525.Az

Vüqar Bayramov: “Bu bizim adımızdan sui-istifadədir”


 

“BU HAL OCCRP-in BÜTÜN “FAKTLARININ” NECƏ QƏRƏZLİ OLDUĞUNU GÖSTƏRİR”

Vüqar Bayramov: “Bu bizim adımızdan sui-istifadədir”<b style="color:red"></b>

2015-ci il avqust ayının 25-də “Meydan TV”-nin veb-səhifəsində rus dilində 'Tainstvennaə kompaniə za korotkiy srok vıiqrala bolee 120 tenderov' (“Gizli Şirkət 120-dən artıq tenderə qalib gəlib”) sərlövhəli məqalə çap edilib.

Eyni tarixdə eyni məzmun və başlıq altında, amma məqalənin ingilisdilli versiyası “Organized Crime and Corruption Reporting Project (OCCRP)” veb-səhifəsində çap olunub. Növbəti gün, eyni məqalə Azərbaycan dilində bir sıra veb nəşrlərdə təkrarən nəşr olunub, sosial şəbəkələr vasitəsilə paylaşılıb. Müəllifliyi göstərilməyən, araşdırmanın düzgün aparılması ilə bağlı məsuliyyətin kimin üzərinə düşməsi aydın olmayan bu məqalədə “Install Service LLC” şirkətinin fəaliyyəti ilə bağlı Vüqar Bayramova istinadən bəzi “fikirlər” qeyd edilir.

Elə həmin gün Vüqar Bayramov məqalədə qeyd edilən fikirlərin ona aid olmadığını və onunla sözügedən mətbu orqanın heç zaman əlaqə saxlamadığını bildirib. SİA-nın əməkdaşı bu məsələ barədə Vüqar Bayramov ilə söhbətləşib.

- Vüqar müəllim, OCCRP qrupunun Sizinlə danışmadan, bəzi fikirləri Sizin adınızdan təqdim etməsini necə qiymətləndirmək olar?

- Bildiyiniz kimi, sədrlik etdiyim İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) iqtisadi araşdırmalarla məşğul olan təşkilatdır. Araşdırmaların aparılması etikası ilə yaxından tanışdır. Fəaliyyətində hər zaman araşdırma etikasının gözlənilməsinə çalışmışdır. Biz öz araşdırmalarımızda beynəlxalq agentliklərin materiallarına istinad edirik və eyni formada qarşılıqlı olaraq beynəlxalq agentliklər də İSİM-in fəaliyyətini izləyirlər, təşkilatın hazırladığı sosial və iqtisadi araşdırmalara istinad olunur. Belə olan məqamda İSİM və onun rəhbəri adından heç bir araşdırma və müsahibə aparılmadan belə bir məlumatın yayılması, İSİM-in adından sui-istifadədən başqa bir şey deyil. Gələcəkdə beynəlxalq araşdırma mərkəzləri belə hesabatlara istinad edə bilərlər və ümumilikdə beynəlxalq ictimaiyyət səhv məlumatlandırıla bilinər. Məqalədə məsələlərlə şərhverən mənbə qismində isə İSİM və onun sədrinin adı göstərilir. Biz düşünürük ki, İSİM-lə bağlı belə insidentlər olmamalıdır.

Məqalədə “Vüqar Bayramov” adı dörd dəfə çəkildiyi halda, təəssüflə qeyd etməliyəm ki, mənimlə ünsiyyət qurmadan, müsahibə götürmədən və sözügedən məsələ ilə bağlı fikirlərimi öyrənmədən mənim adımdan şərh yayımlanıb. Məqalədə adı hallanan şirkətlə bağlı mən nə 'Organised Crime and Corruption Reporting Project (OCCRP)' layihəsinin əməkdaşları, nə də hər hansısa digər bir mətbu qurumun təmsilçiləri ilə danışmışam. Belə olan halda, mənə ardıcıl olaraq istinadlar olunur. Bu bizim adımızdan sui-istifadədir və İSİM bu cür hallara qarşı mübarizə aparmaq niyyətindədir.

- Ümumiyyətlə, sözügedən araşdırma ilə bağlı fikriniz necədir?

- Sözügedən şəbəkənin Azərbaycanla bağlı öncələr də “araşdımaları” olub. Bu insident real durumu və marağı ortalığa qoydu. Məqalədə mənə aid sitat kimi təqdim edilən fikir və cümlələr jurnalist təxəyyülü məhsulundan başqa bir şey deyil. Mənimlə əlaqə saxlanılmayıb, mövzu ilə bağlı fikrim öyrənilməyib.

Məqalənin daxilində heç bir istinad görmədik. Belə olan halda, jurnalist-araşdırmaçı öz təxəyyülünün gücünə qüvvət verərək, İSİM və onun rəhbəri adından istədiyi məzmunu öz araşdırmasına əlavə edir, ictimailəşdirir. Araşdırma zamanı edilən belə səhvlər ümumilikdə “Organized Crime and Corruption Report Project (OCCRP)” əməkdaşlarının araşdırma aparmaq qabiliyyətlərinin və onların əvvəlki araşdırmalarının keyfiyyətini ciddi şübhə altına almağa imkan verir.

