525.Az

Dəyərli sənətkar ömrü


 

Dəyərli sənətkar ömrü<b style="color:red"></b>

Yaradıcılıq Tanrının insana hələ ana bətnində olarkən bəxş etdiyi işıqdır; insan o işıqla ömrünün sonuna qədər yaşayır və yaratdıqlarını öz xalqına, millətinə və ümumən dünyaya bəxş edir. Hər bir insana Yaradan nə qədər güc bəxş edirsə, o güclə də insan özünü ifadə edir.
 
Çağdaş milli teatr prosesimizdə öz sənət yolu, bənzərsiz yaradıcılıq haləsi, demokratik düşüncə və məfkurə konsepti, mənəvi və intellektual dünyası ilə seçilən, bugünlərdə 55 yaşı tamam olan ünlü sənətkarımız, Əməkdar mədəniyyət işçisi İftixar Piriyevə də Yaradan belə gücü elə anasının bətnində verdi; hələ dünyaya gəlməmişdən,o, dünyayla mücadiləyə başladı. İllər sonra bir şeirində dediyi kimi:

Bu dünyanın varlığından xəbərsiz
oturmuşdum anamın bətnində,
yazıq anama sancı verə-verə.
     Dəcəlliyimlə, dəliliyimlə,
     hələ bilinməyən kimliyimlə
     özüm kirimişcə oturub,
amma anama sancı verə-verə,
hara gəldiyimi bilmədən
hövsələm çatmayıb
sıyrılıb çıxdım anamın bətnindən...
Bu,
bu DÜNYA,
bu da MƏN...

İnsan ömrü başlanğıcı bəlli, sonu naməlum bir nəsnədir. İftixar da 7 sentyabr 1960-cı ildə Gürcüstan Respublikasının Qaraçöp mahalında dünyaya gözlərini açdı və Yaradanın yazdığı taleyə rəğmən öz ömrünü yaşamağa başladı.

İftixar 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram-kino aktyorluğu fakültəsində görkəmli səhnə ustası Rza Təhmasibin kursunu bitirdi. Elə həmin ildən təyinatla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyorluq fəaliyyətinə başladı.

Səhnədə ilk rolu İlyas Əfəndiyevin "Xurşudbanu Natəvan" əsərində səssiz bir obraz olub. Nəbi Xəzrinin "Mirzə Şəfi Vazeh" əsərindəki Əkbər obrazı isə ilk nəzərəçarpacaq rolu kimi yadda qalıb. Bundan sonra Anarın "Sizi deyib gəlmişəm" pyesində Vəliqulu, "Şəhərin yay günləri"ndə Namiq, Jan Anuyun "Medeya" faciəsində Oğlan, Nahid Hacıyevin "Məhəbbət yaşadır" pyesində Elcan, Səməd Vurğunun "Vaqif" dramında Əli bəy, Əbdürrəhimbəy Haqverdiyevin "Bəxtsiz cavan" faciəsində Çingiz, Rəhman Əlizadənin "Günah"ında Fərhad, Nəbi Xəzrinin "Gecə döyülən qapılar"da Xəzər, "Torpağa sancılan qılınc" dramında Poladgüc, Vaqif Səmədoğlunun "Yayda qartopu oyunu"nda Niftalı, İlyas Əfəndiyevin "Şeyx Xiyabani" pyesində Ayaz, "Büllur sarayda" da Bayandur, "Tənha iydə ağacı"nda Eyvaz, Şekspirin "Kral Lir" faciəsində Edqar, Eldar Baxışın "Qədir gecəsi"ndə Aşıq İftixar, "Məlikməmməd" xalq nağılında Məlikməmməd, Çingiz Aytmatov və M.Şaxanovun "Sokratı anma gecəsi"ndə Talap, Nəriman Həsənzadənin "Pompeyin Qafqaza yürüşü" pyesində Çar Uruz kimi müxtəlif səpkili obrazlar yaratdı.
Görkəmli teatrşünas alim Cəfər Cəfərov bu fikirdə idi ki, aktyor da yazıçı, rəssam və bəstəkar kimi fərdi xüsusiyyətlərə malik olan bir yaradıcıdır. Onun da özünə görə fikir və obraz aləmi vardır. Ancaq iş burasındadır ki, aktyorların yaradıcılığı pərdə qapanan kimi görünməz olur. Buna görə də onlara qarşı daha diqqətli, daha qayğıkeş olmalı, onların sənətini və irsini daha çox təbliğ etməliyik. Cəfər Cəfərov bunu da xüsusi qeyd edirdi ki, aktyor yaradıcı olmalıdır. Bu o deməkdir ki, onun üçün rol oynamaq, yeni bir insan obrazı, fərdiləşdirilmiş bir xarakter yaratmaq deməkdir. Əgər aktyor roldan-rola fərqlənməyəcəksə, ya da bu fərq çox az və zahiri olacaqsa, onda aktyorluq çox cansıxıcı bir peşədir. Aktyor sənətinin hüsnü və ləzzəti də ondadır ki, hər bir yeni rolda yenidir, başqa bir aləmdir. Bu sözlər İftixarın aktyor ampluasına tam uyğun gəlir.

