525.Az

Şəxsiyyət və yazıçı ünvanı


 

UNUDULMAZ ƏDİBİMİZ ƏLİBALA HACIZADƏNİN 80 İLLİYİNƏ

Şəxsiyyət və yazıçı ünvanı<b style="color:red"></b>

Doğma kəndindən ayrıldığı, ilk dəfə şəhərə düşdüyü üçün qərib bir adam kimi sıxılsa da, qəlbi böyük arzularla qanadlanırdı. Zənn edirdi ki, bu az yaşında  üzləşdiyi acılardan, itkilərdən sonra taleyi, yəqin, bir daha onu ağır sınaqlara çəkməz. Qəbul imtahanlarına səylə hazırlaşmış, artıq üç imtahandan əla qiymət almışdı. Axırıncı imtahanı da yaxşı versəydi, universitetə qəbul olunacaqdı. Lakin həmin gün imtahan vərəqini itirdi. İmtahan komissiyasının sədri ona yeni vərəq vermədi. Əvvəl prorektora, sonra rektora müraciət etsə də, onlardan  müsbət cavab almadı.

Zənnində yanıldığını düşünə-düşünə naəlac halda pillələri enirdi. Ayaqları keyimişdi elə bil, ürəyi sıxılırdı. Və... birdən Həmid  müəllimi gördü. Gözlərində ümid işıqlandı, dodaqlarına təbəssüm qondu. Ədəbiyyatdan imtahanı ondan professor Həmid Araslı götürmüşdü. Bu çəlimsiz oğlanın cavabı çox xoşuna gəlmiş, biliyini "əla" qiymətləndirmişdi. Əlibala ürəklənib salam verdi. Bəxtindən Həmid müəllim onu tanıdı. "Nə olub, bala?" - deyə onun qəmli olduğunu hiss etdiyindən həlim səslə soruşdu. Əlibala başına gələnləri  danışdı. Həmid Araslı onunla birlikdə imtahan komissiyası sədrinin yanına gəldi: "Mirzə, bir imtahan vərəqi ver, uşaq imtahana getsin". Bayaqdan ağzından "yox" sözündən qeyri bir kəlmə çıxmayan komissiya sədri imtahan vərəqini ona uzatdı. Sevincək imtahan otağına girib bilet çəkdi. "Yaxşı" qiymət alıb universitetə qəbul olundu...

Özünə söz verdi ki, ilk dərs günündəcə Həmid Araslıya təşəkkürünü bildirsin.

"İlk dərs günü böyük sevinc içində auditoriyaya daxil oldum. Hamı həyəcanla müəllimi gözləyirdi. Fikirləşdim ki, tənəffüs vaxtı nurani simalı Həmid müəllimi tapıb ona təşəkkürümü edəcəyəm. Müəllim auditoriyaya daxil olanda bir anlıq özümü itirdim. Gələn Həmid Araslı idi. İnsanlığına pərəstiş etdiyim Həmid müəllim indi mənə dərs deyəcəkdi. Lakin bir tərəfdən də çox məyus oldum. Çünki təşəkkürümü ona bildirə bilməyəcəkdim. Fikirləşdim ki, əgər mən Həmid müəllimə təşəkkür etsəm, o elə bilər bu yetim uşaq beş il qiymət almaq üçün ondan kömək istəyəcək. Qərara aldım ki, ali məktəbi bitirməyi gözləyim, o zaman ona minnətdarlığımı bildirim".

lll

Tələbəlik illərinin əvvəllərində çətinliklərlə üzləşdi. Yataqxanada yer vermədilər, kirayə evdə qaldı, maddi sıxıntı içində yaşadı, düz üç il qış aylarını paltosuz, tək pencəkdə keçirtdi. Lakin sındırmadı özünü. Qarşısına qoyduğu məqsəd üçün çalışdı. Zamanının ünlü alimlərindən, görkəmli sənətkarlarından, nəcib insanlarından dərs aldı: Əli Sultanlı, Həmid Araslı, Mir Cəlal Paşayev, Abbas Zamanov, Mübariz Əlizadə, Yusif Şirvan, Bəxtiyar Vahabzadə...

