525.Az

“Mütləq əksəriyyət İlham Əliyevi Azərbaycan Prezidenti mandatı ilə təmin edəcək”


 

“Mütləq əksəriyyət İlham Əliyevi Azərbaycan Prezidenti mandatı ilə təmin edəcək”<b style="color:red"></b>

“Yeni Azərbaycan Partiyası ölkəmizdə yeganə siyasi təşkilatdır ki, öz sıralarında yarım milyondan artıq insanı birləşdirir. Hesab edirəm ki, 600 min nəfər üzvün partiya sıralarında cəmləşməsi tarixi bir nailiyyətdir və bu, sadəcə statistika deyil”.

525.az-ın məlumatına görə, bunu mətbuata açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov bildirib. Ə.Əhmədov qeyd edib ki, bu, ümummilli lider Heydər Əliyevin yaratdığı partiyaya, partiyanın istinad etdiyi prinsip və dəyərlərə, partiyanın sədri İlham Əliyevin həyata keçirdiyi siyasətə bu qədər sayda insanın nəinki dərindən inanmasını, eyni zamanda, özünün siyasi taleyini bu partiya ilə bağlamaq istəyini göstərir: “Bu, Prezidentimizin, onun həyata keçirdiyi siyasətin dəstəklənməsi və 600 min nəfərin bu yolda fədakarlıqlar nümayiş etdirməyə hazır olması deməkdir. Güman edirəm ki, 9 milyon nəfər əhalisi olan Azərbaycan üçün bu kifayət qədər yüksək göstəricidir. Əgər dünya üzrə müqayisə etsək, əhalinin sayına nisbət baxımından bu qədər böyük sayda insan potensialına malik olan siyasi partiyalar çox azdır. 

Bütövlükdə, YAP ölkəmizdə həyata keçirilən siyasətin uğurlar qazanmasına böyük töhfələr vermiş insanların birliyidir. Bu mənada, YAP müasir Azərbaycan tarixinin yaradılmasında özünün fəadakarlığı ilə yaxından iştirak edir və inanıram ki, uzun illər bu, belə olacaq. YAP cəmiyyətimizin siyasi cəhətdən ən fəal və yüksək potensiala, intellektə malik olan insanlarını birləşdirir. Azərbaycanın gələcəyi olan gənclər özlərinin siyasi gələcəyini YAP-la bağlayırlar. Partiyamızın sıralarında olan gənclər YAP üzvlərinin ümumi sayının təqribən 40 faizini təşkil edir. Digər bir maraqlı məqam odur ki, hər il YAP sıralarına daxil olan 25-30 min nəfərə yaxın olan insanın 50 faizdən çoxu gənclərdir. Bu o deməkdir ki, YAP-ın tərkibində gənclərin xüsusi çəkisi artmaqdadır. Siyasi fəallığa gəlincə, Yeni Azərbaycan Partiyası ölkəmizdəki siyasi proseslərin önündə gedir. YAP-ın bir çox məsələlərlə bağlı mövqeyi cəmiyyətimiz üçün əhəmiyyət daşıyır. Partiyamız gələcəyə ümidlərlə baxır. Hesab edirik ki, YAP-ın daxili monolitliyi, birliyi, böyük siyasi və intellektual potensialı gələcəkdə də partiyamızın böyük uğurlarını təmin edəcək”.

YAP rəsmisinin eyni zamanda bildirdiyinə görə, 2013-cü illə də bağlı hakim partiyanın böyük planları və istəkləri var.

Ə.Əhmədov xatırladıb ki, gələn il ölkədə prezident seçkiləri keçiriləcək və hakim partiyanın 2013-cü il üçün ən böyük layihəsi seçkilərin uğurla keçirilməsi olacaq:

 “Dəfələrlə açıq şəkildə bildirmişik ki,  Prezident İlham Əliyev qarşıdan gələn seçkidə bütün Azərbaycan xalqının namizədi kimi qəbul edilir, bütün xalqımız onun namizədliyini dəstəkləyir və YAP belə hesab edir ki, onun növbəti 5 ildə də Azərbaycana rəhbərlik etməsi 2013-cü ilədək həyata keçirilən uğurlu siyasətin davam etdirilməsi və vətəndaşlarımızın gələcək uğurlardan faydalanması deməkdir. Bu sadə məntiq əsasında 2013-cü il prezident seçkilərində Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti Prezident İlham Əliyevə səs verəcək, onu növbəti beş il üçün Azərbaycan Prezidenti mandatı ilə təmin edəcəklər.

 Bu, hər bir vətəndaşın, ailənin mənafeyinə uğundur. YAP-ın istəkləri ilə Azərbaycan vətəndaşının öz maraqlarından irəli gələn arzuları üst-üstə düşür. Fikrimcə, bu amil seçkilərin nəticələrinə təsir göstərən ən vacib faktor olacaq. YAP artıq qarşıdan gələn seçkilərə hazırlıq işlərinə başlayıb. Seçkilərin yüksək səviyyədə keçirilməsi üçün böyük bir proqram hazırlanıb və 2013-cü ilin ilk həftələrindən etibarən ardıcıl şəkildə həyata keçiriləcək. Seçki ərəfəsində daha çox əziyyət çəkib sonda daha yüksək uğur qazanmaq partiyamızın strategiyasının bir hissəsidir. İnanıram ki, seçkinin nəticəsi həm partiyamız, həm də xalqımız üçün əhəmiyyətli olacaq”.

Kamil Həmzəoğlu
 





26.12.2012    çap et  çap et