525.Az

"Nazir müavinin qeydləri"in kitabı çap olunub


 

"Nazir müavinin qeydləri"in kitabı çap olunub<b style="color:red"></b>

TOPLUDA AZƏRBAYCAN TARİXİNƏ DAİR ƏHƏMİYYƏTLİ FAKTLAR ÖZ ƏKSİNİ TAPIB

 

Keçmiş dövlət qulluqçusu Tofiq Mirzəyevin "Nazir müavinin qeydləri" adlı kitabı işıq üzü görüb. Kitab 2015-ci ilin iyulun 7də "Elm və Təhsil" nəşriyyatında 500 tirajla çap olunub.

Müəllif xatirələrində mürəkkəb iqtisadi problemlərin dəqiq və ardıcıl şəkildə necə həll edildiyinin dəqiq izahını verib. Oxucular kitabda rayon, vilayət və ümumdövlət miqyasında maliyyə işçilərinin konkret fəaliyyəti üzrə dəyərli materiallarla yanaşı, Azərbaycan tarixinə dair bir sıra əhəmiyyətli faktlarla tanış ola bilərlər.

280 səhifə, 2 fəsildən ibarət olan avtobioqrafik kitabda müəllifin 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycan torpaqlarına işğalçı hücumları ilə bağlı "Dağlıq Qarabağ: uydurmalar və həqiqətlər" başlıqlı real tarixi hadisələrə, dəqiq faktlara əsaslanan qeydləri də öz əksini tapıb. Burada ermənilərin Qarabağın qədim alban tarixinə dair maddi sübutlarını öz adlarına çıxarmaq, əsl həqiqətləri saxtalaşdırmaq niyyətləri bir daha ifşa olunur, erməni yalanları yerli və əcnəbi tarixçilərin dili ilə alt-üst edilir.

Eyni zamanda, kitabda Sovet İttifaqının süqutu ərəfəsindən başlanaraq azərbaycanlıların öz yurd-yuvalarından deportasiya edilməsi üçün Ermənistan, Gürcüstan, o cümlədən, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində hazırlanan məkrli oyunlar barədə "Xankəndi hadisələri", "Borçalı və təhlükəli oyun", "Mincivan hadisələri" və bu qəbildən olan digər aktual mövzulara yer ayrılıb.

T.Mirzəyev həmçinin Mixail Qorbaçovun Sovet İttifaqına rəhbər gətirilməsindən sonra Ermənistan-Azərbaycan ədavətinin daha da qızışdırılması, bunun nəticəsi olaraq ayrı-ayrı yerlərdə törədilən kütləvi qətliamlar, Azərbaycan xalqının oyanışı və mübarizəsi, müstəqillik yolunda atılan ilk addımlar, hakimiyyət uğrunda amansız mübarizə və o dövrdə ölkəni bürüyən xaos barəsində "Hərc-mərclik" başlığı altında qeydlərini də bölüşüb.

Qeyd edək ki, müəllif rayon maliyyə şöbəsində inspektorluqdan Azərbaycan SSR maliyyə nazirinin müavininədək 30 ilə yaxın fəaliyyət dövrü keçib.

"Soydaşlarımızın bu günü və sabahı" Forumunun Təşkilat Komitəsinin sədri kimi T.Mirzəyev Gürcüstanda yaşayan azərbaycanlıların torpaq, məşğulluq, təhsil və siyasət sahələrindəki problemləri, toponimləri, dini etiqadları və tarixinin rəsmi gürcü sənədləri əsasında ətraflı araşdırılmasını təşkil edib, hazırlanan 4 məruzəni 2011-ci ilin mayın 7-də ağsaqqal və ziyalıların müzakirəsinə çıxarıb, nəticədə Marneuli rayonunda 17 kəndin adının dəyişdirilib gürcüləşdirilməsinin qarşısı alınıb.

Xatırladaq ki,  sabiq nazir müavini 1989-1993-cü illərdə Gürcüstanda yaşayan azərbaycanlıların köçürülmə təhlükəsinin qarşısının alınmasını da Azərbaycan dövlətinin tapşırığıyla yerində təşkil edib.

Bundan əlavə, siyasi fəaliyyətini bitirdikdən sonra T.Mirzəyevin hazırladığı "İqtisadiyyatın idarə edilməsi", "Maliyyə və kredit", "Beynəlxalq valyuta kredit münasibətləri və dünya ticarəti", "İstehsalatın idarə edilməsi" adlı kitab-dərslik və elmi metodiki dərs vəsaitləri elmi şuraların qərarları və Təhsil Nazirliyinin əmri əsasında çap olunaraq Milli Elmlər Akademiyası tərəfindən ölkənin bütün kitabxanalarına göndərilib. T.Mirzəyev hal-hazırda dövlət qulluqçusu qismində təqaüdçüdür, memuarı üzərində işləyir və ölkənin ictimai həyatında fəal iştirak edir. Sabiq nazir müavini hazırda "Borçalı" Cəmiyyəti Ağsaqqallar Şurasının üzvü, Respublika "Qayğı" Cəmiyyəti və "Azərbaycan Ağsaqqallar Şurası" Təftiş Komissiyalarının sədridir.

Ceyhun ABASOV

 





28.08.2015    çap et  çap et