525.Az

"İki jurnalistin qətli ABŞ-da ciddi problemlərin olduğunu aşkara çıxardı"


 

"İki jurnalistin qətli ABŞ-da ciddi problemlərin olduğunu aşkara çıxardı"<b style="color:red"></b>

"Jurnalist Alison Parkerlə  operator Adam Wardın qətli ABŞ-da 3 istiqamətdə ciddi problemlərin olduğunu aşkara çıxardı. İlk istiqamət ABŞ-da irqi ayrı-seçkiliklə bağlı ciddi problemlərin olmasıdır".
 
Bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib.Onun dediyinə görə,  qatil Vester Lee Flanaganın (jurnalist təxəllüsü Bryce Williams) " intihar etməzdən" əvvəl internetə yaydığı materiallardan, həmçinin,  ABC News kanalına göndərdiyi 23 səhifəlik faks-məktubdan bəlli olur ki,  o,  keçmiş əməkdaşı olduğu WDBJ7 TV kanalında üzləşdiyi irqçilik motivli qısnamalardan ciddi stress keçirib.O, qeyd edib ki,   ağdərililərin rəhbər olduğu müəssisələrdə fərqli irqlərə qarşı sərgilənən münasibətə dözməyən  Flanagan işlədiyi müəssisəni tərk etmək, sonda terrora əl atmaq zorunda qalıb.
 
M. Ələsgərlinin bildirdiyinə görə,  məlum hadisə ötən bir ildə Ferqison şəhərində baş vermiş iğtişaşların davamı kimi qəbul edilə bilər: "ABŞ hakimiyyətinin irqi-ayrıseçkilik yönündə problemləri aradan qaldırmaması, bu yöndə faciələrin sayının artması ilə nəticələnir. Terror yolverilməzdir və hansı səbəblə bağlı olur olsun, lənətlənməlidir.  Amma bu məsələnin təhlili, ABŞ-da ikinci bir istiqamətdə ciddi problemlərin olduğunu aşkarlayır. Əgər, hətta jurnalist özünü ifadə edib fikirlərini bölüşə bilmirsə, fikirlərinə görə təzyiqə məruz qalıb çalışdığı KİV redaksiyasını tərk edirsə və çıxış yolunu terrora əl atmaqda görürsə, bu, ABŞ-da ifadə azadlığının Departamentin hesabatlarındakından fərqli olması fikrini doğurur.  Əgər ona işlədiyi redaksiyada öz fikirlərini ifadə etmək, düşündüyü problemləri təsvir edib suallarına cavab almaq şəraiti yaradılsaydı, ehtimal ki, məlum faciə də yaşanmazdı.  Təkrar edirəm, bir ölkədə jurnalistin özünüifadə problemi varsa, bu əhalinin başqa təbəqələri üçün daha qabarıq şəkildə mövcud olan bir problemdən xəbər verir".

M.Ələsgərli həmçinin deyib ki, hadisənin aşkara çıxardığı başqa bir problem ABŞ Dövlət Departamenti və ona dolayısı ilə  bağlı olan QHT-lərin, KİV-lərin fəaliyyəti ilə bağlıdır: "Dünyanın istənilən nöqtəsində baş verən adi bir hadisəyə siyasi don geydirən, barəsində səhifələrlə hesabat hazırlayan Departament və onun peyk QHT-ləri, Virciniyadakı jurnalist faciəsini sıradan bir xəbər kimi təsvir edib üzərindən keçdilər.

Maraqlıdır ki, Amerikada fəaliyyət göstərən beynəlxalq statuslu QHT-lər, Nyu-York Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsi (CPJ), Beynəlxalq Söz Azadlığı Mübadiləsi (İFEX) , Freedom House və digərləri baş vermiş hadisəyə ya ümumiyyətlə yer ayırmayıblar, ya da məsələyə sıradan bir xəbər kimi toxunublar.  Məsələn, CPJ (cpj.org) saytında Virciniya hadisəsi ilk xəbər beşliyində yoxdur. Bu barədə 2-ci, 3-cü dərəcəli xəbərlərin siyahısında simvolik yer ayrılıb.  Bir sutka keçməsinə baxmayaraq, İFEX (ifex.org)  hadisə ilə bağlı xəbəri hələ də baş səhifədə yerləşdirməyib. "Freedom House"nin saytında isə, bu yöndə rəylə tanış olmaq üçün,  xüsusi axtarış aparmaq lazım gəlir. Yəni, Virciniya faciəsi təşkilatın saytının əsas xəbərləri sırasında yerləşdirilməyib". O, sonda bildirib ki, Azərbaycanda kiçik bir hadisə barədə saniyə fərqi ilə xəbər yayan, səhifələrlə hesabat hazırlayan ABŞ Dövlət Departamenti və onun peyk QHT-lərinin öz ərazilərində iki jurnalistin faciəli ölümünə saymazyana yanaşması, ABŞ Dövlət Departamentinin və ona bağlı QHT-lərin, KİV-lərin fəaliyyətini şübhəyə alır, onların obyektivlikdən uzaq olmaları faktını isbatlayır.

Kamil HƏMZƏOĞLU

 





28.08.2015    çap et  çap et