525.Az

PKK Ermənistan kimi on dövlətdən güclü vəziyyətdədir


 

MÜBARİZ ƏHMƏDOĞLU: "ƏRDOĞANIN İŞİD VƏ PKK-ya QARŞI TUTDUĞU MÖVQE TÜRKİYƏNİN DÖVLƏTÇİLİK MARAQLARINA UYĞUN GƏLMİR"

PKK Ermənistan kimi on dövlətdən güclü vəziyyətdədir<b style="color:red"></b>

"PKK-nın Avropada böyük dəstəyi və dayaqları var. Ona görə də, NATO və ABŞ Türkiyəyə bu terror təşkilatına qarşı müharibə aparmağa icazə verməyib".

Bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin Türkiyənin Qars vilayətinin Sarıqamış bölgəsindən keçən hissəsində PKK yaraqlıları tərəfindən ikinci dəfə törədilən partlayışla bağlı danışarkən deyib.

O bildirib ki, bu gün PKK Ermənistan kimi on dövlətdən güclü vəziyyətdədir: «Sadəcə olaraq Ermənistanın adı var. PKK-nın arxasında heç kəs dayanmır. Bu terror təşkilatı öz siyasətini aparır. Təəssüf ki, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın ümumilikdə İŞİD və PKK-ya qarşı tutduğu mövqe qardaş ölkənin dövlətçilik maraqlarına o qədər də uyğun gəlmir. Sanki Ərdoğan özünün və ətrafının şəxsi maraqlarını Türkiyənin dövlətçilik maraqlarından üstün tutur. Ona görə də, Ərdoğanın hakimiyyəti dövründə PKK-nın siyasi qanadı bu qədər inkişaf edərək hazırki vəziyyətə gəlib çıxıb. PKK bir dəfə İran, iki dəfə isə Azərbaycandan gedən kəməri partladaraq təhdid mesajları verib».

Politoloq hesab edir ki, noyabrın birinə təyin olunan erkən seçkilər ərəfəsində PKK tərəfindən bu cür təxribatların sayı daha da artacaq və bununla da bütün Türk xalqına mesaj vermiş olacaqlar ki, istənilən anda onları mavi yanacağa həsrət qoya bilərlər: «Bu terror təşkilatı yalnız Rusiyadan gələn qaz kəmərini partlatmayıb. Çünki bu gün Rusiyadan Türkiyəyə ötürülən qaz o qədər də böyük miqdarda deyil. Əsas qaz nəqli İrandan və Azərbaycandan ötürülür. Lakin ən dayanıqlı, sabit və ucuz mavi yanacaq Türkiyəyə təkcə Azərbaycandan verilir. Ona görə də, PKK yaraqlıları əsas hədəf kimi Azərbaycandan gedən qaz kəmərini götürüblər. Bununla terrorçular həm də siyasi mesaj vermiş olublar. Yəni, onlar Türkiyənin ən yaxın müttəfiqi, qardaşı ilə əlaqələrinə də müdaxilə edə bilərlər. Ona görə də, rəsmi Ankara hazırda baş verən proseslərə qarşı münasibətini dəyişməli, Türkiyə dövlətçiliyini qorumaq üçün bütün zəruri addımları atmalıdır. İndiki vaxtda Türkiyədə şəxsi maraqların arxa plana keçməsi hədsiz vacib məsələdir. Çünki Türkiyə dövlətçiliyi üçün bu gün böyük təhlükə var. Qardaş ölkənin hazırki siyasi elitası Ərdoğanla birlikdə bu problemi aradan qaldıra bilər. Əsas şərt odur ki, şəxsi maraqlar arxa plana keçməlidir. Əks halda PKK daha da güclənəcək və fəaliyyətini genişləndirəcək».

Ceyhun ABASOV

 





28.08.2015    çap et  çap et