525.Az

Azərbaycan və dünya aqrar elmində akademik Eyyub Bəşirov imzası


 

Azərbaycan və dünya aqrar elmində akademik Eyyub Bəşirov imzası<b style="color:red"></b>

Görkəmli alim, akademik Eyyub Bəşirovun bu yaxınlarda oxuduğum "Azərbaycanda biologiya elminin və heyvandarlığın inkişaf tarixindən" adlı kitabı 50 ildən artıq böyük bir dövr ərzində Azərbaycanda biologiya və heyvandarlıq elmlərinin inkişafı istiqamətində aparılan elmi araşdırmaların, elmi tədqiqatların məcmusudur.

Kitab haqqında geniş danışmamışdan öncə bir məqam üzərində dayanmaq istərdik. Əvvəla, onu qeyd edək ki, Rusiya Federasiyası Beynəlxalq Keyfiyyət Problemləri Akademiyasının həqiqi üzvü, akademik Eyyub Bəşirovun elmi yaradıcılığı geniş və çoxşaxəlidir. Alimimizin yaradıcılığının coğrafiyası isə olduqca böyük bir ərazini, Cənubi Amerika, Şimali Afrika, Avropa və Asiya ölkələrini əhatə edir.

İstər hörmətli akademikimizin yaradıcılığı, istərsə də Azərbaycan aqrar elmi dünya aqrar elminin olduqca zəngin, çox dəyərli, özünəməxsus səhifələrindən, mühüm tərkib hissələrindəndir. Onları bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Elə bu səbəbdən də belə fikrə gəlmək olar ki, Eyyub Bəşirovun təkcə bir kitabından danışmaq, ümumən onun yaradıcılığı haqqında heç nə deməməyə bərabərdir. Bu səbəbdən də istərdik ki, adını çəkdiyimiz kitab açdığımız söhbətin fonunda alimin yaradıcılığından, bu zəngin elmi irsin əhəmiyyətindən, aqrar elm tarixindəki mövqeyindən, onun da nümayəndəsi, yaradıcılarından biri olduğu Azərbaycan aqrar elminin dünya elmindəki yerindən bəhs edək.

Xalqımız dünya mədəniyyətinin, elmi fikrinin inkişafında müstəsna xidmətlər göstərmiş böyük zəka sahibləri, elm, mədəniyyət xadimləri, yaradıcılıqları epoxalara, vaxt, zaman adlı məfhumlara sığmayan, çox işıqlı simalar yetişdirmişdir. Bu simalardan təkcə bir neçəsinin adını çəksək, bəşər mədəniyyətinə xalqımızın nələr verdiyini aydın görmək olar. Nizami, Xaqani, Tusi, Şirvani, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Hacı Zeynalabdin, Şəhriyar, Lütfizadə, Yusif Məmmədəliyev, Üzeyir Hacıbəyov, Hüseyn Cavid, Qara Qarayev, Arif Məlikov, Səttar Bəhlulzadə və s.

Bu mənada aqrar elm də istisna deyil. Azərbaycan aqrar elmi çox zəngin inkişaf tarixinə malikdir və bu tarix dünya elm tarixinin ən dəyərli, ən maraqlı səhifələrindəndir. Bu səhifəni isə akademiklər - Firuz Məlikov, Məmmədtağı Qəniyev, Mirzə Sadıqov, İmam Mustafayev, Cəlal Əliyev, Rual Qədimov, Nəriman Şirinov, Məmmədtağı Cəfərov, professorlar - Ağaxan Ağabəyli, Zülfüqar Verdiyev, Eyyub İsgəndərov, Bala Ağayev, Rəhim Səttarzadə, Rəhim Hüseynov, Cahangir Axundov, Əli Əliyev, Müseyib Əliyev, İkram Eyyubov, Elxan Əliyev, Qəzənfər Quliyev, Arif İsmayılov,  Əsəd Musayev, Kamal Ağalarov, Abdulla Həşimov, Morul Dəmirov, Nəcəf Nəcəfov kimi yüzlərlə elm xadimləri öz yaradıcılıqları ilə zənginləşdirmişlər. Xüsusən də XX əsrdə adlarını sadaladıqlarımız və sadalaya bilmədiklərimiz elm xadimlərinin sayəsində Azərbaycan aqrar elmi özünün ən yüksək inkişaf zirvəsinə çatdı. Azərbaycan aqrar elmi özünün formalaşmış elmi ənənələri, elmi məktəbləri ilə təkcə keçmiş İttifaqda deyil, dünyanın elmi təşkilatları, elmi ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı. Dünya aqrar elmi, biologiya elmi nəzəriyyələri və təcrübələrində "Firuz Məlikov elmi məktəbi", "Bəşirov metodu" kimi elmi terminlər beynəlxalq səviyyədə qəbul edildi, işlədilməyə başlandı. Beynəlxalq elmi ictimaiyyət tərəfindən qəbul edilmiş bu terminlərin özü Azərbaycan aqrar elminin dünya miqyasındakı çəkisindən, nüfuzundan, əhəmiyyətindən, mövqeyindən xəbər verir. Bu baxımdan Rusiya Beynəlxalq Keyfiyyət Problemləri Akademiyasının həqiqi üzvü, akademik Eyyub Balaməmməd oğlu Bəşirovun elmi yaradıcılığı mühüm əhəmiyyət kəsb edir. Eyyub Bəşirovun elmi irsinin mahiyyəti, elmi yaradıcılığının məqsədi, qayəsi təbiətin, ekologiyanın təmizliyi və qorunub-saxlanılması, millətimizin, xalqımızın, bütövlükdə bəşəriyyətin sağlamlığı, firavanlığı, xoşbəxtliyidir.

