525.Az

"Trend" agentliyinin 20 yaşı tamam oldu


 

EMİL HÜSEYNLİ: "TREND AZƏRBAYCANLA BAĞLI HƏQİQƏTLƏRİ DÜNYANIN ƏN NÜFUZLU MEDİA ORQANLARININ OXUCULARINA ÇATDIRIR"

"Trend" agentliyinin 20 yaşı tamam oldu<b style="color:red"></b>

Dünən, sentyabrın 1-də müstəqil Azərbaycanın ilk informasiya agentliklərindən olan Trend-in 20 yaşı tamam olub.

1995-ci ilin bu günündə ərsəyə gələn agentlik artıq uzun müddətdir Azərbaycan ictimaiyyətini informasiya ilə təmin edir.

Qeyd edək ki, “Trend” İnformasiya Agentliyi bu gün xaricdə ən çox oxunan və tanınan yerli agentlikdir.

Agentliyin baş redaktor müavini Emil Hüseynli bu pilləyə necə çatmaları ilə bağlı Modern.az-a danışıb:

"Ümumiyyətlə, 1995-ci ildən sonra Azərbaycan dövlətinin prioritet fəaliyyətlərindən biri də ölkəni informasiya blokadasından çıxarıb, daha çox dünya media bazarına inteqrasiya etmək idi. “Trend” İnformasiya Agentliyi də Azərbaycanı, regionda baş verən prosesləri dünya media bazarında tanıtmaq üçün fəaliyyətə başladı və bu istiqamətdə ardıcıl, düşünülmüş siyasət həyata keçirdi. Ötən 20 il ərzində “Trend”in gördüyü işləri və nəyə nail olduğu barədə geniş danışmaq istəmirəm. Bircə onu qeyd edə bilərəm ki, biz Azərbaycan dövlətinin mediaya, söz və məlumat azadlığına yaratdığı şəraitdən istifadə edərək, xarici və daxili bazarda möhkəmləndik, dünyada, regionda söz sahibinə çevrildik. Trend İnformasiya Agentliyində çalışan jurnalistlərin səviyyəsi elə vəziyyətə çatıb ki, dünya mediası bu jurnalistləri qəbul edir, tanıyır. Əvvəllər dünya mediasında Trend-in xəbərləri yayılırdısa, indi agentliyimizin jurnalistlərinin məqalələri dərc edilir.

Trend Azərbaycanla bağlı həqiqətləri dünyanın ən nüfuzlu media orqanlarının oxucularına çatdırır. “Trend”in məlumatları dünyanın nüfuzlu şirkətləri tərəfindən pulla alınır. Dünyada media biznesi belə işləyir və bu cür biznes şəbəkəsinə düşməsən, dünyanın nüfuzluları səni görmür. Biz özümüz bilirik ki, bunun üçün neçə illər əmək sərf etdik, jurnalistləri müəyyən səviyyəyə qaldırmaq üçün nə qədər maliyyə yatırtdıq ki, “Trend”i o mühit qəbul etsin. Və biz artıq oradayıq. Azərbaycan həqiqətlərini orada görürlər. “Trend” hələ 2006-cı ildə bütün nişanlarını qeydiyyatdan keçirib. Biz hələ 2007-ci ildə məşhur "Moody's International" şirkətinə müraciət etdik ki, bizim ofisdə səviyyəli menecerlər işi qursunlar. Bir ildə ofisin işini tamamilə dəyişdik. Bundan sonra 2008-ci ildə "Moody's International" “Trend”ə keyfiyyət sertifikatı təqdim etdi. Şirkət o vaxtdan “Trend”in menecment sisteminin ISO 9001-2000 tələblərinə cavab verdiyini tanıyıb. Bu da o demək idi ki, agentlikdə işin təşkili beynəlxalq standartlara uyğunlaşdırıldı. Bu, bizdə daha çox məsuliyyət yaradıb ki, işimizdə peşəkar olaq. Lakin hələ də görüləsi işlərimiz çoxdur".

Baş redaktor müavini nəhəng agentliyin 20 illik yubileyinin o qədər də parlaq, təmtəraqlı sürətdə  keçirilməməsinə, portalların bu haqda o qədər də çox yazmamasına  bu cür aydınlıq gətirib:

 "Bizim üçün önəmlisi oxucunun, tərəfdaşlarımızın verdiyi qiymətdir. İşimizin başındayıq. İstəsəydik “Trend”in 20 illiyi bütün portallarda və sosial şəbəkələrdə müzakirə edilərdi. Biz öz yaşımızı ictimailəşdirmirik və kollektiv daxilində uğurlarımızı qeyd edirik. Hərənin seçdiyi bir yol var, Trend də bu yolu seçib".

E. Hüseynli gələcək planlar haqqında danışarkən “Trend” İnformasiya Agentliyində yeni layihələrin olacağını da vurğulayıb: "Sözsüz ki, inkişaf olan yerdə yeni layihələr həyata keçirilməlidir. Əsas istəyimiz oxucu məhəbbətini qazanmaq, Azərbaycanda, regionda baş verən proseslərin yayımçısında birincilər sırasında olmağımızı qoruyub saxlamaqdır. Dünyanın media elitasında yerimizi möhkəmləndirməkdir".

"525-ci qəzet"in kollektivi yubileyləri münasibəti ilə "Trend" agentliyinin kollektivini təbrik edir, onlara daha böyük uğurlar arzulayır.

 





02.09.2015    çap et  çap et