Dəyərli sənətkarımız teatr səhnəsi ilə yanaşı televiziyada da maraqlı rollarla sevilmişdir. M. Muradın "Təkan", S. Budaqlının "Közərən evin işıqları", Ə. Əylislinin "Ürək yaman şeydir", Dilsuzun "Oğulla görüş" əsərlərində tutarlı rollar oynamışdır. İftixarın teleseriallarda yaratdığı obrazları da uğurlu sənət nümunələridir. Əlibala Hacızadənin "İtgin gəlin" teleserialında Əbdül, Rəşad Nuri Güntəkinin "Dodaqdan qəlbə" serialında Vədad, Bəxtiyar Vahabzadənin "Yağışdan sonra" teleserialında Aslan, Ağarəhim Rəhimovun ssenariləri əsasında çəkilmiş "Canavar balası" filmində Nofəl, "Qırmızı qar" filmində Şef kimi xarakterik tipajlarla aktyor ustalığını nümayiş etdirdi. Uzun zaman "Ozan" folklor toplusunun aparıcısı, Azərbaycan televiziyasında ədəbi-bədii proqramların iştirakçısı, radioda bir sıra pyeslərdə rolların ifaçısı oldu.

Sənətinə və şəxsiyyətinə böyük hörmət bəslədiyim mərhum sənətkarımız Lütfi Məmmədbəyovun çəkdiyi "İtgin gəlin" teleserialındakı Əbdül obrazı ilə milyonlarla tamaşaçılarının qəlbində özünə mötəbər yer tutan İftixar teatr səhnəsində, televiziya tamaşalarında, bədii filmlərdə qırxa qədər bir-birindən maraqlı və fərqli obrazlar silsiləsi yaratsa da, sonrakı illərdə şair, publisist, dramaturq, rejissor, teatr təşkilatçısı kimi ömrünün hər anı ilə milli teatr tariximizdə, eyni zamanda çağdaş dramaturgiyada, poeziyamızda sənətkar imzasını qoymağı bacardı.

1991-1993-cü illər arası özünün yaratdığı Azərbaycan Milli "Dastan" Teatrının təsisçisi və rəhbəri oldu.
1998-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin göndərişi ilə Tiflis Azərbaycan Dram Teatrının bərpa rəhbəri təyin olunaraq, teatrın bərpasında müstəsna xidmət göstərdi.

Onun "Yaşadığım bu ömür", "Nə qəribə yuxuymuş", "Sevgilim" şeirlər, ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş "Böyük Turanın Himni", türk, rus, ingilis, alman, fransız, italyan, ispan, ərəb, fars dillərinə tərcümə olunmuş "Müstəqil Vətənin Memarı" poemaları, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin anadan olmasının 50 illiyi münasibəti ilə yazdığı və tamaşaya hazırladığı "İşıqlı, nurlu sabah" və Heydər Əliyevin Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın "Xocalıya ədalət beynəlxalq kampaniyası" çərçivəsində yazdığı və tamaşaya hazırladığı "Soyqırımı tarixinin dastanı" mənzum pyesləri və ayrıca olaraq türk dilində "Bağımsız Vatanın Mimarı" poeması və ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibəti ilə yazdığı "Qurtuluş dastanı" tarixi pyesi kitab şəklində oxuculara təqdim olunub.