Alim bu məqsədə çatmağın yollarını hər bir əsərində, tədqiqatlarında, müşahidələrində araşdırır, axtarır, nəticədə də tapır.Təkcə bir faktı gətirməklə sözümüzə qüvvət vermiş olarıq. Eyyub Bəşirov heyvanların törəyib çoxalması biologiyasının və süni mayalandırılmasının öyrənilməsi istiqamətində fundamental tədqiqatlar aparıb, sanballı elmi nəticələr əldə edib. Yuxarıda adını çəkdiyimiz "Bəşirov metodu" məhz həmin fundamental tədqiqatların elmi nəticəsidir. Nədir bu "Bəşirov metodu?"

Kənd təsərrüfatı heyvanlarının çoxaldılmasına, bunların cins tərkibinin yaxşılaşdırılmasına, sağlam nəsil alınmasına, məhsuldarlığın 1000 dəfəyə qədər artırılmasına və s. kimi çox mühüm, böyük nəticələr əldə etməyə imkan verən bir metoddur. E.Bəşirov cərrahi yolla erkək heyvanların çoxalma üzvünü 30-45 dərəcə bucaq altında öz təbii yerindən kənara çəkməklə süni mayalamada istifadə etmək üçün yüksək keyfiyyətli toxum alınmasına, törədici-seçici-stimuləedici kimi istifadə edilməsinə, bununla da bir çox mühüm problemlərin aradan qaldırılmasına nail olmuşdur.

Əgər adi, təbii cütləşmədə naxırda 1 ildə 1 törədici ilə ən yaxşı halda, ən çoxu 20-25 inək mayalamaq mümkün olursa, dondurulmuş toxumla aparılan süni mayalamada "Bəşirov metodu"nu və hörmətli alimimizin işləyib hazırladığı yeni, orijinal texnologiyaları tətbiq etməklə, 25000 camış və inək mayalamaq mümkündür. Əvvəldə qeyd etdiyimiz 1000 dəfəlik artım da bax, bundan irəli gəlir. Bu nəticə elmdə, təcrübədə inqilab deyilmi?!

XX yüzilliyin ortalarında işlənib hazırlanmış bu orijinal, mütərəqqi metod bu gün də dünyanın heyvandarlıq təcrübəsində geniş istifadə edilir və çox böyük uğur gətirir.

lll

E.Bəşirov 1926-cı ilin dekabrın 20-də Neftçala rayonunun Xolqarabucaq kəndində doğulmuşdur. Atası Balaməmməd kişi ailəsini halal zəhmətlə, heyvandarlıqla, əkinçiliklə, ovçuluqla, balıqçılıqla məşğul olmaqla dolandırırdı. Azərbaycan kəndlisinin dolanışığında heyvandarlığın xüsusi çəkisi həmişə böyük olub. Balaməmməd kişi də təsərrüfat adamı kimi qoyun-keçi də saxlayırdı, camış-inək də. Bərəkət dolu süfrəsində camış südü, qatığı, yağı həmişə bol olardı. Balaməmməd kişinin ata-babaları əslən Şirvandan idilər. Babası Hacı Səməd Şeyx Hacı İsmayıl oğlu din xadimi və Şamaxının qazısı olub. Məlum Şamaxı zəlzələsindən (1859-cu il) sonra Hacı Səməd qohum-qardaşı ilə birgə köçüb Xolqarabucaqda məskunlaşıb. Yeri gəlmişkən, onu da qeyd edək ki, əvvəllər 1859-1900-cü illərdə Xolqarabucaq kəndi Camışçılar kəndi adlanırdı. Əhali camışçılıqla, balıqçılıqla məşğul olurdu. Camışçılıq bu bölgədə əsas təsərrüfat sahəsi kimi inkişaf tapıb. Bölgədə bu əsas zəmin üzərində də istər seleksiya damazlıq, istərsə də saxlama-bəsləmə, məhsul istehsalı baxımından özünəməxsus ənənələr yaranmışdır, elə indi də belədir.Təbii ki, belə bir mühitdə, şəraitdə böyüyən uşağın da təfəkkürü bu istiqamətdə formalaşacaqdır. Kür, Akkuşa çaylarının kənarlarındakı çəmənliklər, güllər, çiçəklər gen düzlər, bağ-bağatlardakı ağaclar, balaca Eyyubu riqqətə gətirirdi. Quzuları otardıqca bu güllərdən dəstə bağlayıb, nənəsinə aparardı. Sədəf nənə də hər gülün, çiçəyin, otun adını deyər, bir-bir hamısını uşağa tanıtdırar, onlar barədə müxtəlif rəvayətlər danışar, həm də bəzilərinin nəyə xeyirli olduqlarını da deyərdi. Hər dəfə quzu nobatından qayıdan nəvəsinə həmin otlardan dəmlədiyi çaydan verərdi ki, yorğunluğu tez çıxsın. Səhər-axşam camışları sağar, sağdığı süddən isti-isti, elə oradaca, birbaşa vedrədən balaca Eyyuba içirərdi.

