525.Az

ABŞ-da növbəti cinayət: hədəfdə jurnalistlərdir


 

HADİSƏNİN ARXASINDA DİNİ VƏ İRQİ AYRISEÇKİLİK, KÜTLƏVİ SİLAHLANMA, MƏTBUAT AZADLIĞININ SIXILMASI KİMİ SƏBƏBLƏR DAYANIR

ABŞ-da növbəti cinayət: hədəfdə jurnalistlərdir<b style="color:red"></b>

ABŞ-ın Virciniya ştatında iki jurnalist - Alison Parker və Adam Vard canlı yayımda olarkən silahlı hücum nəticəsində öldürülüb.

Aparıcının müsahibə aldığı qadın isə yaralanıb. İnsident avqustun 26-sı səhər saatlarında baş verib. Lakin hadisənin üzərindən xeyli vaxt keçsə də heç bir beynəlxalq təşkilat öz mövqeyini ortaya qoymayıb. Birləşmiş Ştatlar hadisəni törədən Vester Li Flanaqan adlı şəxsin psixi problemləri olduğunu önə çəkib. Lakin cinayətkar "ABC news" redaksiyasına göndərdiyi məktubda əməlinin əsl səbəblərini açıqlayıb. "ANS PRESS"in xarici mətbuata istinadən məlumatına görə, cinayətkar ölən şəxslərin sabiq həmkarı olub. O, "WDBJ7" kanalında işləyərkən həmişə "Brays Uilyams" təxəllüsündən istifadə edib. Məktubda Flenaqan bildirib ki, onun əməli Çarlstonda qaradərililər üçün kilsədə qətlin cavabı idi.

Xatırladaq ki, iyunun 17-də 21 yaşlı ağdərili Dilann Ruf məbədə girərək atəş açıb. Nəticədə altı qadın və üç kişi həlak olub.

Bundan başqa, məktubun müəllifi 2007-ci ilin aprelində Virciniya texniki institutunda 32 tələbəni güllələyən cənubi koreyalı tələbə Ço Sın Xi və 1999-cu ildə "Kolumbayn" məktəbində 13 nəfəri öldürən yeniyetmələr ilə qürur duyduğunu ifadə edib.

Flenaqan eləcə də irqi diskriminasiyadan şikayətlənib. Onun sözlərinə görə, o, qaradərili olduğu üçün hamı onu işdə ələ salıb: "Bir müddət mən partlamağa hazır barıt çəlləyi kimi idim".

"ABC News" məktubu hüquq-mühafizə orqanlarına təqdim edib.

Digər bir məlumata görə, qətlə yetirdiyi həmkarları ilə Flenaqanın şəxsi haqq-hesabı da var idi. Qətldən sonra qatilin yazdığı "Twitter" statuslarında 24 yaşlı Alison Parkerin irqçi şərhlərlə çıxış etdiyini, şübhəli şəxsin bircə dəfə əməkdaşlıq etdiyi Adam Uordun isə ondan kadrlar şöbəsinə şikayət etdiyini yazıb.

Daha sonra Flenaqan polis təqibi ilə üzləşdiyi üçün özünə atəş açaraq intihar edib. Jurnalist ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisədə diqqət çəkən məqam odur ki, köhnə və yeni qitədə baş verən oxşar hadisələr zamanı cinayətkar şəxsin dini mənsubiyyəti müsəlman olduqda, insidenti terror hücumu kimi qiymətləndirməyə çalışırlar. Lakin ABŞ-da tez-tez baş verən oxşar cinayət hadisələrinin arxasında 3 əsas səbəbin dayandığı heç kəsə sirr deyil: kütləvi silahlanma, irqi və dini ayrıseçkilik və mətbuat azadlığının sıxılması. Qərb və Amerika siyasi dairələri isə bu amillərin üzərindən birdəfəlik xətt çəkmək istəyirlər. Halbuki, oxşar vəziyyət Azərbaycanda baş verdikdə, nədənsə xarici dairələr hadisəyə siyasi çalarlar qatmağa çalışırlar.

Millət vəkili Sahib Alıyev bildirib ki, baş verən cinayət hadisəsilə bağlı heç bir  beynəlxalq qurum öz mövqeyini bildirməyib: "Əslində səslərini çıxarmamaları təbiidir. Bunun araşdırmasını kim aparmalıdırsa o da aparmalı, nə gərəkirsə o da edilməlidir. Martin Şults kimilərin belə olaylara müdaxilə etməsinə ehtiyac yoxdur. Amma məsələ burasındadır ki, oxşar hadisələr Azərbaycanda baş verəndə həmin dairələr olayı siyasiləşdirməyə çalışır, ölkədə söz və ifadə azadlığının kifayət qədər qorunmaması ilə əlaqələndirirlər. Lakin onlar yaxşı bilirlər ki, Azərbaycanda vəziyyət onların görmək istədiyi kimi deyil".

