525.Az

"ASAN xidmət"in fəaliyyəti genişləndirildi


 

PREZİDENT İLHAM ƏLİYEV AZƏRBAYCANDA DÖVLƏT XİDMƏTLƏRİNİN GÖSTƏRİLMƏSİNDƏ ŞƏFFAFLIĞIN ARTIRILMASI İLƏ BAĞLI MÜHÜM FƏRMAN İMZALADI

"ASAN xidmət"in fəaliyyəti genişləndirildi<b style="color:red"></b>

Prezident İlham Əliyev "Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında" fərman imzalayıb. Sənəd həm sadə vətəndaşlar, həm də sahibkarlar üçün yeni elektron xidmətlərin tətbiqini nəzərdə tutur.

Fərmana əsasən yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi üçün arayışın "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (İAMAS) və digər informasiya sistemlərinin məlumatlarından istifadə edilməklə, elektron qaydada tərtib edilməsi, arayışın vətəndaşların şəxsiyyət vəsiqəsi əsasında və əlavə heç bir sənəd tələb edilmədən hazırlanması və arayışın vətəndaşın müraciət etdiyi gün təxirə salınmadan verilməsi təmin edilməlidir.

Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini təmin etmək məqsədi ilə İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə "Elektron lisenziya" portalının yaradılmasını təmin etməlidir.

"ASAN xidmət" mərkəzlərində dövlət orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və cavablandırılması, taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi, taksi minik avtomobilləri ilə sərnişin daşınmasını həyata keçirən sadələşdirilmiş vergi ödəyicilərinə məxsus nəqliyyat vasitəsinə "Fərqlənmə nişanı"nın verilməsi təmin edilməlidir.

Fərmana əsasən, Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi səyyar xidmətdən daxil olan vəsaitin işçilərin sosial müdafiəsinin gücləndirilməsinə və maddi təminatının yaxşılaşdırılmasına yönəldilən hissəsini müəyyən etmək, mərkəzlərdə xüsusi notariusların fəaliyyətinin təşkili ilə bağlı müqavilələr bağlamaq və xüsusi notariuslar tərəfindən tutulan haqların Dövlət Agentliyinin xüsusi hesabına köçürülən hissəsini müəyyən etmək səlahiyyətləri də verilib.

Dövlət Agentliyinin dövlət orqanlarının informasiya sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirmələr aparmaq və nəticəsi barədə arayışlar, hesabatlar hazırlamaq da əlavə edilib. Daxili İşlər Nazirliyi bir ay müddətində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın formasını müəyyən etməli, bununla bağlı xidmətin "ASAN xidmət" mərkəzlərində və Nazirliyin qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumlarında həyata keçirilməsini təmin etməlidir. Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğulara baxılması zamanı yaşayış yeri üzrə qeydiyyata dair məlumatların və digər zəruri informasiyanın elektron qaydada mübadiləsini Daxili İşlər Nazirliyi ilə birlikdə təmin etməlidir.

Nəqliyyat Nazirliyi isə taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi və taksi minik avtomobillərinə "Fərqlənmə nişanı"nın verilməsi xidmətlərinin "ASAN xidmət" mərkəzlərində həyata keçirilməsini təmin etməli, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi taksi minik avtomobillərinin xarici tərtibatına və texniki göstəricilərinə dair tələblərin sadələşdirilməsi üçün müvafiq tədbirlər görməlidir.

Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi dövlət xidmətlərinin həyata keçirilməsi üçün zəruri olan informasiya sistemləri və ehtiyatlarının saxlanmasını və məlumatların şəxsin fərdi identifikasiya nömrəsi əsasında mübadiləsini həyata keçirən müvafiq infrastrukturun yaradılması ilə bağlı tədbirlər görməli, dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi qaydaları, elektron xidmətlərin təşkili və göstərilməsi üçün zəruri informasiya mənbələrinin müəyyənləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Prezident Administrasiyası taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi məqsədi ilə normativ hüquqi aktlarda dəyişikliklər edilməsi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Elektron xidmətlər müasir dövrdə ictimai həyatın bütün sahələrinin, eləcə də iqtisadiyyatın və sahibkarlığın inkişafında mühüm rol oynayır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xüsusi razılıq (lisenziya), sertifikat və digər sənədlərin verilməsi prosedurlarının elektronlaşdırılması sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən işlərin səmərəliliyini daha da artıracaqdır.

