525.Az

“İlk şeirimi Moskvaya həsr etmişdim...”


 

ŞAİR QULU AĞSƏSİN MOSKVADA YAŞAYAN AZƏRBAYCANLI ZİYALILARLA GÖRÜŞÜ OLUB

“İlk şeirimi Moskvaya həsr etmişdim...”<b style="color:red"></b>

“Doqquz yaşımda ikən yazdığım ilk şeiri Moskvaya həsr etmişdim... Özünü isə budur - 46 yaşım olanda görürəm”.

Bu, Moskvaya Azərbaycan diasporasının üzvləri və burada yaşayan qələm dostları ilə görüşə gəlmiş, “Ulduz” jurnalının baş redaktoru şair Qulu Ağsəsin özünəməxsus baməzəliklə söylədiyi ilk sözlərdi.

Moskvada, Azərbaycan mədəniyyətinin inkişafı və intibahı fondunun qərargahında, “Nicat” Azərbaycan İrsinin Dirçəlişi cəmiyyətinin təşəbbüsü ilə və AYB birliyinin Moskva bölməsinin, ASGA Rusiya nümayəndəliyinin, “Şəhriyar” Ədəbi-Mədəni Cəmiyyəti üzvlərinin iştirakı ilə “Ulduz” dərgisinin baş redaktoru, şair Qulu Ağsəslə görüş keçirilib.

Tədbiri “Şəhriyar” Cəmiyyətinin sədri Vasif Məmmədov açdı. O, tədbir iştirakçılarına şairin həyat və yaradıcılığından, “Ulduz” jurnalının yaranma tarixindən və fəaliyyətindən, Sovet dövründən bu yana, bu jurnalın gənc yazarlar nəslinin yetişməsində böyük rolundan danışıb: “1967-ci ildən bəri nəşr olunan “Ulduz” bu gün də ən oxunaqlı və tələb olunan dərgilərdən biri kimi qalır. Dərgidə Azərbaycanın və MDB dövlətlərinin tanınmış, eləcə də gənc, ümidverici yazarları dərc olunurlar. Hörmətli şairimiz Qulu Ağsəsin baş redaktor kimi fəaliyyətə başladığı ötən ildən bəri, jurnal daha maraqlı və daha aktual olmuşdur ki, bu da bizləri sevindirməyə blməz. Qulu Ağsəsin şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunur. O, eləcə də, “Sənsən hər yer”, “Külək dostum”, “Nabran novellası”, “Nöqtələr” adlı kitabların müəllifidir”.

Sonra Vasif Məmmədov “Şəhriyar” Cəmiyyətinin yaranma tarixindən, cəmiyyətin üzərinə düşən məsuliyyətdən və görülən işlərdən danışıb. O, qeyd edib ki, 2000-ci ildə gözəl alimimiz mərhum Rafiq Sarıvəlli tərəfindən əsası qoyulan və Seyid Məhəmmədhüseyn Şəhriyarın adını daşıyan bu cəmiyyətin ümdə vəzifəsi - bir-birinə mənəvi ehtiyacı olan soydaşlarımızı, ziyalılarımızı, o cümlədən, yazarlarımızı öz ətrafında birləşdirməkdir.

Qulu Ağsəsin həmyerlisi - tanınmış şair Sultan Mərzili böyük bir həsrətlə, doğulub boya-başa çatdıqları yerlərdən söz açıb: “Qarabağ Azərbaycanın ürəyi idi. Bu torpaq dünyaya saysız-hesabsız dahilər bəxş edib. Qarabağın ürəyi isə Ağdam və Şuşa idi. Bizim çox hörmətli şairimiz və dostumuz Qulu Ağsəs Ağdamın gözəl kəndlərindən biri olan Abdal-Gülablıda dünyaya göz açıb. Mənsə qonşu kənddən - Mərzilidənəm. Hər iki kəndin sakinləri bir-birinə əzəldən çox doğma olmuşlar. Tiflisdə tapılan arxivə əsasən, bu yerlər eyni məkan sayılmışdır. Bu torpaqların tarixi Nuh peyğəmbərin dövrünədək gedib çıxır və biz qarabağlılar bununla fəxr edirik”.

Sonra söz gecənin təşəbbüskarına - Azərbaycan və Rusiya yazarlar birliklərinin üzvü şairə Afaq Şıxlıya verilib. “Qulu Ağsəs mənim çox əziz və dəyərli dostum, həmkarımdır. Bu istedadlı insan həm gözəl şair, publisist, həm də əvəzsiz redaktordur. Heç bir səhv onun gözlərindən yayına bilməz, əsərləri isə Azərbaycanın hər guşəsində tanınır və sevilərək oxunur.