Çoxdan təcrübədə təsdiq olunmuş bir həqiqətdir ki, böyük sənətkarlar öz dəst-xəttlərini, üslub xüsusiyyətlərini sənət aləminə qədəm qoyduqları ilk vaxtdan biruzə verir, sənətə özlərinin fərdi ilham və bacarıqlarını gətirir, sənətin füsunkar ecazının nurunda yazıb-yaradırlar. Həqiqi sənətin isə yolu hamar olmur, əsl sənət zirvəsinə ucalmaq üçün insan çətin yollar keçir. O sənətkar xoşbəxtdir ki, onun sənət gülşənindən topladığı incilər həmişə öz qiymətini saxlayır; çəkdiyi zəhmətin mükafatı tamaşaçı alqışı, oxucu sevgisi olur. İftixar da Azərbaycan dramaturgiyasına, poeziyasına, sənətşünaslığına öz mövzusu və öz dili olan istedadlı müəllif kimi daxil ola bildi və "Dan yeri söküləndə", "Körpü", "Məngənə və ya Kor Aşığın işığı", "Eşqin tikan dairəsi", "Qarışqalar yuvasını dəyişmir", "Arı yuvası", "Nurlu ömrün anları", "Azərbaycan bayrağı", "Qalx ayağa, Azərbaycan!" pyeslərini və dramlarını, "Soyqırımı tarixinin dastanı" mənzum, xronikal, tarixi dramını yazdı; onlarla hekayə, miniatür, mənsur şeir, təmsil, elmi məqalə, resenziya, publisistik və portret yazıları peşəkar sənətkar qələmi ilə təqdim etdi.

İftixarın uzun illər teatr sahəsində çalışması, nəzəri biliklərə malik olmaqla yanaşı, teatr işinin təşkili, yaradıcılıq problemləri ilə praktiki olaraq qarşılaşması, teatrın bütün sahələrinə dərindən bələd olması, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına 2000-ci ildən hazırkı dövrə qədər rəhbərlik etməsi, bu teatrı respublikanın qabaqcıl teatrları sırasında saxlaya bilməsi teatrın xarici qastrollarında daha aydın görünür.

İrəvan Teatrının yaradıcılıq potensialının məzmun və mahiyyətində xalqımızın sənət sərvətini yüksək miqyasda inkişaf etdirib qorumaqla yanaşı, eyni zamanda vətəndaşlıq mövqeyindən və milli mənafedən çıxış etmək durur. İftixarın qayğısı nəticəsində teatrın kollektivi səmimi vətənpərvərlik missiyası ilə mənsub olduğu xalqına, torpağına, millətinə, dövlətinə və dövlətçiliyinə, Azərbaycan teatr sənətinin inkişaf etdirilməsinə vicdanlı xidmət göstərməklə nümunəyə çevrilə bilmişdir. Teatr respublikadaxili və xarici ölkələrə olan hər bir səfərində, geniş yaradıcılıq imkanlarının masştabını göstərməklə yanaşı, həm də İrəvan və Qarabağ həqiqətlərinin carçısı olduğunu dönə-dönə və qəhrəmancasına sübut edir.

İftixar Piriyevin fəaliyyət prinsipləri barədə mövqeyi İrəvan Teatrının tarixi haqqında yazdığı monoqrafiyasında öz əksini belə tapmışdır: "Diqqətəlayiq məsələ budur ki, İrəvana dönmək eşqini hər zaman özündə yaşadan İrəvan Teatrı heç vaxt təkcə sənət məkanı kimi fəaliyyətini məhdudlaşdırmamışdır, həm varlığı ilə, həm də yaratdığı vətənpərvər ruhlu nəhəng tamaşalarla, torpaqlarını zəbt etmiş və onu isti yurd-yuvasından didərgin salmış düşməninə qarşı qəhrəmancasına mübarizə mövqeyində dayanmışdır.

İnanıram ki, bu mövqe İrəvan Teatrı üçün hər zaman prioritet məsələ kimi aktiv qalacaqdır və kollektivimiz ölkə başçısının apardığı uğurlu siyasət sayəsində, respublikamızda gedən bugünkü parlaq inkişafın sabahımıza apardığı işıqlı yolda üzərinə düşən sahədə hər zaman öz işini aktiv fəaliyyət prinsipləri üzərində davam etdirəcəkdir"...

"... Sağlam kollektiv yaratmaq üçün böyük əhəmiyyət daşıyan bütün bu amillər bu gün bizə imkan verir deyək ki, İrəvan Teatrı olaraq biz, dövlətimizin ona göstərdiyi etimadı bütün sənət bacarığımız, düşüncəmiz, vətənpərvərliyimiz, vətəndaşlığımız, azərbaycançılığımız və deportasiya həyatı yaşadığımızı heç vaxt unutmamaq qüdrətimizlə, var gücümüzü hər zaman qüvvədə saxlayacaq və xalqımızın xidmətində ləyaqətlə dayanacağıq".