O, dərslərini səylə oxuyur, həvəslə yazırdı: şeirlər, kiçik hekayələr, novellalar. Bir gün təzəcə yazdığı "Ağ saçlı qızın hekayəsi"ni oxuyub fikrini bildirmək üçün Bəxtiyar müəllimə verdi. Bəxtiyar Vahabzadə tələbəsinin hekayəsini bəyənib kiçik bir dəyişiklik etdi: Əlibala Hacıyev imzasını pozaraq Əlibala Hacızadə yazdı.

Beləliklə, o, sevimli sənət müəlliminin məsləhətilə yazılarına Əlibala Hacızadə imzasını qoydu. Universitet qəzetində "Mənim ilk məhəbbətim", "Ömrüm təzələndi", "Yada düşdü", "Bir dəstə nərgiz" kimi lirik hekayələri çap edildi.

Aşağı kurs tələbələri olan bizlər, eləcə də həmyaşıdları bu ortaboy, arıq, xoşsifət, istedadlı oğlana rəğbət bəsləyirdilər. Müəllimlər xətrini istəyirdilər. O, Bəxtiyar Vahabzadənin sevimli tələbəsi, həmyaşıdı Nahid Hacızadənin yaxın dostu idi. Və bu səmimi, təmənnasız dostluq ömür boyu davam etdi.

Aradan illər keçəcək yazıçı-jurnalist Nahid Hacızadə "Nəsrimizin nəğməkarı" sərlövhəli xatirəsində yazacaqdı: "1956-cı ilin yazında universitet  qəzetində Səməd Vurğunun vəfatı ilə bağlı bir hekayəsi dərc olunmuşdu - "Yada düşdü".

Qəlb ağrısı, yüksək hissiyyat və böyük sevgiylə yazılmış bu hekayə şairin romantik çağlarına həsr olunmuşdu. "Yada düşdü" - ilk məhəbbət, onun ülviyyəti haqqında zərif, poetik bir nəğmə idi.

Oğlanlar, qızlar qəzet vurulmuş lövhənin qabağından ayrılmırdılar. Tələbələr dəhlizdə onu görəndə bir-birlərinə deyirdilər: "Yada düşdü" hekayəsini bax, bu oğlan yazıb".

Hamımız ona qibtə ilə baxırdıq...

O, beləcə hələ tələbəykən nəsrin magistral yoluna çıxıb, taleyini ömürlük sözlə bağladı, sözə arxalandı, sözlə qanadlandı. İllər keçdi, Əlibala Hacızadə müasir Azərbaycan poetik nəsrinin ustadları Seyid Hüseyn, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev ənənələri üstündə köklənmiş nəğməkar bir yazıçı oldu".

Müdriklər deyiblər: "İstedadı Allah verir, insan tanrısının bu əvəzsiz nemətinə öz zəhmətilə sahib olur".

Müharibə illərində ata-anasını itirib qoca nənəsinin ümidinə qalan Əlibala kiçik yaşlarından zəhmətə qatlaşıb, həm işləyib, həm də oxuyub. Bəxtinə yaxşı insanlar, xüsusilə ömrü boyu unutmayacağı gözəl müəllimlər çıxıb. O, gördüyü qayğı, nəcib insani keyfiyyətlər, xeyirxahlıqlar qarşısında həmişə özünü borclu sayıb. Zəhməti, səyi, biliyi ilə müəllimlərinin etimadını doğrultmağa çalışıb. Çalışıb ki, sənət müəllimləri Həmid Araslıdan, Mir Cəlal Paşayevdən, Bəxtiyar Vahabzadədən öyrəndiklərinin bəhrəsi kimi öz qələminin məhsulu olan əsərləri ilə ustadlarını sevindirə bilsin. Və buna nail olub.

Universiteti bitirəndən sonra Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda işə başlayır və burada "Fərruxi Yəzdinin poeziyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Akademik Həmid Araslı öz sevimli tələbəsinin fundamental elmi işini bəyənir və bunu dünya şərqşünaslığında XX əsr böyük İran şairi F.Yəzdiyə həsr olunmuş ilk geniş tədqiqat əsəri kimi yüksək qiymətləndirir.