Bütün bunlardan əlavə, məqalənin orijinal ünvanı kimi göstərilən OCCRP veb-səhifəsində müəllifin kim olması barəsində heç bir qeyd yoxdur. Müəllifin olmaması beynəlxalq araşdırma üçün çox ciddi bir qüsurdur. Jurnalistikanın, xüsusilə də araşdırmaçı-jurnalistikanın əsas prinsiplərindən biri də şəffaflıqdır.

Müəllifin göstərilməməsi bu prinsipin ciddi olaraq pozulması deməkdir. İctimaiyyət nümayəndəsi olaraq, biz ifadə edilən fikirlərin kimə məxsus olmasını bilməyə borcluyuq. Həmçinin məqalənin altında müəllifin adının olması ümumilikdə bu sirli “araşdırmaçı-jurnalistin” məsuliyyətini artırardı. Həmin qurum buna ciddi fikir verməli idi. Təkrar edirik, belə səhvlər ümumilikdə bu təşkilatın bütün araşdırmalarının düzgünlüyünü və dəqiqliyini şübhə altına alır. Belə “araşdırmalar” nəticəsində əldə edilən “faktlara” necə inanmaq olar?

Bütün bunlar İSİM-in imicindən istifadə etməklə araşdırmalara legitimlik qazandırmaq və onlara inam yaratmaq cəhdidir. Bu onun göstəricisidir ki, araşdırma faktları səhvdir və onların yenidən yoxlanılmasına çox ciddi ehtiyac var. Hətta belə araşdırmanı son məqalə ilə məhdudlaşdırmaq lazım deyil. Bizdə çox ciddi şübhə var ki, belə nöqsanlar təşkilatın digər araşdırmalarında da mövcuddur, etik araşdırma prinsipləri dəfələrlə pozulmuşdur. Belə olan halda, qrupun adının hallandığı, müəllifi kimi təqdim olunduğu digər araşdırmalara da inam etmək olmaz.

- Bundan sonrakı gözləntiləriniz nədən ibarətdir, səhvin necə aradan qaldırılmasını gözləyirsiniz?

- İSİM öz fəaliyyətini ictimaiyyət üçün açıq olmaq prinsipi əsasında qurur. Bu məqsədlə də biz daim jurnalistlərlə ünsiyyətimizi ümumilikdə cəmiyyətin iqtisadi və sosial proseslərdən xəbərdar olması, mərkəzin fəaliyyəti barəsində mütəmadi olaraq düzgün xəbər almaları üzərində qururuq. Bu səbəbdən də jurnalistlərlə sıx təmasda olan, mətbuat nümayəndələri üçün daim açıq olan mərkəz bu halı Etik Jurnalistika Prinsiplərinin və Araşdırmaçı Prinsiplərinin kobud pozulması kimi qiymətləndirir. Bu çox ciddi məqamdır və bu hal jurnalistikanın bəzi nümayəndələrinin öz peşə borclarını düzgün icra etməməsi və cəmiyyəti səhv məlumatlandırmalarının göstəricisidir. Bu nöqsan aradan qaldırılmalıdır. Araşdırmaçı-jurnalist öz araşdırmaları zamanı faktları yoxlamalı və yenidən yoxlanılmalıdır. Belə məqalənin ərsəyə gəlməsində cavabdeh olan digər məsul şəxslər də bu məqamların yenidən yoxlanılmasında iştirak etməlidir. Məqalədə istifadə olunan faktlar mənbələrə əsaslanmalıdır. Yalnız bundan sonra araşdırma-məqalə nəşr olunmalıdır.

Təəssüf ki, bunların heç birinə əməl olunmayıb. Müsahibə üçün zəng olunmayıb, məsələ ilə bağlı heç bir münasibət soruşulmayıb. Məqalənin daxilində isə İSİM və onun rəhbərinin adına ardıcıl istinadlar edilib.

Belə olan halda, araşdırmaçı-jurnalist və bu məqalə nəşr etmiş saytlar öz səhvlərini qısa zamanda etiraf etməlidirlər. Bu etiraf ictimaiyyət üçün açıq formada edilməlidir. Etirafın ardınca, heç bir gecikmə olmadan edilən səhvlər aradan qaldırılmalıdır. Bütün bu proseslər şəffaf şəkildə, səhvin səbəbləri ictimaiyyət üçün izah edilməklə görülməlidir. İSİM olaraq, biz məhz bu cür davranış gözləyirik və bu istiqamətdə də çalışacağıq. Əks halda hüquqi müstəvidə mübarizəmizi davam etdirəcəyik.

 





29.08.2015    çap et  çap et