2006-cı ildə teatr aləmində geniş rezonansa səbəb olmuş "Dan yeri söküləndə" tamaşasında Dan yeri sökülən məqamın ovqatı isə tam başqa idi. Əlibala Hacızadənin sözləri ilə desək, qələm sahibi "hamı hər şeyi görür, hər şeyi bilir" fəlsəfəsi ilə yaşaya bilməz. İftixar da hamının hər şeyi gördüyü, bildiyi bir zamanda ilk pyesi olaraq bu həqiqətləri qələmə aldı, nədən ki, bu məlum həqiqətlər onun yazıçı təfəkküründən keçərək yazılmasaydı, bədii əsər kimi təqdim olunmasaydı, xalqımızın keçmişi, bu günü, gələcəyi haqqında teatr tariximizdə iz qoyan səhnə əsərinə çevrilməzdi.

Səhnə əsərinin yaranması isə pyes müəllifindən həm teatr, həm ədəbiyyat, həm dramaturgiya, ən başlıcası isə bütün bunların fövqündə dayanan Tanrı bəndəsi olan insanın humanizmi, imanı, idrakı, həyat fəlsəfəsi, mənəvi dəyərlərə ehtiramı və vicdan səsinin ecazını tələb edir. "Dan yeri söküləndə" bütün bu tələblərə cavab verə bilən pyes olmaqdan əlavə, İftixarın Gürcüstanda yaşayan soydaşlarımıza ucaltdığı mənəvi, ədəbi, əbədi abidə idi. Həm də "Dan yeri söküləndə" əsəri ilə, İrəvan Teatrı ilk dəfə Bakı teatr şəbəkəsini özündə cəmləşdirən, Respublika miqyaslı layihələri gerçəkləşdirməklə böyük təcrübə toplamış oldu. Və bu təcrübənin səmərəsi Azərbaycan teatrlarının bərabər inkişafına xidmət edən bir amil kimi çox dəyərli idi.

Eyni sözləri İftixarın 2009-cu ildə İrəvan Teatrında hazırlanan və Tiflisdə genişmiqyaslı layihə kimi reallaşan sülh və barış kontekstində olan bir mövzuya həsr olunmuş "Körpü" tamaşası barədə də söyləmək yerinə düşər.

2009-cu ildə İrəvan Teatrının səhnəsində oynanılan, dramaturq Aqşin Babayevin "Xilaskar" və 2013-cü ildə özünün müəllifi olduğu "Qurtuluş dastanı", 2014-cü ildə Hidayətin "Burdan min atlı keçdi" əsərlərinin tamaşalarında ümummilli liderimiz Heydər Əliyevin bədii obrazını ustalıqla yaratmışdır. Bu tamaşalarda da Heydər Əliyev obrazı İftixar Piriyevin mükəmməl və əvəzsiz ifası ilə yadda qalmışdır. Aktyor özü bu barədə deyir: "Dahi rəhbərin obrazını yaratmaq hər bir aktyordan böyük məsuliyyət tələb edir. Əsas odur ki, mən bu prosesdə üzərimə düşən məsuliyyətin mənasını çox yaxşı dərk edirdim. Ümumiyyətlə üç ayrı-ayrı əsərdə Ümummilli liderimizin bədii obrazını yaratmaq mənə nəsib oldu. Üçüncüsü əsər, şair-dramaturq Hidayətin "Burdan min atlı keçdi" əsəri, ilk əsər isə 2009-cu ildə dramaturq Aqşin Babayevin İrəvan Teatrının səhnəsində hazırlanmış "Xilaskar" pyesi idi. Yaradıcılıq prosesi çox keçirdi. Mən, Böyük Heydər Əliyev obrazının portret cizgilərindən daha çox onun zəngin daxili aləmini əks etdirməyə, bu obrazı yaratmaq, həm də ilk ifaçı olaraq yaratmaq üçün sənətçidən tələb olunan bütün komponentlərdən yararlanmağa və nəhayətdə bitgin bir obrazın ərsəyə gəlməsinə çalışırdım. Hər halda tamaşaçıların rəyinə əsaslansaq, özünəməxsus yanaşma ilə istədiklərimizə nail ola bildik.
 