Böyük alimin 10 səhifəlik müsbət rəyi və xoş sözlərini əvəzsiz mükafat hesab edən Əlibala Hacızadə gündəliyində yazır: "Başa düşdüm ki, illərdən bəri qəlbimdə gizlətdiyim o sözləri  artıq deyə bilərəm. İlk dəfə Həmid müəllimin məndən imtahan götürdüyü, sonra itmiş imtahan vərəqinin yerinə yenisini alıb mənə verdiyini ona dedim: "O vaxt siz mənə kömək etməsəydiniz, indi mən bu səviyyəyə çata bilməzdim". Həmid Araslı bir qədər duruxdu, məndəki dözümə təəccübləndi. Hansı səbəbdən bu sirri saxladığımı dedikdə isə gözləri doldu".

Düz bir il sonra Əlibala Hacızadənin Fərruxi Yəzdi haqqında yazdığı monoqrafiya çapdan çıxdı. O, gündəliyinə bu sözləri yazdı: "Ömrümün beş ilini sərf etdiyim kitab! Qoy bu, ömrü boyu əzab çəkmiş, dodaqları tikilmiş, damarlarına hava verilərək vəhşicəsinə öldürülmüş cəfakeş şairin xatirəsinə məndən kiçik bir əklil olsun!"

lll

Şərqşünas alim kimi Əlibala Hacızadə ömrü boyu yalnız bir yerdə, AMEA-nın Şərqşünaslıq İnstitutunda çalışdı, elmi araşdırmalar apardı, bir sıra orta əsr mənbələrini dilimizə tərcümə etdi, eyni zamanda yazıb-yaratdı.

Yaradıcılığının ilk illərində  sınaq dövrünü uğurla keçən yazıçı öz üzərində səylə çalışaraq getdikcə püxtələşdi, axtarışlarının bəhrəsi özünü ötən əsrin 60-cı illərində qələmə aldığı hekayə və povestlərdə büruzə verdi.

Filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusiflinin təbirincə, yazıçının yaradıcılığında sıçrayış "İnam" povestindən başlayıb. Bu əsərində Ə.Hacızadə adi həyat əhvalatını mənəvi-əxlaqi problem səviyyəsinə qaldıra bilib. Povest çap olunduqdan sonra akademik, görkəmli tənqidçi Məmməd Arif Dadaşzadə əsər haqqında maraqlı bir məqalə ilə çıxış etmiş, onun bədii dəyərini və məziyyətlərini göstərməklə yanaşı, gənc müəllifə tövsiyələrini də vermişdi.

Əlibala Hacızadəyə böyük şöhrət qazandıran, tənqidçi Əsəd Cahangirin "Milli belletrist nəsrin zirvəsi" hesab etdiyi, "oxucu auditoriyası toplamaq baxımından bütün Azərbaycan nəsri tarixində görünməmiş rekord müəyyənləşdirən" "Əfqanıstan trilogiyası" ("İtkin gəlin", "Əfsanəsiz illər" "Ayrılığın sonu yoxmuş") oldu. Mərhum tənqidçi Aydın Məmmədovun fikrincə, trilogiyanın ilk əsəri - iki gəncin uğursuz məhəbbətini iddiasız bir dillə nəql edən "İtkin gəlin"lə doğurduğu ümumxalq rezonansı baxımından qarşılaşdırılacaq yeganə roman Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" idi. Trilogiyaya daxil olan romanların ümumi tirajı yarım milyon nüsxədən çox idi və bu, Azərbaycan yazıçısı üçün böyük göstərici sayılırdı. Təsadüfi deyil ki, görkəmli ədəbiyyatşünas alim Abbas Zamanov istedadlı tələbəsinə özünün təzəcə çapdan çıxan "Sabir gülür" kitabını hədiyyə edərkən belə bir avtoqraf yazmışdı:  "Azərbaycanın milyonçu yazıçısı Əlibala Hacızadəyə müəllimindən yadigar".

(Ardı var)

Əlövsət BƏŞİRLİ 

 





27.08.2015    çap et  çap et