525.Az

Sərsəng su anbarından təhdid vasitəsi kimi istifadə edilir


 

ELXAN ŞAHİNOĞLU: "SU ANBARININ QƏSDƏN PARTLADILMASI BÖYÜK EKOLOJİ FƏLAKƏT YARADA BİLƏR"

Sərsəng su anbarından təhdid vasitəsi kimi istifadə edilir<b style="color:red"></b>

"Azərbaycan Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını planlaşdırarkən, Sərsəng su anbarının da təhlükəsiz şəkildə nəzarət altına alınması haqqında düşünmək məcburiyyətindədir. Çünki Sərsəng su anbarının qəsdən partladılması ətrafda böyük ekoloji fəlakət yarada bilər". Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.

O xatırladıb ki, xarici işlər naziri Elmar Məmmədyarov avqustun 25-də Bakıda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) "Azərbaycanın sərhəd rayonlarının əhalisinin sudan məhrum edilməsi" mövzusunda məruzəçisi Milisa Markoviçi qəbul edərək danışıqlar aparıb: "Məmmədyarov görüşdə deyib ki, Sərsəng su anbarının işğal altında qalması ətrafda yaşayan insanların və kənd təsərrüfatının su ilə təminatına imkan vermir. Nazir bildirib ki, Ermənistan Sərsəng su anbarından təhdid məqsədilə istifadə edir, yaz aylarında anbarı açaraq ətraf ərazilərin su altında qalmasına şərait yaradır, suya ehtiyac duyulan isti aylarda isə onun istifadəsinə imkan vermir".

AŞPA nümayəndəsinin kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevlə də görüşdüyünü xatırladan E.Şahinoğlu bildirib ki, bu görüşdə də Sərsəng su anbarından danışılıb: "Nazir müavini bildirib ki, Sərsəng su anbarının işğal edilməsi nəticəsində uzun illərdən bəri Tərtər, Bərdə, Ağdam, Goranboy, Yevlax və Ağcabədi rayonlarına suvarma suyunun verilməməsi bu regionun iqtisadiyyatına hər il əvəzolunmaz zərər vurur".

Politoloq qeyd edib ki, Milisa Markoviç topladığı materiallar əsasında sərhədyanı bölgələrdə yaşayan sakinlərin qəsdən sudan məhrum edilməsi barədə AŞPA-nın iclasında məruzə edəcək: "Sərsəng su anbarı ilə vaxtilə ATƏT-in Minsk Qrupu həmsədrləri də məşğul olub. 2014-cü ilin mayında həmsədrlər bölgəyə səfərlərinin yekunu olaraq bəyanat hazırlayıblar. Həmsədrlər bəyanatlarında xüsusi bir təkliflə də çıxış ediblər: Tərəflər işğal altında qalan Sərsəng su anbarının birgə istifadəsi ilə bağlı razılıq əldə etsinlər".

E.Şahinoğlu hesab edir ki, rəsmi Bakı bu təklifə müsbət yanaşa bilməzdi: "Çünki Azərbaycan hakimiyyəti Dağlıq Qarabağın separatçı liderləri ilə dialoqa getmir. Rəsmi Bakı yalnız Ermənistanla sülh sazişi imzalandıqdan sonra Dağlıq Qarabağın erməni icmasının rəhbərliyi ilə müzakirə apara biləcəyini dəfələrlə bəyan edib. Ona görə də, sülh sazişi imzalanmadan rəsmi Bakının Sərsəng su anbarının birgə istifadəsi ilə bağlı Dağlıq Qarabağla danışıqlar aparacağı real deyil. Rəsmi Bakı həm də ondan ehtiyat edir ki, Sərsəng su anbarının birgə istifadəsi ilə bağlı razılaşma əldə olunsa, İrəvan bu faktoru Bakının faktiki Dağlıq Qarabağın rəhbərliyini tanıması kimi tədqim edəcək. Buna baxmayaraq, həmsədrlər AŞPA nümayəndəsinin hesabatına əsaslanaraq yenidən Sərsəng su anbarının birgə istifadəsi məsələsini aktuallaşdıra bilərlər. Ancaq rəsmi Bakının mövqeyi dəyişməyəcək. Sərsəng su anbarı yalnız sülh sazişi imzalandıqdan sonra birgə istifadə üçün müzakirə predmeti ola bilər. Rəsmi Bakının həmsədrlərdən sadəcə istəyi bu ola bilər ki, onlar Dağlıq Qarabağın separatçı liderlərinə təsir etsinlər ki, Sərsəng su anbarından Azərbaycan rayon və kəndlərinə qarşı təhdid vasitəsi kimi istifadə edilməsin".

Ceyhun ABASOV

 





02.09.2015    çap et  çap et