Millət vəkilinin sözlərinə görə, daha bir reallıq da odur ki, bu terror aktını törədən adam - Vester Li Flanaqan psixikası pozulmuş biri kimi təqdim edilir: "Amma oxşar olayı Yaxın Şərq kökənli və yaxud da digər müsəlman ölkələrindən birinin təmsilçisi törətsəydi, həmin şəxs müsəlman terrorçusu adlandırılacaqdı. Lakin nə Vester Li Flanaqanı, nə də on gün bundan öncə Çarlston şəhərindəki kilsələrdən birində dua edən 9 nəfər qaradərilini qətlə yetirən başqa bir amerikalını xristian terrorçusu adlandırmaq kimsənin ağlına gəlmir. Onlar nədənsə nəzərə alınmır ki, fərqi yoxdur hansı dinin təmsilçisisən, əsl dindar terrorçu ola bilməz. Dinin yeri qəlbdir. Qəlbi olan terror törətməz. Qəlbi olmayanın isə dini də olmaz".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli ABŞ-da yaşanan bu hadisəni söz və ifadə azadlığına qarşı təhdid kimi qiymətləndirib. Onun sözlərinə görə, eyni zamanda, bu hadisə Birləşmiş Ştatlarda tolerantlığın nə qədər aşağı səviyyədə olduğunu göstərir: "Ümumiyyətlə tolerantlıq problemi ABŞ-da çox ciddi məsələ olaraq qalmaqdadır. Bu, təkcə jurnalistlərə qarşı münasibətdə deyil, eləcə də irqi və dini ayrıseçkilikdə özünü göstərir".

E.Mirzəbəyli əlavə edib ki, Birləşmiş Ştatlarda kütləvi silahlanma insanlara silahlardan yeri gəldi-gəlmədi istifadə etməyə imkan yaradır: "Bu da ciddi qanun pozuntularına, cinayət hadisələrinin tez-tez baş verməsinə səbəb olur. Əgər, oxşar hadisə dünyanın başqa bir ölkəsində, xüsusilə də ABŞ-ın maraqlarının toqquşduğu dövlətlərdə baş versəydi, heç şübhəsiz, böyük media orqanlarında qərəzli yazılar dərc olunacaq, beynəlxalq təşkilatlarda bəyanatlar səsləndiriləcək, geniş müzakirələr aparılacaqdı. Lakin ABŞ-ın Virciniya ştatında baş verən hadisə, əvvəllər olduğu kimi yalnız kriminal hadisə kimi qiymətləndirilib. Azərbaycanda baş verən hər hansı bir kriminal hadisə isə dərhal siyasi motivli hadisəyə çevrilir və həmin mövzu ətrafında geniş müzakirələr aparılır. Bu, birmənalı olaraq, dünyada insan hüquqları, söz və ifadə azadlığına qarşı münasibətdə ikili standartların olduğunu göstərir".

Media eksperti Ələsgər Əhmədoğlu hesab edir ki, ABŞ-ın Virciniya ştatında canlı yayım zamanı iki gənc jurnalistin öldürülməsi Amerikada fərdi silahlanmanın artıq önlənilməsi mümkün olmayan miqyaslara çıxdığını göstərir: "2012-ci ildə məktəbə silahlı hücumdan sonra ABŞ senatı fərdi silahlanmanı önləmə təşəbbüsləri ilə hərəkətə keçsə də, silah ticarəti ilə məşğul olanların lobbiçiliyi ciddi bir addım atılmasına imkan vermədi".

Ekspert ABŞ-da kütləvi silahlanmanın nəticəsi olaraq baş verən hadisələrin statistik rəqəmlərini də təqdim edib: "2007-ci ildə ABŞ-da aparılan bir araşdırmada məlum olub ki, bu ölkə fərdi silahların sayı 270 milyon ədəd olmaqla dünyada ən çox silahlanan dövlətdir. Yeddi il bundan öncəki bu statistikaya əsasən əhalinin 89 faizə qədəri əlində silah gəzdirir. Bu qədər silahlanmış bir cəmiyyətdə təəssüf ki, kütləvi qırğınlar da daxil olmaqla insan ölümü adı hala çevrilir. ABŞ-da fərdi silahla adam öldürmə Yaponiyadakından 297 dəfə çoxdur. ABŞ sadəcə Yaxın Şərqdə, Əfqanıstanda öldürmür, öz insanının da qanının axıdılmasına seyrci qalır. Digər statistikaya görə isə, ABŞ-da hər il on min nəfər silahla öldürülür. Bu gündə iyirmi səkkiz nəfər şəxsin öldürülməsi deməkdir. Hər gün polis silahı ilə ölənlərin sayı isə iki nəfərə çatır".

Ceyhun ABASOV

 





28.08.2015    çap et  çap et