525.Az

"Əsas günahkar ABŞ-dır"


 

QABİL HÜSEYNLİ: "BİRLƏŞMİŞ ŞTATLAR İRAQDAN QOŞUNLARINI ÇIXARMASAYDI HADİSƏLƏR BU MƏCRADA İNKİŞAF ETMƏZDİ"

"Əsas günahkar ABŞ-dır"<b style="color:red"></b>

"Dünyada qeyri-sabit şərait hökm sürür. Vəziyyət günü-gündən pisləşir. Bunun günahkarları çoxdur. Əsas miqrant axınını yaradan rejimlərdən birini Bəşər Əsəd idarə edir". Bu sözləri politoloq Qabil Hüseynli deyib.
 
O bildirib ki, İraqda da vəziyyətin qeyri-müəyyənliyi miqrant axınına təkan verir. Politoloqun sözlərinə görə, İŞİD terror qruplaşması da Yaxın Şərqdə siyasi-iqtisadi və hərbi böhranı dərinləşdirməyə davam edir.
Q. Hüseynli hesab edir ki, bu problemlərin yaranmasında Avropa dövlətlərinin günahı çox da böyük deyil:

"Əsas günahkar ABŞ-dır. Birləşmiş Ştatlar İraqdan qoşunlarını çıxarmasaydı hadisələr bu dərəcəyə məcrada inkişaf etməzdi. ABŞ prezidenti Barak Obama heç də uzaqgörənlik etməyərək vəziyyətin stabilləşməsini gözləmədən qoşunlarını oradan çıxartdı". Politoloq vurğulayıb ki, İraqda vəziyyəti qarışdıran qüvvələrin Bəşər Əsədlə İran rejiminin olduğu artıq təsdiqlənib: "İraqdakı partlayışları törədən kamikadzelər İran təlimatçılarının köməyi ilə Suriyada hazırlanırlar. Bu rejimin qorunub saxlanılmasına İran təkid edir və Rusiya ilə birlikdə yaxından köməklik göstərir. Yəni, burada hər iki ölkəni təqsirləndirmək olar ki, dünyadakı sabitsizlik və iqtisadi böhranda onların həlledici rolu var. Sağa-sola edilən hücumlar və təhdidlər və ən nəhayətində Ukrayna müharibəsi Qərb ölkələrinin narahatlığına səbəb olaraq iqtisadi sanksiyaların tətbiqinə səbəb olub və dünyada formalaşmış iqtisadi əlaqələrin pozulmasına təkan verib.

Hazırda dünyada neftin qiymətinin də aşağı düşməsi əksər ölkələrin iqtisadiyyatına təsir edir. Eyni zamanda, istehsal prosesinin azaldığının şahidiyik. Bütün bunlar dünyadakı qarşıdurmalarla qırılmaz sürətdə bağlılıq təşkil edir. Ən başlıcası isə Yaxın Şərqdəki proseslərin nizama salınması və əhalinin öz ölkələrinə qaytarılmasını təmin etmək üçün orada təhlükəsiz həyat şəraitini bərpa etmək lazımdır. İnsanlar dəhşətdən, qorxudan, aclıqdan qaçırlar. Ona görə də, həmin insanlar üçün normal şərait yaratmaq lazımdır. Burada ABŞ-ın üzərinə böyük məsuliyyət düşür. Çünki Rusiya və həmçinin İran bu cür məsələlərə soyuqqanlı yanaşır. Suriyada sabitliyi bərpa etmək üçün Bəşər Əsədi hakimiyyətdən götürmək kifayət edir.

Eyni zamanda, Suriyanın daxili işlərinə müdaxilə etməmək lazımdır. İraqda stabilik yaratmaq üçün orada sünni azlığının hüquqlarını qorumaq vacibdir. Səddam Hüseyn sünni təriqətinə mənsub olduğu üçün onun vaxtında şiələrə qarşı qatı ayrı-seçkilik hökm sürürdü, indi isə tamam əksinə olaraq sünnilər sıxışdırılırlar. Yəni, ölkədə ədalətli mühit yaratmaq lazımdır. Eləcə də, dövlətin daxili işlərinə qonşu ölkələrin qarışmasının qarşısı alınmalıdır. Belə olan halda miqrantların sayı azalacaq, ölkə özündə güc taparaq inkişafını təmin edəcək".

Ceyhun ABASOV

 





02.09.2015    çap et  çap et