrət tapmış Respublikanın Xalq artisti, professor Firəngiz Əlizadənin yenidən seçilməsi tamamilə təbii göründü. Qurultay günlərində İttifaqın işini, onun hər bir üzvünün fəaliyyətini işıqlandıran dolğun məlumat xarakterli kitabçaların nəşri də bu fikri tam təsdiqləməyə əsas verdi. Son beş il ərzində İttifaqın fəaliyyətində yaranmış əhəmiyyətli dəyişikliklər və böyük canlanma bu seçimi labüd edirdi. İnanırıq ki, növbəti illər də Azərbaycan Bəstəkarlar İttifaqının tarixinə yeni, maraqlı və rəngarəng layihələr silsiləsi ilə daxil olacaq.
25.12.2012 çap et