...Qulu Ağsəs uzun müddət Qarabağa, bir zamanlar gülüstan olan, indi isə düşmən tapdağında viran qalan torpaqlarımıza şeir yaza bilməyib və bunu, böyük övlad sevgisi, həsrəti və qəhərilə izah edir.  Bu gün sizə Qulu müəllimin şeirlərindən bir neçəsini, o cümlədən də, bir il öncə Qarabağa həsr etdiyi şeirini oxuyacağam”.

“Rusiya hamı üçün” portalının redaktoru, “Ulduz” jurnalının Rusiya təmsilçisi, jurnalist, yazar, tərcüməçi - Nilufər Şıxlı çıxışına bu sözlərə başlayıb: “Mən Qulu müəllimi gözəl şair və gözəl insan kimi tanıyıram. O bizim ailənin doğması, əzizidir. Azərbaycanda onun nail olduğu ucalıqda çox az adam tapmaq olar ki, mənsəbinə və adına baxmayaraq bu qədər sadə, təmiz və səmimi qalmağı bacarsın. O özünü digərlərindən üstün tutmur, insanlarla öz bərabəri və dostu kimi davranır. İstedadından əlavə, məhz bu keyfiyyətlərinə görə biz onu çox sevir və dəyərləndiririk.

...Bir tərcüməçi kimi onu da qeyd etmək istərdim ki, şeiri Azərbaycan dilindən rus dilinə tərcümə etmək yalnız ilk baxışda asan görünə bilər. Hər hansı bir şeir ana dilimizdə nə qədər gözəl səslənsə də, tərcümə zamanı milli koloriti və ahəngi qoruyub saxlamaq çətin olur. Bu nöqteyi-nəzərdən, Qulu Ağsəs şeirləri unikaldır. Onlar hər iki dildə öz xüsusiliklərini saxlamağa qadirdir. Bir də buna görə Qulu müəllimə öz təşəkkürümü bildirirəm”. Sonra N.Şıxlı tərcümə etdiyi şeirlərdən bir neçəsini oxuyub.

Gecədə, Azərbaycan dilini sevərək öyrənən rus gəncliyinin bir nümayəndəsi də iştirak edib. Rudomino adına Xarici ölkələr ədəbiyyatı kitabxanasının nəzdindəki Azərbaycan mədəniyyət mərkəzində çalışan Dmitriy Kruqlıx şairi bizim ana dilimizdə salamlayaraq bir neçə şeirini orijinalda oxuyub.

Qulu Ağsəsin həyat yoldaşı - “Azərbaycan qadını” jurnalının redaktoru Laura Cəbrayıllı tədbir iştirakçılarını salamlayaraq hər kəsə öz təşəkkürünü bildirib: “Bu gün biz “Ulduz”un işığına yığılmışıq. MDB-nin bir çox ölkələrinə sirayət etmiş “Ulduz” bu gün də Rusiyanın paytaxtı Moskva şəhərində şəfəq saçmaqdadır.

...Müəlliflər öz əsərlərini böyük hörmət və məhəbbətlə göndərdikləri kimi, biz də çox böyük sevinc və məhəbbətlə onları dərc edirik. Bu gün burada ilk dəfə gördüyüm insanlar belə mənə yad deyil. Çünki hamınızı artıq yazılarınızdan tanıyıram. “Ulduz”un tirajı az olsa da, hər sayının maraq və həsrətlə gözlənilməsi onun zənginliyindən xəbər verir. Siz bundan sonra da, onun səhifələrində həm yeni, həm də artıq tanınmış yazarların əsərlərini oxuya biləcəksiniz”.

Anasının sözlərinə dərin minnətdarlıq və təşəkkür kəlmələrilə qoşulan balaca yazar Alsu da görüş iştirakçılarından öz sevincini gizləməyib.

Rusiyada yaşayaraq Vətəni unutmayan, ana dilimizin keşiyində duran soydaşlarının suallarını böyük maraq və həvəslə cavablayan Qulu Ağsəs, öz növbəsində, onunla görüşə toplaşanlara dərin minnətdarlığını bildirərək, bir neçə şeir oxuyub.

Gecədə “Şəhriyar” Cəmiyyətinin üzvü tarix elmləri doktoru, şair Əşrəf Hüseynli, jurnalist Tünzalə Vəliqızı, AMİİ Fondunun sədri Şamil Tağıyev, ASGA-nın Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdili və başqaları çıxış ediblər.

Görüş xatirə şəkillərinin çəkilməsilə başa çatıb.

 





29.08.2015    çap et  çap et