Hər gün işdən-gücdən sonra nənə nəvəsiynən çay içə-içə söhbətləşər, ona dediyi nağıllarla, dastanlarla doğma torpağa, yurda məhəbbət, elmə, biliyə, təhsilə həvəs aşılayardı.

1933-cü ildə Eyyub Bəşirov əmisi Məşədi Mirzə Heybət kişinin Xolqarabucaqda 1928-29-cu tədris ilində açdığı orta məktəbin birinci sinfinə gedir 1942-ci ildə həmin məktəbin 9-cu sinfini bitirir.

Eyyub müəllimin erkən gənclik illərinin müharibə dövrünə düşməsi təhsilinin sürəkli davam etməsinə mane olur. O, atasının rəhbərlik etdiyi fermada müharibəyə getmiş çobanları əvəz edir, 1941-1943-cü illərdə İ. V. Stalin adına kolxozda çoban işləyir. 1943-cü illərdə Salyan rayonundakı Pedaqoji Texnikumda qiyabi təhsil alır. Elə həmin ildən 1945-ci ilin sentyabrınadək Xoltəzəkənd və Xolqarabucaq kənd məktəblərində müəllimlik edir.

Eyyub Bəşirov 1945-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Zootexnika fakültəsinə qəbul olunur. 1947-ci ildə ikinci kursu başa vurduqdan sonra Eyyub Bəşirov əlaçı tələbə kimi K.A.Timiryazev adına Moskva Dövlət Kənd Təsərrüfatı Akademiyasının Zootexnika fakültəsinin üçüncü kursuna köçürülür.

Bu ali təhsil ocağının Eyyub Bəşirovun dünyagörüşünün formalaşmasında, elmi baxışlarının itiləşməsində, elmə, elmi tədqiqatlara marağının artmasında, ilk vaxtlarda rus dilini heç bilmədiyi halda sonralar ona mükəmməl səviyyədə yiyələnməsində misilsiz rolu olub.

Qaynar tələbəlik həyatı onun elmi fəaliyyətinə böyük təkan verir. Eyyub Bəşirov elmi dərnəklərdə, tələbə elmi cəmiyyətlərində fəal iştirakçıya çevrilir. Akademiyanın iribuynuzlu heyvanlar, atçılıq və yemləmə kafedralarında təşkil edilmiş dərnəyin heç bir tədbirindən qalmırdı. O, burada elmi məruzələri, öz tədqiqatları, araşdırmaları ilə diqqəti cəlb edərək özünü perspektivli tələbə kimi göstərir. Akademiklər Nikolayev, Liskun, Popov, professorlar Vitt, Kislovski kimi müəllimlərin, dünya şöhrətli alimlərin böyük rəğbətini qazanır.

Hələ K.A.Timiryazev adına Akademiyada oxuyarkən Eyyub Bəşirovun elmi tədqiqat işlərinə, elmi həvəsini görən və ona böyük ümid bağlayan akademik Firuz Məlikov gənc tələbə ilə müntəzəm məktublaşır, lazımi tövsiyələrini, məsləhətlərini verirdi.

1950-ci ildə K.A.Timiryazev Akademiyasını uğurla bitirib alim-zootexnik adı alır və təyinatla Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutuna işə göndərilir. O, burada 1950-ci il aprel ayının 27-dən noyabrın 30-dək qoyunçuluq şöbəsində kiçik elmi işçi kimi çalışır.

Akademiyanı bitirən kimi də akademik Firuz Məlikov və professor Ağaxan Ağabəyli onu Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun qoyunçuluq şöbəsinə kiçik elmi işçi vəzifəsinə dəvət edirlər.

50-ci illərin əvvəllərində həmin institutda, məhz həmin şöbədə, nəinki Azərbaycan, ümumən Qafqaz xalqlarının heyvandarlıq, daha doğrusu qoyunçuluq sahəsində yeni səhifə açıldı. Akademik Firuz Məlikovun rəhbərliyi və metodikası əsasında yeni yağlı quyruqlu, yarımzərif, yarımqaba yunlu yeni cins qoyun qrupunun yaradılmasına başlanmışdı. Eyyub Bəşirov da bu böyük elmi tarixi səhifənin başlanğıcından onun iştirakçısı, yaradıcılarından biri oldu. O kiçik elmi işçi kimi həmin mövzunun cavabdeh icraçısı idi.

1950-ci ilin dekabrından E.Bəşirovun həyatında yeni bir mərhələ başlayır.

(Ardı var)

Əfqan MƏMMƏDOV

 





02.09.2015    çap et  çap et