525.Az

"Terrorçulara güzəştə getmək olmaz"


 

AYDIN MİRZƏZADƏ: "PKK-nın ƏLİ İLƏ PARTLAYIŞI TÖRƏDƏNLƏR İKİ QARDAŞ ÖLKƏNİ DÜNYA İQTİSADİ MƏKANINDAN SIXIŞDIRIB ÇIXARMAĞA ÇALIŞIRLAR"

"Terrorçulara güzəştə getmək olmaz"<b style="color:red"></b>

Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin Qarsın Sarıqamış bölgəsindən keçən hissəsində ikinci dəfə baş verən partlayışın PKK yaraqlıları tərəfindən törədildiyinə dair heç bir şübhə yeri qalmayıb.

Hadisə ilə əlaqədar araşdırma aparılsa da sirr deyil ki, bu cür təxribatların arxasında daha böyük güclər və maraqlar dayanır. Xüsusilə Avropanın enerji təhlükəsizliyi məsələsinin aktual olduğu dövrdə Azərbaycanın təşəbbüsü və Türkiyənin iştirakıyla həyata keçirilən TAP və TANAP kimi iri miqyaslı layihələrin həyata keçməsi bəzi xarici qüvvələri narahat edir. Ona görə də, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin eyni hissəsində ikinci dəfə partlayış törədilməsi iştirakçı ölkələrə təhdid, Avropa dövlətlərinə isə enerji axtarışları üçün digər ünvanlara müraciət etməsi yönündə çağırış kimi qiymətləndirilə bilər.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Aydın Mirzəzadə hesab edir ki, hər bir dövlət öz ərazisindən keçən qaz və  neft kəmərlərinin təhlükəsizliyinə cavabdehdir. Onun sözlərinə görə, bu baxımdan, Türkiyə Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi- Ceyhan və digər kəmərlərinin təhlükəsizliyini qorumaq üçün ciddi tədbirlər görür: "Ancaq qaz xətti keçən bölgələrdə ara-sıra PKK yaraqlıları təxribatlar törədirlər. Belə provakasiyalardan biri də bir neçə gün əvvəl Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin partladılmasıdır". Millət vəkili qeyd edib ki, ümumilikdə götürdükdə bunun Azərbaycana və qaz xəttinin fəaliyyətinə ciddi təsiri yoxdur: "Qısa zaman ərzində qəza aradan qaldırılaraq qaz nəqli prosesi yenidən davam edəcək".

Türkiyənin öz təhlükəsizliyini qorumaq üçün əlavə tədbirlər gördüyünü və gələcəkdə bu cür halların qarşısının alınmasının tam mümkün olacağını deyən A.Mirzəzadənin fikirlərinə görə, görünən odur ki, Azərbaycan və Türkiyənin dostluğu, birgə həyata keçirdiyi strateji layihələr PKK terror təşkilatnın arxasında duran müəyyən qüvvələri narahat edir: "Çünki Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri hər iki ölkənin iqtisadiyyatının inkişafında böyük rol oynayır, Türkiyə ilə Azərbaycanın dünyanın iqtisadi məkanında iştirakını təmin edir. PKK-nın əli ilə bu qəzanı törədənlər iki qardaş ölkəni həmin məkandan sıxışdırıb çıxarmağa çalışırlar. Lakin bu cəhdlər heç bir işə yaramayacaq. Hər iki ölkə öz hüquqlarını kifayət qədər qorumaq əzmindədirlər. Buna görə də, gələcəkdə bu cür addımların baş verməməsi üçün müvafiq addımların atılması gözlənilir".

A.Mirzəzadə Türkiyə ərazisində Bakı-Tbilibi-Qaz boru kəmərinə qarşı təxribatların "Cənub qaz dəhlizi" kimi Azərbaycan qazını dünya bazarına çıxarılmasında iki ölkənin iştirakı ilə həyata keçirilən layihələrin həyata keçirilməsində heç bir maneə yaratmayacağını bildirib. Onun sözlərinə görə, terrorçuların iri qaz kəmərlərinə qarşı vaxtaşırı hücumları onu göstərir ki, təhlükəsizlik üçün bir qədər artıq tədbirlər görülməlidir: "Ümumi götürdükdə, bu gün Azərbaycanla Türkiyənin reallaşdırmaq istədiyi layihələr bu ölkələrdən daha çox Avropa məkanına lazımdır. Qərb özünün enerji təhlükəsizliyini təmin etmək üçün alternativ qaz və neft kəmərlərinin çəkilməsində maraqlıdır. Hesab edirəm ki, bu faktın özü belə terrorçulara dəstək verməyin hansı acı nəticələrə yol aça biləcəyi yönündə müəyyən maraqlı dairələr üçün xəbərdarlıqdır".