Dövlət başçısının imzaladığı son fərman "ASAN xidməti"in fəaliyyətinin genişləndirilməsi, şəffaflığın artırılması, rüşvətxorluğun qarşısının alınması baxımdan vacib olmaqla yanaşı, eyni zamanda xidmətlərdə zaman və proseduraların kəskin qısaldılmasına səbəb olacaq. Bəs, yeni fərman nələr vəd edir?

Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev hesab edir ki, dövlət başçısı İlham Əliyevin imzaladığı son fərman Azərbaycanda korrupsiyaya qarşı mübarizənin tərkib hissəsi olmaqla yanaşı "Elektron hökumət" quruculuğu sahəsində inkişafa hesablanan növbəti addımdır: "Fərmanın əsas mahiyyəti əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, operativliyin artması, məmur-vətəndaş əlaqələrinin minimuma endirilməsi və korrupsiyaya qarşı mübarizənin yeni mərhələyə keçməsindən ibarətdir. Azərbaycan Prezidenti hər zaman qeyd edib ki, bizim əsas vəzifəmiz Azərbaycan xalqına ləyaqətlə xidmət etməkdir. Növbəti fərman da bu xidmətin əyani sübutudur. Bir qaydada hüquqi əsaslarla bu dünyanın mövcud standartlarına uyğun olaraq əhaliyə xidmət göstərilməsi, onların vaxtlarına qənaət etməsi və daha səmərli, faydalı işlərə sərf etməsi üçün şərait yaradılması, eyni zamanda, istədiyi informasiyanı vaxt itirmədən, əsəblərini korlamadan evində oturaraq əldə etmə imkanı qazanması həm də Azərbaycan dövlətinin sosial-iqtisadi inkişafının, qüdrətinin və müasirliyinin göstəricisidir. Bu cür sadələşdirilmiş xidmətlər yaradıldıqca bizim əhali də istər-istəməz hüquqi, informatik biliklərə yiyələnməyə çalışır, dünyagörüşləri daha da artır, qabaqcıl texnoloji yeniliklərə maraq göstərirlər. Bu da vətəndaşlarımızın həm həyat səviyyəsi, həm də mədəni-intellektual səviyyəsinin qalxmasına gətirib çıxarır".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov bildirib ki, sənəd sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini reallaşdıracaq: "Bu məqsədlə "Elektron lisenziya" portalı yaradılacaq. Bu portal "Elektron hökumət"in əsas komponentlərindən biri kimi çıxış edəcək. Bu isə o deməkdir ki, xüsusi razılıq tələb edən fəaliyyət ilə məşğul olmaq istəyən sahibkarlar bundan sonra lisenziya almaq üçün nə uzun-uzadı növbəyə duracaq, nə də çoxlu sənəd toplamağa ehtiyac duyacaq. Sahibkarlar elektron portala müraciət etməklə qısa zamanda lisenziya, sertifikat və digər sənədləri əldə etmək imkanları qazanacaqlar. Portal sahibkarlara yalnız qısa müddətdə deyil, hətta cüzi xərclər ilə sənədləri əldə etmək imkanları verəcək".

V.Bayramov əlavə edib ki, fərman eyni zamanda vətəndaşların arayış almaq problemini həll edəcək: "Artıq Azərbaycan vətəndaşları sadəcə şəxsiyyət vəsiqəsi ilə arayışları ala biləcəklər. Bunun üçün də çox qısa zaman tələb ediləcək. Elektron bazada bütün məlumatların yerləşdirilməsi imkan verəcək ki, çox qısa zamanda sistem vətəndaşın bütün məlumatlarını görüb, onun istədiyi arayışı çap edə bilsin.

Beləliklə, ASAN xidmətin səlahiyyətləri genişləndirilməkdə davam edir. Bu isə, təbii ki, vaxta və hətta pula qənaət edilməsi deməkdir".

Ceyhun ABASOV

 





02.09.2015    çap et  çap et