Uğurla oynanılan bu tamaşa ilə biz həm stasionarda, həm də Gürcüstan, Dağıstan respublikalarında, Türkiyə Cümhuriyyətində böyük tamaşaçı sevgisi ilə qarşılandıq. Gürcüstan qastrolu zamanı tamaşada sabiq prezident, dünya miqyaslı siyasətci Eduard Şevardnadzenin səhnə arxasına keçərək, kollektivimizi şəxsən təbrik etməsi, xatirə şəkli çəkdirməsi ayrı bir mənzərə idi. Eduard Şevardnadze təbrikinə öz ürək sözləri ilə başladı: "Çox yaxşı etmisiniz ki, Heydər Əliyev barədə tamaşa hazırlamısınız. Tamaşada hər şey mükəmməl idi. Xüsusən Heydər Əliyevin obrazının ifası. O hadisələr mənə tanış idi. Tamaşadakı hadisələr o qədər aydın cərəyan edirdi ki, mən Azərbaycan dilini bilməsəm də, hər şeyi çox gözəl anlayırdım. Heydər Əliyevin səsi, hərəkətləri, jestləri, özünəməxsus danışıq manerası çox dəqiq idi. Heydər Əliyev böyük şəxsiyyət və siyasətçi idi. O, təkcə Azərbaycanın deyil, ümumqafqazın lideri idi".

İftixar 2013-cü ildə müəllifi olduğu, bütün həyatını xalqına, müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin möhkəmlənməsinə və inkişafına həsr etmiş Heydər Əliyevin ömür yolundan, dövlət xadimi kimi zəngin fəaliyyətindən bəhs edən "Qurtuluş dastanı" adlı pyesində yenidən ulu öndərin obrazını canlandırdı. "Qurtuluş dastanı" tamaşası Ulu Öndərin 90 illik yubuleyi münasibətilə onun əziz xatirəsinə ehtiram əlaməti olaraq hazırlanmışdı.

Bu əsərdə Heydər Əliyevin bədii obrazı artıq daha geniş miqyasda - Heydər Əliyevçilik - Azərbaycançılıq ideyası ətrafında öz bədii mücəssiməsini tapmış oldu. Tale belə gətirdi ki, bu tamaşada da dəyərli aktyorumuza Ulu öndərin bədii obrazının yaradıcısı kimi onun hisslərinin, duyğularının, yüksək insani keyfiyyətlərinin, həm övladlıq, həm valideynlik missiyasının, həm sərkərdəlik qüdrətinin yaşantılarını ifa etmək, xalqı, milləti yolunda yorulmadan, əzmlə apardığı fəaliyyətində gərgin situasiyalara qarşı mübarizəsini məhz səhnədən təcəssüm etdirmək şərəfi nəsib oldu".

İftixarın "Eşqin tikan dairəsi" pyesi Tiflis Azərbaycan Dram Teatrında tamaşaya qoyulmuş, tamaşa 2015-ci il Türkiyə Cümhuriyyətinin Amator Teatr Festivalında mükafata layiq görülmüşdür. "Qurtuluş dastanı" epik-tarixi dramı isə bu il 15 iyun tarixində C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında da uğurla tamaşaya qoyularaq yüksək səviyyədə qarşılanmışdır.

2012-ci ildə İftixar "Müstəqillik dövrü teatrımızın inkişafında Elçin dramaturgiyasının mövqeyi" adlı dissertasiyasını müdafiə etməklə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almış, təqdid etdiyi mövzu elmi monoqrafiya şəklində çap olunaraq müasir teatrşünaslığımızda özünə layiqli yer tuta bilmişdir. 

Gözlərimi dünyaya açanda
Anamı gördüm...
Atamı gördüm...
Bir də,
Tanrının bəmbəyaz üzünü, gözünü -
Səmanı gördüm...
Gözlərimi dünyaya yumanda
Dopdolu bir ömrü...
Qapqara torpağı...
Bir də,
yanımdan şütüyüb sabaha yol gedən
Zamanı gördüm...

Zaman - İftixarın adını mədəniyyət tariximizə yazır. Tarix isə hər adamı yox, əməlləri ilə tarix yaradanları yaşadır. Yaşa, yarat, böyük sənətkar, sənin qiymətini zaman özü verəcək!

Nərminə AĞAYEVA
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

 





02.09.2015    çap et  çap et