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə bildirib ki,  Türkiyəyə İran və Şimali İraqdan da neft və qaz ötürülür və terrorçular heç bu boru xətlərini hədəf götürmürlər: "Niyə PKK Bakı-Tiflis-Ərzurum boru xəttini niyə ikinci dəfədir partladır? Tutaq ki, birinci dəfə bu təsadüf idi, terrorçular "əllərinə keçən" boru xəttini partlatdılar. İkinci dəfə partladırlarsa, bu artıq düşünülmüş aksiyadır və bu "kənar oyunçuların" digər rəqib "oyunçulara" mesajıdır. İstisna etmirəm ki, Bakı-Tiflis-Ərzurum boru xəttini partlatmaq "xahişini" PKK-dan xarici qüvvələr ediblər. Əvəzində PKK-ya ya pul, ya da silah vədi veriblər. Bu o qüvvələrdir ki, Azərbaycan və Mərkəzi Asiyanın zənginliklərinin Türkiyə üzərindən dünya bazarlarında daşınmasında, TANAP-ın həyata vəsiqə qazanmasında, beləcə Azərbaycanın maliyyə imkanlarının genişlənməsində, Türkiyənin isə regionda çəkisinin artmasında maraqlı deyillər. 3 belə maraqlı qüvvə var: Rusiya, Ermənistan və erməni lobbisi. İstisna etmirəm ki, PKK maliyyə və ya silah qarşılığında Bakı-Tiflis-Ərzurum boru xəttini partlatmaq əmrini və ya xahişini bu 3 qüvvənin birindən alıb".

"Konstitusiya" Araşdırmalar Fondunun direktoru, politoloq Əliməmməd Nuriyev isə hesab edir ki, Bakı-Tbilisi-Ceyhan qaz boru kəmərində partlayışların törədilməsi Azərbaycan dövlətinin iqtisadi maraqlarına qarşı təhdid rolunu oynayır: "Bu hadisə boru xətlərinin mühafizəsindəki problemləri üzə çıxarır. PKK-nın arxasında duran qüvvələrin sifarişi ilə həyata keçirilən bu cür təxribatlar bir daha göstərir ki, neft və qaz nəqli məsələlərində ciddi və sağlam olmayan rəqabət mühiti var. Çünki karbohidrogen ehtiyatlarının nəqli ilə bağlı layihələrini həyata keçirmək istəyən ayrı dövlətlər də var. Bu mənada, əgər Bakı-Tbilisi-Ərzurum kəmərinin təhlükəsizliyi ilə bağlı problemlər varsa, digər layihələrə maraq arta bilər. Ona görə də, təsadüfi deyil ki, PKK hədəf kimi neft və qaz kəmərlərini də seçir. Bu hadisədən əvvəllər də PKK İraqdan gələn kəmərlərə hücumlar edib, partlayışlar törədib. Bu onu göstərir ki, bəzi maraqlı qüvvələr özlərinin iştirak etmədikləri, pay almadıqları transmilli layihələrin həyata keçməsini qəbul etmirlər".

Politoloq dilə gətirib ki, Türkiyə öz ərazisindən keçən neft və qaz kəmərlərinin təhlükəsizliyinin təmin olunması üçün ciddi tədbirlər görməli, bütün vasitələrlə terrorçuları zərərsizləşdirməli, birgə həyata keçirilən Transmilli layihələrə qarşı təhdidlərinin qarşısını almalıdır: "PKK-nın arxasında duran qüvvələr Türkiyənin iştirakıyla həyata keçirilən layihələrə mane olmağa, digər alternativləri aktuallaşdırmağa, diqqəti başqa istiqamətlərə yönəltməyə çalışır. Çünki bu həm də geopolitik maraqlara xidmət edən bir hadisədir. Ona görə də, bu cür təxribatların qarşısının alınması üçün ciddi tədbirlərin görülməsi vacibdir".

Dünyada terorrçulara qarşı münasibətin birmənalı olmadığını deyən Ə.Nuriyev əlavə edib ki, beynəlxalq ictimaiyyət bu məsələlər ətrafında diqqətini cəmləşdirməlidir: "Çünki terrorçuların qaz və neft kəmərlərinə hücumları digər dövlətlər, xüsusilə Avropa ölkələrinin enerji təhlükəsizliyi baxımından ciddi fəsadlar yarada bilər. İstənilən halda terrorçulara qarşı sərt mövqe ortaya qoyulmalı, dərhal zərəsizləşdirilməli, hər hansı bir danışıqlara, güzəştli şərtlərə gedilməməlidir. Əks halda onlar cinayətkar fəaliyyətlərini daha da genişləndirərək təhdid hədəflərini artıracaqlar".

Ceyhun ABASOV

 





27.08.2015    çap et  çap et